Avtomobillərə yeni cəza

Səs-küy qeydə alan radarlar qurulub

    Sürət həddini aşan avtomobillərin qənimi olan radarlara daha biri əlavə edilib. Yeni radar sistemi səs-küyü də qeydə alacaq. Təyin olunmuş həddən yüksək səs-küy yaradan, lazımsız halda siqnal verən, təkərləri “ağladan” avtomobil sürücüləri cərimə olunacaq. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, səs-küyü qeydə alacaq radarlar Fransanın paytaxtı Parisdə quraşdırılıb. Paris bələdiyyə başqanının ekologiya və enerji məsələləri üzrə yardımçısı Dan Lert açıqlamasında “gurultu radarları”nın dövriyyəyə daxil olduğunu, bunun avtomobillərin səs-küyünün qarşısını alacağını  deyib. Başqan yardımçısı bildirib ki, radarlar müəyyən olunmuş həddən yüksək səs-küy salan avtomobillərin seriya və nömrələrinin fotosunu çəkəcək, faktdan qaça bilməyən avtomobil sahibi, nəticədə cərimələnəcək. Yeni radarlar “Meduza” adlanır. Bu radarlar desipel ölçülərini qeydə alır. 
Cərimələrsə 2023-cü ildən etibarən tətbiq edilməyə başlanacaq.  Avropa Ətraf  Mühit Agentliyi Parisi Avropanın ən səs-küylü şəhərlərindən biri hesab edir. Agentlik şəhərlərdə 55 desibeldən artıq gurultu olmasını normanın aşılması hesab edir. Gurultulu şəhərlər sırasında London, Vyana və Roma da yer alır. Görəsən, o radarlar Bakıdakı gurultunu ölçsə, “şkala” hansı yüksəkliyə qalxar?