“2019-cu il daha sürətli iqtisadi artım ili kimi yadda qalacaq”




Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda çıxış edib. Ölkə başçısı çıxşı zamanı bəyan edib ki, əsas hədəfimiz iqtisadiyyatımızı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq və inkişaf üçün dayanıqlı imkanlar yaratmaqdır.

Dövlətimizin başçısı qeyd edib ki, ötən 15 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb: 

"Yatırılan 260 milyard dollar həcmində sərmayə bizə ölkəmizi müasirləşdirməyə və müasir infrastrukturu, o cümlədən nəqliyyat sahəsində infrastrukturu yaratmağa kömək etmişdir. Azərbaycanın çox aşağı səviyyədə xarici borcu var. Bu, bizim ümumi daxili məhsulun təxminən 19 faizini təşkil edir. Bizim ehtiyatlarımız xarici borcumuzdan beş dəfə çoxdur. Azərbaycanın builki iqtisadi göstəriciləri artımın olduğunu nümayiş etdirir. Ümumi daxili məhsul 3 faiz artıb, inflyasiyanın səviyyəsi 2,1 faizdir və iqtisadiyyatın şaxələnməsi bizim əsas məqsədlərimizdən biridir”.

Azərbaycanın iqtisadi imkanlarını dəyərləndirən iqtisadçı-ekspert Vüqar Bayramov "Sherg.az”a bildirib ki,son 1 ildəki islahatlar növbəti illərdə Azərbaycanın sürətli iqtisadi artımı üçün baza formalaşdırır:

Son bir il Azərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi kimi yadda qaldı. Həmin müddətdə iqtisadi islahatlar keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bu, investisiya mühitinin daha da yaxşılaşdırılması, xüsusən də iş adamları üçün yeni imkanların, o cümlədən güzəştli kreditlərə çıxış imkanlarının artırılması, eyni zamanda, idarəetmə sistemində çevikliyin artırılması ilə bağlı struktur islahatlarının genişləndirilməsi deməkdir.

"Azərbaycan Dünya Bankının reytinqi əsasında 25-ci pilləyə yüksəldi. Bu, ən yaxşı investisiya mühitinə malik olan 25 ölkədən biri olmaq deməkdir. Eyni zamanda, Azərbaycan məhz son bir il üçün dünyada ən çox islahat aparan 10 ölkədən biri elan olundu. Hesabat dövründə diqqətçəkən əsas məqamlardan biri də struktur islahatları idi. Struktur islahatlarının aparılması nəticə etibarilə idarəetmə sistemində çevikliyin gücləndirilməsinə şərait yaratdı. Çeviklik, prosedurların sayının azalması deməkdir ki, bu da xidmətlərin elektronlaşmasını sürətləndirir. Yalnız vətəndaşlar deyil, eyni zamanda, iş adamları da artıq daha çox elektron xidmətlərdən istifadə edirlər. Bu da məmur-vətəndaş, məmur-sahibkar ünsiyyətinin minimallaşdırılması və nəticə etibarilə şəffaflığın gücləndirilməsinə xidmət edir”.

Ekspert diqqətə çatdırıb ki, 2019-cu ildə həm vergi, həm gömrük sistemində yeni dəyişikliklərlə qədəm qoyuldu:

"Xüsusən də qeyri-rəsmi məşğulluğun aradan qaldırılması ilə bağlı vergi sistemində edilən dəyişikliklər, kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi, o cümlədən mikro və kiçik sahibkarlar üçün yeni vergi güzəştlərinin tətbiqi həyata keçirildi ki, bu da sahibkarların vergi güzəştlərindən istifadə imkanlarının genişləndirilməsinə şərait yaradır. Bu baxımdan biz 2019-cu ilə həm iqtisadi, həm də sosial sferada yeni islahatlar paketi ilə daxil olduq. Bütün bunlar da təbii ki, iqtisadiyyatın liberallaşması və şəffaflığın daha da gücləndirilməsi baxımından vacib amillərdəndir. Bütövlükdə son bir ildə Azərbaycan iqtisadiyyatında iqtisadi artımın bərpa edilməsi ili kimi yadda qaldı".

V.Bayramovun sözlərinə görə, Azərbaycan 2017-ci ildə iqtisadi stabilliyə nail oldu. 2018-ci ildə iqtisadi artımın bərpası və 2019-cu ildə daha sürətli iqtisadi artımın yenidən bərpa edilməsi ili kimi yadda qalaca: 

"2019-cu, 2020-ci və 2021-ci illər üçün beynəlxalq maliyyə qurumlarının proqnozları göstərir ki, Azərbaycan 3 faizdən çox iqtisadi artıma nail ola biləcək. Bu da təbii ki, iqtisadi artım tempinin yüksəlməsi deməkdir. Son bir ildə aparılan islahatlar nəticə etibarilə növbəti illər Azərbaycan üçün iqtisadi inkişaf baxımından yeni imkanlar yaradır. Bu kontekstdən məhz son bir il, ölkə başçısının ötən seçkilərdən sonrakı fəaliyyəti ondan xəbər verir ki, Azərbaycan iqtisadi islahatların aparılması baxımından yeni mərhələyə qədəm qoyub. Bu keyfiyyət mərhələsi əvvəlki dövrlərdə formalaşmış infrastrukturun dəyərə çevrilməsi mərhələsidir”.

Ayyət Əhməd