Ukraynadan Moldovaya, oradan da Rumıniyaya gedən 1100 nəfərdən çox azərbaycanlının nə zaman vətənə gələcəyi sualına aydınlıq gətirilib.
APA xəbər veriri ki bu barədə Rumıniyadakı diaspor təşkilatının rəhbəri Vaqif Həsənov Diaspor TV-yə açıqlamasında bildirib. Onun sözlərinə görə, azərbaycanlıların Ukraynadan Rumıniyaya daxil olması 28 fevraldan başlayıb:
“Biz onların hotel, qida və digər vacib ehtiyaclarını təmin etməyə çalışırıq. Onlardan bəziləri birbaşa Bakıya təxliyə edilib. Rumıniyaya kütləvi axın isə martın 2-dən başlayıb. Onların bir hissəsi Türkiyənin Rumıniyadakı səfirliyi vasitəsi ilə türk vətəndaşları ilə birgə təxliyə edilib. 45-ə yaxın həmvətənimiz İstanbula çatdırılıb”.
Rumıniyadakı azərbaycanlıların ölkəyə gəlmə marşrutlarından danışan V. Həsənov soydaşlarımızın vətənə gəlməsi üçün Azərbaycan tərəfinin Yassı şəhərindən çarter reysləri təşkil etdiyini deyib:
“Vətəndaşlar Moldovadakı Azərbaycan səfirliyində qeydiyyatdan keçərək vətənə dönürlər. Qatarla Kiyevdən Moldovaya təxliyə edilən 1100-dən çox azərbaycanlı bu gün səhərə yaxın Rumıniyaya çatıb. Onlar Rumıniya hökuməti tərəfindən ayrılan sığınacaqlara yerləşdirilib. Gün ərzində onların siyahısı tutulacaq və növbəli olaraq avtobuslarla Azərbaycana yola salınacaqlar” - o deyib.