20 saylı məktəbin tikintisinə başlanıb

Valideynlərin narahatçılığına əsas yoxdur



Paytaxtdakı təmirə bağlanmış 20 nömrəli məktəbdə tikintinin aparılmadığı bildirilir. İddialara görə, dövlət büdcəsindən sözügedən təhsil müəssisəsi üçün yeni binanın tikilməsi məqsədilə 5 milyon manat vəsait ayrılıb.

Buna rəğmən, təhsil ocağına xas olan ərazidə hələ ki, heç bir tikinti gözə dəymir. Şübhəsiz ki, bu cür məlumatlar orada təhsil alan şagirdlərin və valideynlərinin narahatlığına səbəb olub. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.

Valideynlərin əndişəsini nəzərə alıb, iddialara aydınlıq gətirdik. Bakı şəhər Təhsil İdarəsinin təminat və təchizat sektorunun məsləhətçisi Əli Abdullayev "Şərq”ə açıqlamasında qeyd etdi ki, narahatlığa heç bir əsas yoxdur. Onun sözlərinə görə, adıçəkilən müəssisədə tikinti başlanıb və hazırda da davam etdirilir: "Məktəbin özül hissəsində betonlama işləri gedir. İşlər bitəndə rəsmi məlumat veriləcək”.

Ayyət Əhməd