Dünya universitetlərinin reytinq siyahısı açıqlandı

Yenə də min universitet arasında heç bir ali təhsil ocağımız yer almadı
“Bizim çətinliyimiz daha çox idarəçiliklə, modernləşməklə bağlıdır”


Ali təhsillə bağlı yeniliklərdən bəhs edən "Times Higher Education” (THE) jurnalı dünyanın ən yaxşı universitetlərinin builki siyahısını açıqlayıb. Siyahıda bu dəfə 980 universitetin (keçən ilkindən 180 universitet artıq) adı çəkilir. Rusiyanın 24, Türkiyənin 18, Gürcüstanın 1 universiteti də (İvane Javakhishvili Tbilisi State University) siyahıya düşüb. Azərbaycan universitetlərinin heç birinin adı siyahıda hallanmır.

Azərbaycan ali təhsil müəssisələrinin siyahıda yer almaması məsələsinə toxunan Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, professor Nizami Cəfərov "Şərq”ə açıqlamasında bunun bir neçə amillə bağlı olduğunu dedi:

- "Times Higher Education” jurnalının qiymətləndirmə meyarlarına bələdəm və deyə bilərəm ki, orada obyektivlik olur. Qiymətləndirmədə müəyyən prinsiplər var. Maddi təminata önəm verilir, hətta universitetlərin yataqxanalarının olub-olmaması, elmi araşdırmaların səviyyəsi, buna ayrılan vəsait və s. meyarlar əsas götürülür. Əlbəttə, Azərbaycan universitetlərinin bu siyahıda adlarının olmaması yaxşı hal deyil. Avropa təhsil sisteminə inteqrasiya istiqaməti tutmuşuqsa, o konyukturada biz də iştirak etməliyik, lazımi diplomatik əlaqələrimiz olmalıdır. Prinsipcə, bu illər bizdə yenidən qurulur. 1990-cı illərdə müəyyən əlaqələr kəsildi, müstəqillik illərindən etibarənsə yeni əlaqələr yaranmağa başladı. İndi Avropa təhsil ocaqları ilə əlaqələrin gücləndirilməsi prosesi gedir. Bununla belə keçmiş ənənələrdən irəli gələn məsələlər də var. Məsələn, biz kifayət qədər kadr potensialına malikik. Bir neçə dildə mühazirə oxuyan müəllimlərimiz var. Elə müəllimlərimiz var, dünyanın müxtəlif universitetlərində mühazirələr oxuyurlar və heç kimdən də geri qalmırlar. Universitetlərimizin səviyyəsi güclənir. Bu, hələlik potensialdı. Hesab edirəm ki, bizim çətinliyimiz daha çox idarəçiliklə, modernləşməklə bağlıdır. Amma əsas budur ki, çətinliyimizin nədə olduğunu bilirik. Bilməsəydik, bax bu, problem olardı. Çətinliyimizin nədən ibarət olduğunu biliriksə, deməli, çalışmalıyıq ki, onu düzəldək. Bir də problemimiz odur ki, abituriyent öz səviyyəsini bilə-bilə, yenə ali məktəbə daxil olmağa cəhd göstərir. Hər kəs universitetə daxil olmaq istəyir. Məncə, bu tendensiya yavaş-yavaş aradan qalxacaq. Çünki son illərdə abituriyentlər daha çox bal toplamağa başlayıb. Yəni, tələbələrin səviyyəsi artır və nəticə etibarilə ali məktəblərin də səviyyəsi getdikcə güclənir.

Məlahət Rzayeva