Rusiya qüvvələri Ukraynadakı münaqişədə bəzi üstünlüklərə malikdir. Bu sözləri Pentaqonun rəhbəri Lloyd Ostin Almaniyanın Ramşteyn şəhərində Ukrayna üzrə təmas qrupunun iclasından əvvəl deyib. O bildirib ki, Rusiyanın bəzi üstünlükləri var, amma bu, tam üstünlük deyil.
AĞ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli “Sherg.az”a söyləyib ki, Pentaqonun rəhbəri Rusiyanın üstünlüyə malik olduğunu deyərkən Donbasda irəliləməsini nəzərdə tutur:
“Eyni zamanda Ukraynanın tutduğu ərazilərin 50 faizinin Rusiya tərəfindən azad edildiyini vurğulamağa çalışır. Ümumiyyətlə cəbhədə müəyyən qədər Rusiyanın üstünlüyü nəzərə çarpsa da, Şimal qonşumuz tam şəkildə uğur qazana bilməyib. Rusiya müharibə başlayanda düşünürdü ki, qısa müddət ərzində Kiyevi ələ keçirib hakimiyyəti dəyişəcəklər. Amma istəklərini nail ola bilmədilər. Hazırda gün ərzində bir neçə kənd azad etdikdə bunu qələbə sayırlar. Fikrimcə, Amerikada Donald Tramp hakimiyyətə gəldikdən sonra savaşda atəşkəsin olmasına cəhd göstərəcək. Həmçinin Ukrayna və Rusiyanın ölkə başçılarına öz təkliflərini irəli sürəcək. Təkliflərin qəbul edilmədiyi halda isə Amerikanın dəstəyinin Ukraynaya dayanacağını söyləyəcək. Digər tərəfdən Putin də təklifi qəbul etməsə, Ukraynaya dəstəyi daha da artıracağını bildirəcək. Yəni savaşın davamı haqqında Donald Trampın mövqeyi iki ölkə rəhbərinin fikirlərindən asılı olaraq dəyişəcək. Ola bilər ki, heç bir tərəf təklifi qəbul etməsin. Həmin halda müharibə nə dayanacaq, nə də əvvəlki qədər intensiv hal alacaq”.