Yazarlar daha ehtiyatlı olmalı, qaydalara əməl etməlidirlər

2020-ci ilin martından bəri 94 ölkədə koronaviorus infeksiyası nəticəsində ən azı 1940 jurnalist dünyasını dəyişib.
Qeyri-hökumət təşkilatı olan “Press Emblem Campaign (PEC)”in cümə günü Cenevrədə yaydığı hesabatda bildirilib ki, ən çox ölüm faktı Braziliyada (295) qeydə alınıb:
"Daha sonra Hindistan (279), Peru (199), Meksika (122), Kolumbiya (79), Banqladeş (68), ABŞ (67), İtaliya (61), Venesuela (59), Ekvador (51), Rusiya (42), Argentina (46), İran (34) ardıcıllığı davam etdirir.  2021-ci ildə 1400 ölüm faktı qeydə alınıb, 50-dən çox jurnalistin isə ölüm səbəbi araşdırılır". 

Azərbaycanda isə 2020 və 2021-ci illərdə koronavirusa yoluxan jurnalistlərin ümumi sayı 405 nəfərə çatıb. 2020-ci ildə bu göstərici 117,  2021-ci ildə 288 olub.

Bu barədə Jurnalistlərin Həmkarlar İttifaqının illik hesabatında məlumat verilib.

2020 və 2021-ci illərdə COVID-19-a yoluxma səbəbindən həyatını itirən jurnalistlərin ümumi sayı 16 nəfərə çatıb. 
Mövcud durumu şərh edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli "Şərq"ə açıqlamasında bildirib ki, koronavirusla bağlı riskli olan peşələr var: 

"Bəzi peşə sahibləri var ki, onlar daim ictimaiyyətlə ünsiyyətdə olur. Bu baxımdan jurnalist həmin qruplara daxildir. Jurnalistlərin işi birbaşa cəmiyyət arasında işləməkdir. Belə olduğu halda təbii olaraq risklər də artır. Dünyada bəzi sahələr var ki, əlahiddə statistik hesablama aparılır. Məsələn, hər bir ölkə üzrə dünyada ümumi yoluxma sayı, ölənlərin sayı bəlli olur. Amma məsələn, tibb işçiləri, jurnalistlər və risk qrupuna daxil olan digər iş sahəsindəkilərin əlahiddə statistikası çıxarılır. Bildiyimiz kimi, Azərbaycan Mətbuat Şurası jurnalistlər üçün növbədənkənar peyvəndləmə işi aparılması üçün TƏBİB-ə müraciət edib. 800-dən çox jurnalist növbəsiz peyvəndlənib.

M.Ələsgərli bunu da əlavə edib ki, jurnalistlərin iş zamanı ehtiyatlı davranmaları, qaydalara daha ciddi yanaşmaları arzuolunandır:

"Həm də ki, hadisə yerinə gedəndə, reportajlar hazırlayanda, müsahiblərlə görüşəndə məsafə saxlamaq, tibbi maskalardan istifadə kimi müəyyən qaydalara əməl etsələr, yaxşı olar".