Sadiyə yaşamaq istəyir

3 bacı-qardaşı ağır xəstəlikdən ölüb

   Ağ qan xəstəliyi Afrikada qarşısı alınmayan xəstəliklər arasında ilk sıradadır. Bu xəstəlik hətta koronavirus pandemiyasını da kölgədə qoyub. Nigeriyalı 9 yaşlı Sadiyə də bu xəstəliyin cəngindədir. Sadiyənin 3 bacı-qardaşı bu xəstəlikdən vəfat edib. Sadiyə isə yaşamaq istəyir. “Şərq” “Milliyet.com”a istinadən nigeriyalı Sadiyənin həyat hekayəsini təqdim edir. 

Anemiya (qana oksigen daşıyan hemoqlobin quruluşunun pozulması nəticəsində qırmızı qan hüceyrələrinin getdikcə azalması) Afrika ölkələrindən Nigeriayda daha çox yayılıb. Ölkədə hər il 150 min körpə bu xəstəliklə dünyaya gəlir. Sadiyənin ailəsi də 3 övladını bu xəstəlikdən itirib. Sadiyə özü də anemiya xəstəsidir. Xəstəlik səbəbindən şiddətli ağrıları olur, hərəkət edə bilmir. Sadiyəni digər qardaşları bellərində məktəbə aparıb-gətirirlər. Sadiyə məktəbdə təşkil olunmuş bayram tədbirində iştirak etməliymiş. Lakin o gün qızın ağrıları başlayıb, həkimə getdiklərində anemiya xəstəsi olduğu bilinib. Sadiyənin anası Mariya Haruna “qızımın qara günləri belə başladı, qızım üçün həyat o gün bitdi”, deyir. Ailənin gəliri az olduğundan Sadiyə vaxtında müalicə ala bilmir. Bəzən müalicəsi yarımçıq qalır və qızcığazın ağrıları başlayır. Atası Aliju Haruna pandemiya səbəbindən işini itirib, ailənin dolanışığı bir az da çətinləşib. Haruna ailəsi Sadiyəni də digər övladları kimi itirmək qorxusu ilə yaşayırlar. 

Nigeriyanın Kano şəhərində yerləşən Yoluxucu Xəstəliklər Xəstəxanasının pediatriya klinikasında 7 nəfərlik qrup anemiyalı uşaqları müalicə etməyə çalışır. Ancaq bu, çox çətin işdir. Klinika 18 min uşağa xidmət göstərməlidir. Təqaüdə çıxdıqdan sonra klinikada könüllü olaraq işinə davam edən bir tibb bacısı “anemiya kimsənin vecinə deyil. Səhiyyə sistemi yetərsizdir”, söyləyir.

 2003-2015-ci illər arasında aparılmış araşdırmaya görə, Nigeriyada dünyaya gələn hər 2 körpədən 1-I bu xəstəliklə dünyaya gəlir və 5 yaşına çatmamış vəfat edir. 

Həmin illərdə 35 min uşaq bu xəstəlikdən vəfat edib. ABŞ-dakı Vanderbilt Universitetinin pediatrı Michael R.DeBaun Nigeri həkimlərinin xəstəliklə apardığı mücadiləni dünyaya duyurub. Həkim 10 il əvvəl Nigeriyaya gəlib və pediatriya klinikasının fəaliyyətinə əsaslı yardım edib. Anemiyaya qarşı istifadə edilən dərmanların ölkəyə gətirilməsinə nail olub. Yeni doğulmuş körpələrdə xəstəliyin müəyyənləşməsi üçün klinikaya lazımi avadanlıq gətirilib. Həkim əmindir ki, erkən müayinələr uşaqların həyatını xilas edə bilir. Xəstəliyin qarşısının alınmasının bir yolu da evlənməyə hazırlaşan cütlüklərin anemiya testindən keçməsidir. Ölkədə evlilik öncəsi ibbi müayinə ilə bağlı qanun hazırlanır. Bəlkə də yaxın zamanda bu xəstəliyə qarşı güclü müalicə üsulları tapılacaq. Sadiyə də ovaxtadək yaşamaq istəyir.

  Hələliksə həyətdəki gülləri sulamaqdan zövq alan Sadiyənin bir arzusu var, o da yaşamaqdır!