NATO Türkiyənin könlünü alır

Stoltenberq Rusiya ilə Türkiyə arasında gərginliyin azalmasından məmnun olduqlarını vurğulayıb



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb. Dövlət başçısının Ankaradakı iqamətgahında keçirilən qəbulda Türkiyə və NATO-nun rəsmi şəxslərindən ibarət heyətləri də iştirak ediblər.

Yens Stoltenberq deyib ki, Türkiyə NATO qarşısındakı öhdəliklərini yerinə yetirir: "NATO-ya üzv ölkələrin hər hansı birində demokratik quruluşu hədəf alan hücum ittifaqın təməlinə qarşı hücumdur. Güclü və demokratik bir Türkiyə Avropanın və regionun sabitliyi, təhlükəsizliyi üçün çox önəmlidir”. Stoltenberq Rusiya ilə Türkiyə arasında gərginliyin azalmasından məmnun olduqlarını vurğulayıb.

"Türkiyənin İŞİD-lə mübarizəsindən məmnunuq”

Baş katib bildirib ki, Türkiyənin Suriyada keçirdiyi əməliyyatlar Qərb ölkələri ilə razılaşdırılıb: "NATO üzvləri arasında heç vaxt ciddi anlaşmazlıq, qarşıdurma olmayıb. Bundan sonra da olmayacaq. Biz qurum olaraq Ankaranın siyasətini və Yaxın Şərq kursunu bəyənirik. Eyni zamanda Türkiyə dövlətinin ABŞ-la daim əlaqədə olmasını və yaxşı münasibət qurmasını alqışlayırıq. Xüsusən, hərbi çevrilişdən sonra hökumət tərəfindən atılan addımları dəstəkləyirik. Son olaraq, Türkiyə-Rusiya münasibətlərinin normallaşmasından da razıyıq”.

"Dövlət sərhədimizi pozan istənilən şəxsə atəş açılacaq”

Türkiyənin Baş naziri Binəli Yıldırım 81 əyalətin valisi ilə görüşdə sərhədyanı keçid məntəqələrinin güclənəcəyini deyib. Baş nazirin sözlərinə görə, Nəzarət Buraxılış Məntəqəsindən kənar istənilən keçişə cəhd təcavüz aktı kimi dəyərləndiriləcək: "Terrorçuluğa qarşı mübarizəmiz yeni mərhələyə keçib. Biz müdafiədən hücuma keçmişik. Səbəbindən asılı olmayaraq, türk əsgərləri dövlət sərhədini pozan istənilən şəxsə atəş açacaqlar”. Yıldırım ilk növbədə, terrorçu PKK, İŞİD kimi qruplaşmalara qarşı daha sərt və qəti mübarizə aparacaqlarını deyib.

Türkiyə Almaniyaya "yaşıl işıq”...

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Almaniya Türkiyənin bütün şərtlərinə əməl edib: "Bundan sonra almaniyalı deputatların İncirlikdəki hərbi bazaya getməsinə heç bir maneə yoxdur. Biz təhlükəsizlik baxımından Almaniya Bundestaqı təhlükəsizlik komissiyası üzvlərinin hərbi bazaya getməsinə icazə vermirdik. Bunun səbəbi isə parlamentin "erməni soyqırımı”nı tanıması idi. Bazaya getmək üçün şərt irəli sürmüşdük. İndi Almaniya həmin şərtlərə əməl edib”.

Türkiyə Suriyadakı 4 məntəqəni nəzarətə götürüb

Türkiyə ordusu Suriyanın şimalında dörd yaşayış məntəqəsinə nəzarəti ələ keçirib. Bu barədə cümə axşamı Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. İdarənin məlumatında
qoşunların Kantara, Əs-Sehid, Əl-Xumran və Taşlıquyuk yaşayış məntəqələrinə daxil olduğu bildirilir. Hərbi əməliyyatlar nəticəsində İŞİD terror qruplaşmasının yaraqlıları bu yaşayış məntəqələrindən çıxarılıb.

Putin və Ərdoğan razılaşdı

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon vasitəsi ilə iki ölkə arasında əməkdaşlığın gələcək inkişaf məsələlərini müzakirə ediblər. Müzakirələr Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub. Suriyadakı vəziyyətə xüsusi diqqət ayrılıb. Vəziyyətin nizamlanmasına kömək üçün səylərin əlaqələndirilməsi məqsədi ilə müxtəlif xətlər üzrə fəal əlaqələrin davam etdirilməsi barədə şərt kəsilib. İki ölkə Prezidentinin telefon söhbəti Türkiyə tərəfinin təşəbbüsü ilə reallaşıb.

İsmayıl