Ermənistanda məhbusların 35 faizi xroniki xəstəliklərdən əziyyət çəkir

Ermənistan həbsxanalarında 2,3 min məhbus var, onların 35 faizi xroniki xəstəliklərdən şikayət edir.
Bu barədə Penitensiar Tibb Mərkəzinin tibbi yardımın təşkili şöbəsinin müdiri Naira Babayan bildirib.
Onun sözlərinə görə, məhbuslar əsasən ürək-damar sistemi, mədə-bağırsaq traktının xəstəlikləri və hepatit C-dən əziyyət çəkirlər.
Qeyd edək ki, Ermənistanda həbsxana şəraiti və tibbi xidmətlə bağlı problemlərə görə məhkumların səhhətinin pisləşməsi son zamanlar ciddi narazılığa səbəb olub. Təqribən 10 gün əvvəl hökumətə müxalifliyi ilə tanınan prodüser Armen Qriqoryan məhkəmə iclası zamanı ölüb. Müxalifət nümayəndələri onun səhhətindəki problemlərə baxmayaraq həbsdə saxlandığını qeyd ediblər.
Ümumilikdə ötən il Ermənistanda cəzaçəkmə müəssisələrində və koloniyalarda 13 ölüm faktı qeydə alınıb. Bundan başqa, 366 özünə zərərvurma və 374 aclıq aksiyası qeydə alınıb. Hüquq müdafiəçilərinin fikrincə, belə yüksək rəqəmlər məhbusların saxlanılma şəraiti və səhhətlərindəki problemlərini dilə gətirmək üçün ekstremal tədbirlərə əl atmağa məcbur olduqlarını göstərir.
Mənbə: Sputnik, Kavkazskiy Uzel