Nobel mükafatçısı Tibb Universitetində mühazirə ilə çıxış edib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) TədrisTerapevtik Klinikasında Nobel mükafatçısının iştirakı ilə tədbir keçirilib.
ATU-nun rektoru Gəray Gəraybəyli tədbiri açaraq, Azərbaycanda bir çox beynəlxalq tədbirlərin keçiriliməsinin artıq gözəl bir ənənəyə çevrildiyini bildirib. Rektor G. Gəraybəyli həmçinin qeyd edib ki, böyük tədbirlərdən biri də ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə sabah paytaxtda başlayacaq V Bakı Beynəlxalq Humanitar Forumudur: "Bu Humanitar Forum həm Azərbaycan, həm də digər ölkələr üçün böyük önəm daşıyır. Artıq ənənəvi olaraq, bu forum çərçivəsində bir çox qonaqlar, alimlər, müxtəlif tibb və digər sahələrdən olan mütəxəssislər Azərbaycana gəlir. Bizim cavan mütəxəssislərlə, rezidentlər və tələbələrlə görüşlər keçirirlər, diskussiyalar aparırlar”.
Qeyd edək ki, V Bakı Beynəlxalq Humanitar Forumuna qonaq qismində qatılan israilli professor Avram Herşko Azərbaycan Tibb Universitetini ziyarət edib.
Avram Herşko İsrailin Hayfa şəhərində Rappaport Universitetinin və Nyu-York Universitetinin bioüzvi kimya üzrə professordur. O, digər israilli kimyaçılar Aaron Çexanovervə İrvin Rouzla birgə 2004-cü ildə biokimya sahəsi üzrə Nobel mükafatına layiq görülüb.
ATU rektoru G.Gəraybəyli A.Herşkonu ali məktəbin fəxri qonağı adına layiq görüb, onu diplom və universitetin medalı ilə təltif edib.
Daha sonra söz alan professor Avram Herşko ilk öncə tədbir iştirakçılarına özü haqqında məlumat verib. "İlk öncə burada olmaqdan çox məmnun olduğumu bildirmək istəyirəm. Azərbaycanda Tibb Universitetində gənc həkimlərin, rezidentlərin arasında olmaq mənə çox xoşdur. Mən hazırda Hayfa şəhərində Rappaport İnstitutunun və Nyu-York Universitetinin professoruyam. Azərbaycan və İsrail balaca ölkələr olsalar da, beynəlxalq əlaqələr istiqamətində böyük addımlara malikdirlər. İki ölkə arasındakı işgüzar münasibətlər inkişaf etməkdədir”.
Daha sonra israilli professor mühazirə ilə çıxış edib. Tədbir mühazirə ətrafında suallarla davam edib.