Litva Prezidenti: Kalininqrad bizim tarixi torpağımızdır!

Litva Prezidenti hazırda Rusiyanın tərkibində olan Kalininqrad vilayətini ölkəsinin tarixi hissəsi adlandırıb.
“Kalininqrad vilayətində Litva mədəniyyəti qorunmalıdır, çünki bu bölgə tarixən Kiçik Litvanın bir hissəsi olub”, - Litva Prezidenti Gitanas Nauseda bildirib.
Bakupost.az xəbər verir ki, Nauseda sosial şəbəkədə yazıb: "Rusiya nə qədər çalışsa da, Karalyauçyus heç vaxt Kalininqrad olmayacaq!".
O, litvalı şair Kristijonas Doneilatisin Kalininqrad vilayətində yerləşən muzeyinin adının dəyişdirilməsinin əleyhinə çıxıb.
"Sonra nə olacaq? "Kitab yandırılacaq?" – Litva prezidenti soruşub. Onun fikrincə, bölgənin əsl sakinlərinin “çoxdan yoxa çıxmasına” baxmayaraq, Kiçik Litvanın oradakı irsini qoruyub saxlamaq lazımdır.
Kiçik Litva Prussiyanın, sonralar Almaniyanın Şərqi Prussiya regionunun tarixi etnoqrafik bölgəsi olub, burada prussiya litvalıları yaşayıblar. Kiçik Litva müasir Kalininqrad vilayətinin ərazisində yerləşirdi. Karalyauçyus Kalininqradın Litva dilindəki adıdır.
2023-cü ilin mayında Litva deputatları Vilius Semeşka və Paulė Kuzmicienė Kalininqrad vilayətinin və şəhərinin adlarının Litva dilinə dəyişdirilməsini təklif edərək, indiki adların “rus hekayəsinin bir hissəsi” olduğunu bildiriblər. Lakin Klaypeda Universitetində bu ideya siyasiləşmiş hesab olunub.