18 saatlıq mücadilə

11 ayın sultanı - Ramazan qonağımızdır
İlahi rəhmətin bol-bol ehsan edildiyi bir ayın içindəyik artıq. 11 ayın sultanı - Ramazan qonağımızdır. Uca Rəbbimizin bizlərə ehsan etdiyi saya gəlməz nemətlər arasında möhtəşəmliyi, əzəməti ilə seçilən və bizləri Cəhənnəm atəşindən qoruyacağına qərar verilmiş bu ayı fəzilətlərinə uyğun qarşılayıb, yola salmağımız artıq özümüzdən asılıdır. Elə edə bilərik ki, bu ayda Allah-təala bizlərdən razı qalar və Onun vacib buyurduğuna əməl etdiyimiz üçün mükafatımızı verər. Amma Rəbbin əmrinə tabe olmayacağıqsa, Ondan hansı üzlə, hansı haqla bağışlanmaq, verdiyi nemətləri tamamlamasını istəyə bilərik?!
Ramazan ayı bizim üçün bir fürsətdir: insanın qəlbinin nurlanması, paklaşması, xeyirxah əməllər ardınca qaçması, daxilən saflaşması və nəticə olaraq Rəbbinə yönəlməsi yolunda.
Məlumdur ki, oruc tutmaq islamın 5 vacib şərtindən biridir. Oruc nəfsi islah edən, qəlblə birgə bədəni də fənalıqlardan qoruyan bir ibadətdir. Oruc ibadətlərin ən zəhmətlisi, ən məşəqqətlisidir. Buna görə də Rəbbimiz buyurur: Oruc mənim üçündür! Onun mükafatını Mən verirəm. Bizə düşən Qadir və Şəriksiz Uca Allahın vədinə qəlbən inanmaq, çəkilən zəhmət müqabilində qat-qat artıq mükafatlanacağımıza sarsılmaz inama sahib olmaqdır.
Nəfslə mübarizə
Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının Fətvasına əsasən bu gün mübarək Ramazan ayının birinci günüdür. Ramazan orucunu tutmağa hazırlaşanlar artıq niyyətlərini ediblər və orucludurlar. Bütün Ramazan ayı üçün bir dəfə "niyyət etdim Ramazan ayını oruc tutmaq üçün, qürbətən iləllah” demək də olar, hər axşam növbəti günün orucu üçün ayrıca niyyət etmək də olar. Hər gün sübh açılanadək, imsaq vaxtı hələ yetişməmiş oruc niyyətini təzələmək mümkündür. Belədə "Allahım, bu günün orucunu tutmaqda mənə kömək ol” deyilə bilər.
Artıq neçə ildir ki, mübarək Ramazan ayı yay fəslinə düşür və bunu da imanlı şəxslər özləri üçün əsl imtahan kimi qəbul edir, yay aylarında oruc tutmaq daha çətin olduğundan onun Allah yanında mükafatının da üstün olacağına ümid edirlər. Ramazan ayı iyunun 7-dən iyulun 6-na kimi (təzə ayın görünməsindən asılı olaraq) davam edəcək. Bu il də Ramazan yayın ən uzun günlərinə təsadüf edir və nə az, nə çox, tam 18 saat davam edəcək (təxminən saat 03:00 radələrində imsaq vaxtı başa çatır, iftar isə hardasa 20:30-dadı). Günün 24 saatının 18-ni oruclu halda qalmaq əlbəttə ki, insandan böyük iradə və səbr tələb edir. 18 saat nəfslə mücadilə aparmaq - yeməkdən, içməkdən imtina etmək, ən əsası isə mənəviyyatı tərbiyə etmək yolunu tutmaq - yalan, pis söz danışmamaq, qeybət etməmək, bədənə oruc saxlatdırdığın kimi, qəlbinə, ağzına, qulağına da orucu sevdirmək təbii ki, asan deyil, lakin mümkündür. Birinci növbədə, Allaha sığınmaqla, məhz Ondan və yalnız Ondan kömək, səbr diləməklə etdiyimiz oruc niyyətini başa vura bilərik. Əziz və Cəlil Allah bəndələrinə qarşı çox mərhəmətli və duaları Qəbul Edəndir.
Yağlı qidalardan çəkinin
Türkiyənin Mardin Dövlət Xəstəxanasının baş həkimi Oqtay Balgün oruclu şəxslərə yay mövsümü olduğunu nəzərə alıb sahur və iftarda ağır qidalar qəbul etməməyi tapşırır. Həkim məsləhət görür ki, yağlı, qızardılmış qidaları, tort və şirniyyatı, ümumiyyətlə, menyudan çıxarsınlar.
Baş həkimin məsləhəti budur ki, ağır və çox yağlı yeməklər əvəzinə asan həzm olunan yağsız ət, göyərti və ya ətli tərəvəz yeməkləri, həmçinin həzmə kömək edən lifli qidalar qəbul edilməlidir.
Mütəxəssis sahura mütləq qalxmağı tövsiyə edir:
- Normal insan orqanizmi gün ərzində ən azı 2-2,5 litr su qəbul etməlidir. Orqanizmin suya tələbatını ödəmək üçün sahura mütləq qalxmaq və güclü səhər yeməyi əvəzinə, yüngül və su normasını ödəyə biləcək qidalar qəbul edilməlidir.
Sahurda - yəni imsaq vaxtına qədər (sübh azanına 5-10 dəqiqə qalmışadək) yemək zamanı çalışmaq lazımdır ki, gün ərzində orqanizmi təmin edə biləcək, qana tez qarışmayan qidalar qəbul edilsin. Çünki sahurla iftar arasında təxminən 18 saat vaxt keçəcək. Səhər yeməyi elə qəbul edilməlidir ki, iftaradək orqanizm gücdən düşməsin, qəbul edilən qida sayəsində insan gün ərzində aclıq və susuzluğu mümkün qədər az hiss etsin.
Sahur
Bunun üçün də sahurda mütləq 1-2 parça (daha yaxşı olar ki, taxıl çörəyi) çörək, az yağlı qatıq, bal, süd, pendir, yumurta, yüngül şorbalar, pomidor-xiyar salatına, meyvə, meyvə şirəsinə yer verilməlidir. Bu qidalar həm yüngüldür, həm də kalorili hesab edilir. Sahur yeməyində çox şirin və duzlu qidalara qətiyyən yer vermək olmaz. Çünki onlar orqanizmin suya tələbatını artırır.
İftar
İftar süfrəsində mütləq ilk növbədə şorbalara yer verilməlidir. İftarı bir qədər ilıq su və ya ilıq çayla və 1-2 ədəd xurma ilə açmaq hər zaman məsləhət görülür. İftarı xurma ilə açmaq həm əziz peyğəmbərimizdən bizlərə bir tövsiyədir, həm də xurma həqiqətən çox faydalı qidadır. Xurma üçün belə deyilir: həm meyvədir, həm dərmandır, həm sudur, həm şirniyyat. İftarı açdıqdan sonra orta ölçüdə bir kasa şorba içmək, tərəvəz salatı ilə azacıq pendir yemək, bir qədər ara verildikdən sonra isə əsas yeməyə keçmək məsləhətdir. Burada da yenə ağır yeməklərə deyil, yüngül, həzmə ağırlıq verməyən qidalara üstünlük verilməlidir:
- İftarda yağsız və ya az yağlı yeməklər, qızardılmış, qovrulmuş ət əvəzinə buğda bişmiş ət, balıq əti, buğlama yeməkləri qəbul edilməlidir. Mümkün qəbizliyi önləmək üçün lifli qidalar - əsasən xurma, paxlalı bitkilər, göyərti, meyvələrə üstünlük verilməlidir. Oruc müddətində mədə uzun müddət boş qaldığından birdən-birə çoxlu qida qəbulu mədəyə ağrı verə, ürək-damar sistemində problem ortaya çıxara, qan təzyiqinin artmasına səbəb ola bilər. Bunları önləmək üçün iftarda yavaş-yavaş, qidanı çox çeynəyərək və az miqdarda qəbul etmək lazımdır.
Meyvə və meyvə şirələrindən bol-bol istifadə
Baş həkim nə sahur, nə də iftar zamanı şirniyyat və yağlı tortları məsləhət görmür. Bu qidalar həm mədəyə ağırlıq verir, həm də susuzluğu artırır. Sahurda da, iftarda da şirniyyatı meyvə və meyvə şirələri ilə əvəzləmək məsləhətdir. Çünki meyvənin tərkibində təbii şəkər var ki, bu da çox faydalıdır. Sahuru da, iftarı da meyvə ilə bitirmək məsləhətdir. Sahur və iftar zamanı gün ərzində insanın daha az hərəkətli olduğu vaxtlardır. Oruclular sahurdan sonra yatmağa üstünlük verir, iftardan sonra da ənənəvi yatmaq zamanı gəlir. Ona görə də qida qəbul edilərkən bu amil də nəzərə alınmalıdır. Sahurdan sonra dərhal yatağa uzanmamaq, heç olmasa 1 saat oyaq qalmaq məsləhətdir. İftardan sonra qəbul edilən qida tez həzm olunsun deyə, qaçmaq, hansısa idman hərəkətləri etmək də risklidir. Sadəcə, bir qədər gəzişmək, yüngül bir işlə məşğul olmaq qidanın həzminə kömək edir.
Sahurdan sonra mütləq dişləri fırçalayın
Baş həkim oruc zamanı ağız boşluğunun təmizliyinə xüsusi önəm verilməsini bildirir. Sahur yeməyindən sonra dişlərin fırçalanması mütləqdir. Çünki gün ərzində ağız boşluğunda mikroorqanizmlər çoxalır, nəticədə ağız qoxusu getdikcə artır. Buna görə də sahur yeməyindən sonra dişlər mütləq fırçalanmalıdır ki, ağız boşluğunda, dişlərin arasındakı mikroorqanizmlər təmizlənsin. Və onların əmələ gəlməsi üçün şərait olmasın. Çalışmaq lazımdır ki, ağız boşluğu və dişlərin təmizlənməsi işi sübh azanınadək bitsin. Əks halda diş məcunu, yaxud da suyun boğaza çatması orucu poza bilər. Ən yaxşısı budur ki, sahur yeməyi sübh azanına 10-15 dəqiqə qalmış tamamlansın (müddəti hər bir kəs öz hərəkətlərinə sərf edəcəyi vaxta uyğun hesablaya bilər). Bu müddət məhz təmizlik işləri və sübh namazına hazırlıq üçündür.
Allah-təala orucunuzu qəbul etsin.
Bütün müsəlman aləminə mübarək Ramazan ayının başlanması münasibətilə gözaydınlığı verir, oruc tutanlara bu ayı layiqincə başa vurmağı, ibadətlərində səbirli və səmimi olmağı arzulayırıq. Böyük Yaradan özü köməyimiz olsun.
Amin!
Məlahət Rzayeva
Ramazan ayının 1-ci günü
İmsaq : 03:10
Sübh azanı: 03:25
İftar - şam azanı 20:25.
Birinci günün duası:
İlahi! Bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan, gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsl gecə ibadətçilərinin ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq et. Bu ayda günahlarımdan keç, ey aləmlərin Tanrısı. Məni bağışla, ey günahkarları Bağışlayan!