
Mühafizəçini ölümcül döydürən qadının arxasında pullu adam var
Lalə Mehralı: “Belə davrananları araşdıranda görürsən ki, hansısa məmurun qohumudur”Elməddin Muradlı: “Mənim anlamadığım, cəmiyyətdə kifayət qədər hörmət sahibi olan insanların bu cür qadınları himayə eləməsidir”

Bir neçə gün əvvəl Səbail rayonu ərazisində, "Abşeron” mehmanxanasının yaxınlığında yerləşən yaşayış kompleksinin mühafizəçisinin bir qızın şikayəti ilə ölümcül hala salınması xəbərləri medianın gündəmini zəbt edib. Dünən isə Bakıda mühafizəçini ölümcül döydürən "003” nömrə nişanlı "Renc Rover” avtomobilinin xanım sürücüsü ilə bağlı yeni faktlar ortaya çıxıb.Məlumata görə, cavan xanım sürücü idarə etdiyi "— — 003” dövlət qeydiyyat nişanlı son model "Renc Rover” markalı avtomobili yer olmadığından yaşayış kompleksinin həyətində saxlamaq istəyib. Lakin binanın mühafizəçisi ona icazə verməyib. Həmin xanım kiməsə zəng edərək mühafizəçidən şikayətlənib. Az sonra "AA” dövlət nömrə seriyalı qara rəngdə "Mersedes” markalı avtomobillə iki nəfər həmin yerə gəlib. Onlar mühafizəçini huşunu itirənədək döyüb, sonra isə maşına əyləşərək ərazini tərk ediblər. Yerdə qan içərisində olan mühafizəçi təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Məlumat yayımlanandan sonra məsələ Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Məlum olub ki, mühafizəçini döyən şəxs elə sifarişi verən qadının əridir. Qadının əri hadisədən sonra həbs olunub.
Qeyd edək ki, bu hadisə qadın sürücülərin məsuliyyətsizliyi və qanunlara sayğısızlığı ilə bağlı ilk fakt olmadığı üçün problemin ictimai müzakirəsinə gərək duyduq.
Sosioloq Lalə Mehralı "Şərq”ə açıqlamasında hər il müşavirədə Prezidentin bu kimi hallara qarşı ciddi tədbirlər görülməsi barədə tapşırıqlar verdiyini və məmurları tənbeh etdiyini deyib: "Çünki məmurların övladları və qohumları bu özbaşınalığı törədənlərdir. Bu hadisədə də avtomobilin dövlət nömrə nişanlı olması faktı Prezidentin haqlı olduğunu təsdiq edir. Bir az səlahiyyətə sahib olan kimi ətrafına qarşı aqressiya, vətəndaşlara zorakılıq və güc tətbiq etmək istəyi yaranır. Ömründə sükan arxasına keçməyən qızına, qadınına bahalı maşın alıb verir. Heç bir yol hərəkəti qaydasını bilməyən bu qadınlar nəticədə bu cür hadisələrin yaşanmasının səbəbkarı olur. Onlar üçün "olmaz” deyə bir şey yoxdu, çünki hər istədiklərini əldə edib, bir dedikləri iki edilməyib. Səhər yeməyini Bakıda yeyib nahara başqa ölkəyə, şam yeməyinə ayrı ölkəyə gediblər. Hamısının günahkarı da onlara bu imkanı yaradandır. Keçənilki müşavirədə dövlət başçısının ciddi şəkildə tənbehini eşidənlər yenə istədiklərini edirlər. Çünki Prezident humanist davranıb, səlahiyyətlərini əlindən almayıb. Çox qadın avtomobil sahibidir, amma hamısı bu cür davranmır. Belə davrananları araşdıranda görürsən ki, hansısa məmurun qohumudur. Bu qohumluqdan aldığı cəsarət ilə istədiyi özbaşınalığı edir”.
Qarşısının alınmasına gəldikdə isə sosioloq hesab edir ki, Prezident məlumatlandırılmalıdır: "Söhbət dövlət nömrə nişanına malik olan, dolayısı ilə məmur olan birinin bu məsələdə əli olmasından gedir. Belə hadisələrdə gərək ciddi cəza tətbiq edilsin ki, gözü çıxan qardaş digərinə də görk olsun”.
"Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı isə hesab edir ki, bu cür özbaşınalıqların kökündə hər şeydən əvvəl sürücü mədəniyyətinin olmaması dayanır: "Bu cür qadınların, ümumiyyətlə, sürücülük anlayışından xəbərləri yoxdur. Onlar üçün yazılmamış bir qanun var ki, hamı onların qarşısında təzim etməli və yol açmalıdır. Bu qadınların arxasında elə adamlar durur ki, o cür ad-san, hörmət sahibinin bu işlərlə məşğul olması insanda təəccüb doğurur. Elə qadınların bu cürə məsuliyyətsizliyinə, özbaşınalığına məhz onların arxalandıqları adamın cəmiyyətdə sahibi olduğu status, ad-san imkan verir. Yol-hərəkəti qaydalarını pozmaq onlar üçün heç nədir. Düşünürlər ki, qəzaya uğrasa, sevgilisinin və ya ərinin adamları bir dəqiqənin içərisində onu hadisə yerindən uzaqlaşdıracaqlar. Qaydaları pozduğuna görə kimsə ona gözün üstə qaşın var desə, həmin kişinin mühafizəçiləri dərhal onu döyməlidir. Hansısa polis əməkdaşı onun maşınını saxlayıbsa, günü sabah o polis işdən çıxarılmalıdır. Və çox təəssüflər olsun ki, əksər vaxtda hər şey onların istədikləri kimi olur”.
Bu cür insanların cəmiyyətdə heç vaxt layiqli yer tutmadıqlarını vurğulayan baş redaktorun sözlərinə görə, arxasındakı adamlar "yox” olandan sonra bu gün yollarda "at oynadan” qadınlar heç kim olacaqlar: "Belə qadınlar pullu kişilərə uzaqbaşı 40 yaşına kimi lazım olur. Ondan sonra həmin qadınların üzünə baxan da olmayacaq. Çörəyinə bais olduğu, döydürdüyü adamların da ahı onları tutacaq, küçələrdə sürünəcəklər. Kiminsə hesabına xoş gün keçirmək o demək deyil ki, kasıbları əzməli, bütün qanunları pozmalısan?! Axı mühafizəçi sadəcə təhkim olunmuş, təhlükəsizliyə cavabdeh olan şəxsdir. Əgər o, binanın önündə nəqliyyat vasitəsinin saxlanmasının qadağan olduğunu deyirsə, deməli qadağandır. İki metr o tərəfdə saxlayanda nolur ki?! Şərtdir ki, ərini, sevgilini çağırtdırıb, onu döydürəsən?!”.
Başqalarının hesabına yaşayanların ta qədimdən hegemonluq eşqində olduğunu vurğulayan E.Muradlının sözlərinə görə, inzibati qaydalar belə bu cür özbaşınalıqlar qarşısında acizdir: "Dünya yaranandan bu cürə qadınlar özlərini yerin-göyün ağası kimi aparıblar. Bu isə onların daxili mədəniyyətindən irəli gələn bir şeydir. Hər insan cildində olanda insanlıq olmur. Cəmiyyətdə ikrah doğuran, insanlara yuxarıdan aşağı baxan insanların əksəriyyəti başqalarının hesabına yaşayan insanlardır. Amma mənim anlamadığım cəmiyyətdə kifayət qədər hörmət sahibi olan insanların bu cür qadınları himayə eləməsidir. Faktiki olaraq bu adamlar illərlə qazandığı ad-sanı, var-dövləti bu cür qadınların ayaqları altına salır, hətta özləri də onların qarşısında əyilirlər. Qadınlar da düşünür ki, belə bir adam mənim qarşımda baş əyirsə, sadə vətəndaşlar da ona təzim etməlidir. Adamlar var ki, küçə qadınlarına elə bir şərait yaradıb ki, onlar cəmiyyətdə söz sahibi olub, başqalarına iş həll edirlər. İnandırım sizi ki, yol-hərəkəti qaydalarını pozan, maşınlarını insanların üstünə sürən qadınların heç biri imkanlı şəxslərin ailə üzvləri deyil. Böyük əksəriyyəti pullu kişiləri öz cənginə keçirən əxlaqsız qadınlardır. Normal ailə tərbiyəsi alan heç bir qadın sürücü bu cür özbaşınalıqlara yol verib nə özünü, nə atasını, nə də həyat yoldaşını millətin dilinə salar. Hesab edirəm ki, imkanlı şəxslər özlərinə hörmət edib, bu cür qadınlara bütün yollarda "yaşıl” işıq yandırmasalar, bütün problemlər öz həllini tapar. Yuxarıda da dediyim kimi, o qadınlar cəmiyyətdə heç bir mövqeyə sahib deyillər. Əgər arxalandıqları adam olmasa, nə adam döydürməyə, nə də qaydaları pozmağa cəsarətləri çatar”.
Şəymən