"Əli Kərimlinin Azərbaycan və Rəsulzadə sevgisi yalandır”.
Bunu "Sherg.az”a açıqlamasında BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı deyib.
Partiya funksioneri öncə onu vurğulayıb ki, Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətin qurucularındandır. Çox böyük xidmətləri olmuş şəxsiyyətdir:
"O, hər birimizindir, bütün Azərbaycan xalqınındır. Rəsulzadəni hər zaman hörmətlə anmaq vətəndaş olaraq bizim mənəvi borcumuzdur. Çünki bu dövləti bizim üçün quran məhz o kişi olub. Cənab Prezidentin 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı "Cümhuriyyət İli” elan etməsi də həmin dövrə və quruculara verilən dəyərin ifadəsi idi. O baxımdan Rəsulzadə ilə bağlı istənilən şəxsin, ələlxüsus da radikal düşərgənin, Əli Kərimlinin, Cəmil Həsənlinin onun adından sui-istifadə edərək öz siyasi məqsədlərini reallaşdırmaq, manipulyasiya etmək, buna siyasi çalarlar vermək qətiyyətlə pislənilir. Rəsulzadəni öz çirkin siyasi məqsədlərinə qurban verənlər ən ağır ifadələrə layiq şəxslərdir.
Milli Azadlıq Hərəkatını quran, Azərbaycanın ikinci dəfə öz müstəqilliyini əldə etməsində böyük xidmətləri olan mərhum Əbülfəz Elçibəy xəyanət edən, "Azadlıq” qəzetində onu təhqir edən Əli Kərimli Rəsulzadəyə hörmət qoyarmı? Ə.Kərimlinin Rəsulzadə sevgisi nə qədər ola bilər? Siyasətdən kənar, tarixdən xəbərsiz olan gənclərə üzümü tutub deyirəm ki, Əli Kərimli barədə keçmiş xatirələri oxusunlar. Onun necə xəyanət etdiyini bilsinlər. Partiyanı parçalayan, pul verdiyi jurnalistlərin əli ilə insanları təhqir etdirən məhz Əli Kərimlidir”.
Politoloq bildirib ki, Əli Kərimli Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan Bütöv Azərbaycan Birliyinin bir iclasına belə qatılmayıb. Hər zaman bu qurumun fəaliyyətinə lağ edib, gözdən salmağa çalışıb: "Əli Kərimlinin Azərbaycan və Rəsulzadə sevgisi yalandır.
O və ətrafında şəxslər bütün hallarda ictimai proseslərdə, mühüm hadisələrdə, matəm günlərində yalnız özlərinin məqsədlərini ortaya qoyublar. İndi də siyasətdən xəbəri olmayan 200-300 nəfərlə siyasi şou göstərməyə cəhd edirlər. Mən Əli Kərimlinin Vətən sevgisinə, tarixi şəxsiyyətlərə hörmət göstərməsinə, səmimiyyətinə qətiyyən inanmıram. Gənclər Əli Kərimlinin 20-30 il əvvəlki fəaliyyətini axtarışa versinlər və onun kim olduğunu, nə etdiyini öyrənsinlər. Bir faktı sizə danışım. Hazırda Qərbin kəşfiyyat orqanlarının xidmətində olan "jurnalist” Xədicə İsmayıl Əli Kərimlinin diqtəsi ilə Elçibəyin mətbuat konfransında ona bir sual verdi.
Dedi ki, "Fazil Qəzənfəroğlu Naxçıvan bölgəsindəndir, Əli Kərimli isə Saatlıdan anadan olub.
Siz F.Qəzənfəroğlunu eyni bölgədən olduğunuz üçün müdafiə edirsiniz. Yəni regionçuluq edirsiz”. Əbülfəz bəy isə Xədicə İsmayıla belə cavab verdi:
"Mən 1974-cü ildə siyasi dissident olmuşam. Azərbaycana olan sevdama, müstəqillik və bütöv Azərbaycan istəyimə görə həbsə atılmışam. O vaxtdan indiyə qədər bir çox ittihamla rastlaşmışam. Ancaq məni yerliçilikdə suçlamayıb. Siz bütöv Turan arzusunda olan bir insanı regionçuluqda ittiham edirsiz”. Bu ittihamı Xədicəyə məhz Əli Kərimli öyrətmişdi. Hamı bilir ki, Əli Kərimli ilə Xədicə İsmayılın qohumluq əlaqələri var. Fazil Qəzənfəroğlu müavin kimi Əli Kərimlinin partiya daxilində necə parçalanma mövqeyini tutmasını, sədr əleyhinə çalışmasını mətbuat orqanlarında yazırdı. Yəni Əli Kərimlini ifşa edirdi”.
Qeyd edək ki, 10 gündən çoxdur sosial şəbəkələr və başqa vasitələrlə Məhəmməd Əmin Rəsulzadənin ildönümünü "möhtəşəm aksiya”ya çevirəcəklərini bəyan edən "Milli Şura” adlı qurum, Müsavat, AXCP və digər partiyalar onun abidəsinin yanına cəmi 200-300 adam yığa biliblər.
İsmayıl