Patriarxdan xəbərdarlıq: Gürcülər azlıqda qala bilər

Gürcüstan katolikos-patriarxı Şio III ailədə abort kimi “ağır günahların” mövcudluğunun ailə xoşbəxtliyinə mənfi təsir göstərdiyini bildirib.

24News.ge xəbər verir ki, Patriarx bu fikirləri Sameba kilsəsində toplaşan insanlara müraciəti zamanı səsləndirib.

O, ölkədəki demoqrafik vəziyyətə diqqət çəkərək, cəmiyyətin ailə institutunun möhkəmləndirilməsi və doğum səviyyəsinin artırılması barədə düşünməli olduğunu vurğulayıb. Patriarxın sözlərinə görə, demoqrafik problemlərin həll olunmaması gələcəkdə ölkədə başqa xalqların daha çox məskunlaşması təhlükəsini yarada bilər.

O, həmçinin çoxuşaqlı ailələrin başlanğıcda müəyyən çətinliklərlə üzləşdiyini, lakin zaman keçdikcə bu çətinliklərin azaldığını qeyd edib:

“Əgər biz ailənin xilas olunmasına çalışmasaq, bunun qeydinə qalmasaq, bizi real təhlükə gözləyir. Bizim gözəl, cənnət kimi ölkəmizdə bizimlə birlikdə başqa xalqlar möhkəmlənəcək və kök salacaqlar. Onlar uşaqları sevirlər, uşaqları aldırmırlar, öz dinlərini müdafiə edir və qoruyurlar. Buna görə də onlar daha sürətlə artırlar.

Allah qorusun, əgər biz belə davam etsək, bu təhlükə realdır və mümkündür ki, onlar say baxımından çoxalıb gürcülərdən üstün olsunlar. Ona görə də Allah bizə güc versin ki, ailəmizi qorumaq üçün çalışaq və ailə dəyərlərini müdafiə edək”, – deyə Üçüncü Şio bildirib.

Katolikos-Patriarx qeyd edib ki, ailə yalnız şəxsi həyat forması deyil, həm də milli kimliyin və dövlətin əsas dayaqlarından biridir.

Onun sözlərinə görə, ailənin möhkəmliyi cəmiyyətin və dövlətin gələcəyini müəyyənləşdirir, bu səbəbdən ailə institutunun qorunması və demoqrafik vəziyyətin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır.