"Ordumuzda qohum-əqrəba şəbəkəsi dağıdılır"

 

Əliməmməd Nuriyev: "Korrupsiya şəbəkəsini tamamilə dağıtmaq, qazıyıb köklərini çıxarmaq ölkəmizin milli təhlükəsizlik məsələsidir"

“Müdafiə Nazirliyində DTX-nın keçirdiyi anti-korrupsiya əməliyyatı və həbslər davam edir. Bu həbslər Müdafiə Nazirliyində geniş korrupsiya şəbəkəsinin mövcud olmasından və dərin kök salmasından xəbər verir”. Bu barədə Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyib. Ekspert bildirib ki, korrupsiya şəbəkəsini tamamilə dağıtmaq, qazıyıb köklərini çıxarmaq ölkəmizin milli təhlükəsizlik məsələsidir: 

“Bu prosesi yalnız alaq etməklə yekunlaşdırmaq, prosesi yarımçıq saxlamaq müzəffər Ordumuza böyük zərbə olardı. İndiyə qədər ictimaiyyət üçün açıqlanan məlumatların təhlili göstərir ki, korrupsiya şəbəkəsi yalnız Orduya ayrılmış maliyyə vəsaitini mənimsəməklə məşğul olmurmuş. Həmçinin istisna deyil ki, xarici qüvvələrə xidmət etməklə, bilə-bilə Silahlı Qüvvələrimizin döyüş potensialını aşağı salmağı da məqsəd kimi qarşıya qoyub. Hesab edirəm ki, orduda korrupsiya halları ilə bağlı araşdırma daha genişmiqyaslı olmalı, müvafiq rəhbər şəxslər də məsuliyyətdən kənarda qalmamalıdır. Biz Nazirliyin tibb xidməti ilə bağlı da şikayətlər alırıq. Bu sahəyə də diqqət yetirilməlidir”. 

Ə.Nuriyevə  görə, vacib məsələlərdən biri də Ordumuzda qohum-əqrəba şəbəkəsinin dağıdılmasıdır: “Nazirliyin rəhbər şəxslərinin yaxın qohumlarının  korrupsiya riski yüksək olan sahələrdə vəzifəyə gətirilməsi korrupsiya üçün münbit şərait yaradır. Bütün bu tədbirlərlə yanaşı müdafiə sektoruna parlament və ictimai nəzarətin gücləndirilməsi üzərində düşünmək zəruridir. Azərbaycan bu sahədə beynəlxalq reytinqlərdə geri qalır və ölkəmizi bu tənqidlərdən qorumaq üçün müvafiq addımlar atılmalıdır”.