20 manata evə 20 gün çörək almaq olar

5 addım o yanda keçid var, cəriməsiz yaşamağa öyrənmək lazımdır“Piyada tətbiq edilmiş cəriməni ödəmədikcə, məbləğin üzərinə faiz əlavə olunur. Bir müddət keçdikdən sonra isə cərimənin ödənməməsi haqda bilgi məhkəməyə - icra məmurlarına yönləndirilir”
Bu il yanvarın 1-dən fevralın 6-dək paytaxtda 12 min 881 piyada cərimə olunub. Bu haqda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Bölmə rəisi bildirib ki, piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeraltı və yerüstü keçidlərin yaxınlığında göstərilən müddət ərzində reydlər keçirilib. Yüzdən artıq polis əməkdaşı ərazilərdə xidmət aparıb. Cərimə olunan piyadalara yol hərəkəti qaydaları haqqında məlumat verilib, ən əsası isə yeraltı və yerüstü keçidlərdən istifadənin onların həyatı üçün xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Qeyd etməliyik ki, analoji reydlər paytaxtda, demək olar, mütəmadi keçirilir. Cərimə olunanların sayı da, göründüyü kimi az deyil. Amma yol polisləri piyadaları keçidlərə yönləndirməyə çalışsa da, piyadalar sanki "prinsipə” düşüb, keçiddən keçməməyə "dirəniblər”. Nə qədər belə halların şahidi oluruq; 5 addım o yanda keçid var, amma piyada elə bil avtomobillərlə yolu paylaşmaq istəyir və özünü "yola atır”. Əslində isə canını yola atmış olur. Piyadaları ölümün, ağır xəsarətlərin ağuşuna atan əsas səbəb də elə budur: piyada keçidlərindən istifadə etməmək, yolu hardan gəldi keçmək, diqqətsizlik və bir qədər qəribə səslənsə də, avtomobili heçə saymaq. Hələ 20 manat cərimənin insanda sonradan yaratdığı halı, kefsizliyi demirik. O pula, ən azı 20 gün evə çörək almaq olar. Yəni, bəzi insanlarımızda bu düşüncə hakimdir ki, istənilən halda avtomobil piyadaya hörmət etməli, yol verməlidir. Amma yol-hərəkət qanunları tamam fərqli qaydalar diktə edir. Piyadanın hüquqları olduğu kimi, avtomobil sürücüsünün də hüquqları var. Konkret hallarda gah piyada avtomobilə, gah da avtomobil piyadaya yol verməlidir. Amma avtomobillə baş-başa gəlməməyin ən rahat yolu piyada keçidindən istifadədir və şükür ki, son illər paytaxtımızda kefin istəyən qədər yeni keçidlər inşa edilib. Amma buna rəğmən camaatımız piyada keçidlərindən istifadəni az qala "şərəf və ləyaqətinin tapdanması” kimi qəbul edir. Gənc, qadın, uşaq fərqi yoxdu. Hətta yaşlılar da, əsə-əsə maşının qabağından qaçmağı, keçiddən istifadədən "prestijni” hesab edir.
Çoxumuza elə gəlir ki, piyada keçidi vaxtımızı alacaq, ora düşsək, mənzil başına gec çatacağıq və s.
Bu şəhərdə hamı harasa tələsir...
Nəqliyyat problemləri üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, yollarda piyadaların vurulması, yaxud piyadaların ucbatından baş verən qəzaları doğuran əsas səbəblərdən biri yol hərəkətinin təşkilindəki nöqsanlardır:
- Yeraltı və yerüstü keçidlər hələ ki, bütövlükdə şəhəri əhatə edə bilməyib. Buna görə də günahlandırılan piyadalar dövlət məmurlarını belə bir dilemma qarşısında qoya bilərlər ki, haradan keçək? Aidiyyəti icra orqanları bunu nəzərə almalı və sözügedən istiqamətdə işləməlidirlər. Həqiqətən də, elə küçələr var ki, orada nə yeraltı, nə yerüstü keçid var, heç piyada keçidi üçün zolaqlar da yoxdur. Belə yerlərdə vətəndaş yolu necə, haradan keçəcəyini bilmir və məcburiyyət qarşısında qalaraq yolun hərəkət hissəsindən keçir. Əslində, bütün yollar, küçələr kompleks formada yeraltı və yerüstü piyada keçidləri ilə təmin edildikdən sonra piyadaların cərimələnməsini tətbiq etmək düzgün olardı. Yol hərəkətinin təşkilində nöqsanlar olduğuna görə əksər piyadalar belə fikirləşirlər ki, maşın onları gözləməlidir. Yol hərəkətini təşkil edən qurumlar ilk növbədə piyadalar arasında maarifləndirmə işi aparmalı, sonra kütləvi şəkildə cərimələr tətbiq etməlidir ki, piyada islah olunub ikinci dəfə qaydanı pozub qəza baş verməsinə səbəb olmasın. Bu işləri görsək, müəyyən dərəcədə hadisələrin qarşısını ala bilərik. Bəzən qəzaya piyada səbəb olanda da günahsız sürücü cəzalandırılır. Mövcud qanunlar tətbiq edilməlidir ki, piyadalar da işlərini bilsinlər. Piyada və sürücü yolda hərəkət edərkən hər biri özünü üstün tutmağa çalışır. Piyada düşünür ki, piyada olduğuna görə, sürücü də düşünür ki, sürücü olduğuna görə üstündür. Ancaq maarifləndirmə işləri aparılsa, hər iki tərəf hansı vəziyyətdə kimin üstün olduğunu bilər, qaydalara riayət edər. Ancaq maarifləndirmə uzunmüddətli olmalıdır.
Hüquqşünas piyadaların iştirakı ilə baş verən yol qəzalarının əksəriyyətinin piyadaların günahı ucbatından baş verdiyini də bildirdi:
- Piyada keçidlərində eskalator yoxdu deyə, yolu keçmək düzgün yanaşma deyil. Hazırda sürətli yolların əksəriyyətində piyada keçidləri quraşdırılıb. İstər yerüstü, istərsə də yeraltı keçidlərin hündürlüyü o qədər də yüksək deyil. İstənilən piyada 10-15 addımlıq həmin pilləkənləri qalxa bilər. Düzdür, müəyyən əngəlli insanlar üçün xüsusi liftlərin və eskalatorların quraşdırılması zəruridir. Amma insanın 10-15 pilləkən qalxmayaraq həyatını təhlükəyə atması o deməkdir ki, o adam yaşamaq istəmir. Bununla da həm öz həyatını itirir, həm də başqa bir nəfərin həyatını məhv edir.
Bununla belə, Ə.Hüseynov baş verən qəzalarda sürücülərin də günahsız olmadığı qənaətindədir: "Sürətli yollar olsa da, sürücü hər zaman təhlükə ilə rastlaşacağını nəzərə almalıdır. Çünki hətta piyada yolun qadağan olunan ərazisindən keçdiyi halda da sürücü ona yol verməli və onun həyatını təhlükəyə atmamalıdır. Amma elə sürücülərimiz var ki, adi yollarda da ən yüksək sürət həddini seçirlər. Sanki bizim ölkədə hər kəs harasa tələsir. Bu da sonra belə hadisələrin yaşanmasına səbəb olur.
Cərimə ödəməyən piyadalar
Ə.Hüseynov qeyd etdi ki, piyadanın yol hərəkəti qaydasını pozması İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələnir:
- İnzibati Xətalar Məcəlləsində bununla bağlı konkret maddə var və piyada yol hərəkəti qaydalarını pozduqda maddənin tələblərinə uyğun cərimələnir. Yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçməyə görə, piyada 20 manat miqdarında cərimə ödəməlidir. Bəzən piyadalarda belə yanlış təsəvvür formalaşır ki, bu cəriməni ödəməsələr də olar, avtomobilləri yoxdur, bu cərimə onlar üçün bir problem yaratmayacaq. Amma belə deyil. Yol polisinin tərtib etdiyi ümumi protokoldur. Onu həm piyadalar üçün tərtib edirlər, həm də avtomobil sahibi üçün. Ancaq hər bir cərimə elektron sistemə oturdulur. Piyada tətbiq edilmiş cəriməni ödəmədikcə, məbləğin üzərinə faiz əlavə olunur. Bir müddət keçdikdən sonra isə cərimənin ödənməməsi haqda bilgi məhkəməyə - icra məmurlarına yönləndirilir. Həmin məbləğ ola bilər vətəndaşın əmək haqqından çıxılsın, ya da hansısa digər vəsaitdən. Amma heç bir halda vətəndaş arxayın olmamalıdır ki, bu cərimə unuduldu, ya da yaddaşdan silindi. Cərimə yazılıbsa, o mütləq ödənməlidir.
Ümumiyyətlə, keçidlərdən istifadə, yol hərəkəti qaydalarına riayət etmək mədəni səviyyənin göstəricisidir. Belə məsələlərdə kompleks tədbirlər həyata keçirilməlidir. Təbliğat işləri yüksək səviyyədə aparılmalıdır. Uşaq bağçalarından başlamış, orta məktəblərə və ümumiyyətlə, əhalinin geniş şəkildə maarifləndirilməsinə qədər. Telekanallarda maraqlı proqramlar hazırlamaq olar. Reklam çarxları da bu tip məsələlərdə böyük effekt verir. İctimaiyyətdə tanınan, nüfuzu, çəkisi olan şəxslər, ağsaqqal adamlardan reklam çarxlarında çəkilişə dəvət edilə bilər. Bəzən insan evdə öz böyüyünün sözünə baxmır, amma kənardan kimsə ona bir söz deyəndə, daha tez reaksiya verir. Tanınmış simalardan yalnız hansısa ərzaq və sənaye mallarının reklamına çəkməklə yanaşı, sosial reklam çarxlarında da istifadə edilməlidir. İctimaiyyətə bu fikir aşılanmalıdır ki, paytaxtımız gözəl şəhərdir, mədəniyyət mərkəzi adına iddialıdır və hamımız bu şəhərdə mədəni davranmağa borcluyuq.
Məlahət Rzayeva