Azalmayıblar, sadəcə mövsüm başa çatıb

Ərəblər Azərbaycana kütləvi şəkildə noyabr və dekabr ayında yenə gələcəklər



Son günlər diqqət çəkən məqamlardan biri də paytaxtda ərəb turistlərin sayının azalmasıdır. Təxminən bir ay öncəsinə qədər hər addım başı qarşımıza çıxan qonaqlarımız, nədənsə, bu aralar az-az görsənirlər. Bu da təbii olaraq cəmiyyətin gözündən qaçmayıb. Hətta artıq insanlar arasında bir rəy də formalaşıb ki, ərəblər Azərbaycanın turizm xidmətlərindən narazı qalıblar.

Azərbaycan Turizm Assosiasiyası İdarə heyətinin sədri Nahid Bağırov isə deyib ki, Bakıda ərəb turistlərin sayının azalmasına səbəb Şahmat Olimpiadasının keçirilməsidir: "Olimpiadaya gələn qonaqlar Bakıda mehmanxanalarda yerləşdiriliblər. Otellərdə yer azlığı müşahidə edildiyi üçün

ərəblər Qəbələ və Quba-Qusar zonalarına üz tuturlar”. N.Bağırov son günlər Bakıda ərəb turistlərin sayında azalma müşahidə edildiyini təsdiqləsə də, qeyd edib ki, ərəblər Bakı ilə yanaşı, daha çox Qəbələ, Quba, Qusar rayonlarına getməyə üstünlük verirlər: "Ərəb turistlərin əksəriyyəti, Dubay, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyndən gələnlərdir. Bu bölgələrdən gələn ərəblər 5 ulduzlu otellərdə qalırlar. İraqdan gələn turistlər 3 və 4 ulduzlu otellərdə, İrandan gələnlər isə 4 ulduzlu otellərdə yerləşirlər. Azərbaycanda ərəblər minimum bir həftə qalırlar”.

N.Bağırovun sözlərinə görə, sentyabr ayından sonra ərəb turistlərin sayında azalma müşahidə ediləcək: "Ərəblər Azərbaycana yenidən noyabr və dekabr ayında kütləvi şəkildə gələcəklər. Həmin vaxtlar onlarda bayramlar olur. Bu baxımdan ərəblər tətillərini Azərbaycanda keçirməyə üstünlük verəcəklər. Ümumiyyətlə, bu il turizmin inkişafı baxımından inqilabi il oldu. Uzun illər görülən işlərin nəticəsidir ki, bu gün təkcə ərəblər deyil, keçmiş MDB ölkələrindən Azərbaycana gələn turistlərin sayında da artım müşahidə edilir. Bu, davamlı olacaq və gələn il daha yüksək nəticəni müşahidə edəcəyik”.

Turizm üzrə ekspert Elxan Vəliyev də ərəb turistlərin sayının azalmasının artıq turizm sezonunun başa çatması ilə əlaqəli olduğunu deyib: "Düzdür, Azərbaycanda turizm xidmətinin keyfiyyətinin aşağı olması statistikaya təsir edən səbəblərdən biri olaraq qalmaqdadır. Amma son günlər ərəb turistlərin şəhərdə az-az gözə dəyməsinin sadəcə xidmət sahəsindəki nöqsanlarla bağlı olduğunu düşünmürəm. Artıq yay başa çatır, yəni turizm sezonunun sonudur. Turist sayının azalması hətta Antalya kimi istirahət bölgələrində də özünü göstərir. Adətən ilin bu aylarında Avropa ölkələrində turizm sezonu başlayır”.

E.Vəliyevin sözlərinə görə, Azərbaycana turist axınının azalmasının bir səbəbi də dolların getdikcə bahalaşmasıdır. Bakıya gələn turistlər pul çevirmələrində çox ciddi problemlərlə rastlaşırlar. Bu da istənilən halda xarici vətəndaşlar üçün narahatlıq doğuran bir hal hesab olunur. Ekspert əsas problemlərdən birinin də turistlərin Azərbaycana kortəbii gəlməsi ilə bağlı olduğunu deyib: "Ərəb turistlərinin ölkəmizə gəlməsində əsas motivasiyaedici amil viza dəstəyinin olması oldu. Amma gələn turistlər təəssüf ki, düzgün istiqamətləndirilmirlər. Bizim otellərin 90-95 faizinin heç bir özəl və ya dövlətə bağlı olan turizm şirkəti ilə əlaqəsi yoxdur. Dünyanın istənilən ölkəsi ilə müqayisə etsək görərik ki, bizim turistlər digər ölkələrə getdiyi zaman onlara vaxt təyin olunur. Özəl və ya dövlət turizm şirkətlərindən asılı olmayaraq o ölkələrə gedən hər bir turistə turlar təqdim olunur. O turların bizdə olmaması da turizm xidmətinin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bu hadisələrə əsas səbəb otellərlə şirkətlər arasında əlaqənin olmaması, turistlərin nəzarətsiz qalmalarıdır. Turist bir var ki, kiminsə nəzarəti altında gəlsin, bir də var ki, özü gəlsin. Gərək özü gələn turist otelə yalvarsın ki, mənə xidmət göstər. Belə olan təqdirdə otel ona qiyməti baha satır, bu da təbii olaraq gələn qonaqların sayına təsir edir”.

Şəymən