“SkyUp” aviaşirkəti Zaporojye - Bakı uçuşlarını dayandırır


 “SkyUp” aviaşirkəti Zaporojye - Bakı uçuşlarını dayandırır
Ukraynanın “SkyUp” aviaşirkəti Zaporojye - Bakı - Zaporojye uçuşlarını dayandırır.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Ukrayna Dövlət Aviasiya Xidmətinin “SkyUp” aviaşirkətinin Zaporojye də daxil olmaqla, üç şəhərdən reys lisenziyasını ləğv etməsidir.

Dövlət Aviasiya Xidməti direktorunun bununla bağlı sərəncamında deyilir ki, aviaşirkətin özü Xidmətə müvafiq ərizə ilə müraciət edib. Beləliklə, aşağı büdcəli aviaşirkət Kiyev, Xarkov, Lvov, Odessa və Zaporojyedən uçuş hüququndan imtina etmək qərarına gəlib.

Aviaşirkət bundan sonra Zaporojye beynəlxalq hava limanından Zaporojye- Bakı - Zaporojye (uçuş tezliyi: həftədə iki dəfə), Zaporojye - İstanbul - Zaporojye (uçuş tezliyi: həftədə dörd dəfə) reysləri üzrə uçuşları həyata keçirə bilməyəcək. Uçuşların ləğv olunmasının səbəbi açıqlanmır.

Ukrayna Dövlət Aviasiya Xidməti 2020-ci ilin sonlarında “SkyUp” aviadaşıyıcı şirkətinə Zaporojye hava limanından hava xətlərinin istifadəsinə icazə verib. Bundan sonra həftədə iki dəfə Zaporojye-Bakı aviareysi həyata keçirilib. Aviareyslərin həyata keçirilməsinə 2021-ci ilin martın 28-dən başlanılıb və məhdudiyyətsiz müddət üçün etibarlı hesab edilib.

Ötən ilin sonunda isə xəbər verilib ki, “SkyUp Airlines” aviaşirkəti dekabr ayında Azərbaycana qeyri-müntəzəm uçuş həyata keçirəcək. Bildirilirdi ki, aviaşirkət Bakı-Kiyev reysi üzrə qeyri-müntəzəm uçuşlar edəcək. Biletlərin qiyməti 8 100 qrivnadan (496 manat) idi. Bu çarter reysi Ukrayna vətəndaşlarını vətənə qaytarmaq üçün təşkil olunmuşdu.