Möcüzə...- Dəfnə aparılan körpə yolda ağladı və dirildi

Türkiyənin Adana bölgəsində qeyri-adi hadisə yaşanıb. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, Adanın Yüreğir əyalətində yaşayan 32 yaşlı Mələk Sərt hamiləliyinin 5-ci ayında sancı və qanama şikayətiylə Yüreğir Dövlət Xəstəxanasına yerləşdirilib. Bir müddət müalicə aldıqdan sonra xəstəxanadan evə buraxılıb. 6 gün sonra qadının vəziyyəti yenidən ağırlaşıb. Qadında erkən doğuş baş verib, 5 aylıq körpə ana bətnindən çıxarılıb.  

Xəstəxana körpənin öldüyünü bildirib və ailəyə ölüm haqqında arayış təqdim olunub. Körpə kəfənlənib və Mələk-Həsən Sərt cütlüyünə təslim edilib. Körpənin atası Həsən Sərt cənazəni Herekli Məhəlləsindəki qəbiristanlığa aparıb. Lakin yolda ağlamaq səsi eşidib. 

Heyrət edən ata cənazəyə yaxınlaşanda ağlamaq səsinin oradan gəldiyini duyub. Kəfəni açanda körpənin tərpəndiyini görüb. Körpənin ürəyi döyünürmüş. Dərhal təcili yardım çağırılıb. Körpə Adana Şəhər Tədris və Araşdırma Xəstəxanasına aparılıb, reanimasiya şöbəsində müalicəsinə başlanılıb. 

Ailə isə Yüreğir Dövlət Xəstəxanasının  verdiyi ölüm haqqında arayışı məhkəməyə təqdim edib. Ailə “bizim körpəmiz sağ ikən ona “öldü” dedilər və qucağımıza verib “aparın, dəfn edin”, dedilər. Diri körpəmizi torpağa göməcəkdik”, deyə xəstəxanadan şikayətçi olublar. Lakin kəfəndən qurtulan möcüzə körpə 6 gündən sonra xəstəxanada vəfat edib. Körpənin ölüm səbəbi araşdırılır. Ailə isə bu fikirdədir ki, körpə kəfənlənməsəydi, bəlkə də yaşayacaqdı. 

Uşaq kəfənlənib deyə nəfəs ala bilməyib, ola bilsin ki, ciyərlərinə hava çatmayıb və ciyərlər funksiyasını itirib.