Rusiya məhkəməsi “Google” və “Meta”nı 125 milyon dollar cərimələyib 

“Google” və “Meta” Rusiya məhkəməsi tərəfindən 125 milyon dollar miqdarında cərimələnib.
“Sherg.az” xəbər verir ki, Rusiya məhkəməsi “Google”u ölkədə qadağan olunmuş məzmunu silmədiyinə görə 7,2 milyard rubl (98 milyon dollar) cərimələyib.
Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Agentliyinin “Google”a qarşı qaldırdığı iddianın məhkəməsi paytaxt Moskvanın Taqanski Məhkəməsində keçirilib.
Qeyd edək ki, agentlik tərəfindən “Google”a Rusiya Federasiyasında qadağan olunmuş 16 məlumatla bağlı xəbərdarlıq edilib. Rusiya məhkəməsi, həmçinin, “Facebook” “İnstagram” sosial media platformalarının ana şirkəti olan “Meta”nı qadağan olunmuş məzmunu silmədiyinə görə 1 milyard 990 milyon rubl (27 milyon dollar) məbləğində cərimələyib.
Qadağan olunmuş 2 minə yaxın materialı silmədiyi üçün “Meta”ya qarşı açılan məhkəmə paytaxt Moskvada, Taqanski Rayon Məhkəməsində baxılıb.

Çimnaz ŞAHLAR