Bakıdakı 116 saylı məktəbdə özbaşınalıq...

Valideyn pul vermədiyi üçün 2 qızını müəllimin təhqir etdiyini deyir
Nadir İsrafilov: “Bir zamanlar pul yığma üçün süpürgə pulunu əsas göstərirdilərsə, artıq bu üsul dəbdən düşüb”

Nabatəli Qulamoğlu: "Məktəb direktorları bundan xəbərsiz olmur və bunu onlar özləri təşkil edir”

Orta məktəbdə fond, süpürgə pulu kimi yığılan vəsaitlərlə hər birimiz rastlaşmışıq. Valideynlər tərəfindən narazılığa səbəb olan bu cür halların qarşısını almaq çətin bir işə çevrilib.

İndi isə orta məktəblərdə artıq kağız pulu dəbə düşüb. Belə ki, Bakı şəhər sakini Ramilə Məmmədova Xətai rayonunda yerləşən 116 saylı orta məktəbdə valideynlərdən müxtəlif adlar altında pul tələb olunduğundan şikayətçidir.

R.Məmmədova bildirib ki, iki qızının təhsil aldığı həmin məktəbdə tələb olunan pulu vermədiyi üçün övladları müəllim tərəfindən alçaldılıb: "Qızlarım həmin məktəbdə 1-ci və 3-cü sinifdə oxuyur. Xırda müəllimə və Kunzala müəllimə, direktor Aidə Seyidovanın tapşırığı ilə bizdən müxtəlif bəhanələrlə pul tələb edir. Summativ testlərin aparılması üçün ötən il 1 uşaq üçün 27 manat alınırdısa, bu il hər uşaq üçün 36 manat istəyirlər”. Valideyn həmçinin deyib ki, hər ay 20 manat qəzet pulu, 10 manat süpürgəçi pulu toplanır. Hətta məktəbin psixoloqu 500 ədəd "A4” kağızı tələb edir və deyir ki, vərəqlərə uşaqların psixoloji durumunu yazır: "Valideyn iclasları ancaq pul yığmaq üçündür. Bu günə kimi bir dəfə də olsun, valideyn iclaslarında bizim uşaqlarımızın davranışları, təhsili haqda heç nə danışılmayıb. Aidə Seyidova ibtidai sinfi bitirib 5-ci sinfə keçən uşaqların valideynlərinin hər birindən 30-50 manat alaraq, onlara yaxşı müəllimlər təyin edir”.

Məsələni dəyərləndirən təhsil üzrə ekspert Nadir İsrafilov "Şərq”ə deyib ki, məktəblərdə hər hansı bir məqsəd üçün pul yığılması qəti surətdə qadağan edilən bir təzahürdü. Müəyyən bəyanatlar və çıxışlar olsa da, bunun problemin həllinə heç bir xeyri yoxdu: "Bununla bağlı dəfələrlə Təhsil Nazirliyi tərəfindən xeyli sayda əmrlər və göstərişlər verilib. Hətta belə bir hadisəyə görə hər hansı bir əmr vermək normal hal deyil. Amma görün məsələ nə yerdədi ki, məktəblərdə pul yığılması ilə bağlı cəza tədbirlərinin görüləcəyi nəzərdə tutulur. Müəllimlər günü və 8 Mart ərəfəsi Təhsil Nazirliyi rəsmi qaydada göstərişlər verir və bu halın normal olmadığını nəzərə çatdırır. Müəyyən profilaktik işlər görülsə də, məsələ olduğu kimi öz yerində qalır. Bu cür halın subyektiv və obyektiv səbəbləri var. Məktəblərdə çap materialları, kserkslər pul hesabına əmələ gəlir. Hazırda qiymətləndirmə mexanizmləri dəyişdirilib. Diqanostik qiymətləndirmə, summativlər, makrosummativlərin keçirilməsi kağız əsasında həyata keçirilir. Düzdür, məktəblərin təsərrüfat məsələlərinə görə müəyyən vəsaitlər ayrılır. Lakin bu vəsaitlər kifayət qədər deyil. Hər halda müəyyən vəsait ayrılsa da, pul yığma forması dəyişib. Yəni, bir zamanlar pul yığma üçün süpürgə pulunu əsas göstərirdilərsə, artıq bu üsul dəbdən düşüb və kağız pulu ortalığa çıxıb. Pul yığılması üçün hansısa səbəbləri əsas göstərərək sui-istifadə edirlər. Bu hallarla bağlı müxtəlif vasitələr və üsullar axtarıldı. "Müəllim, şagird və valideyn assosiasiyası” deyilən bir qurum yaradıldı. Sonra müəyyən söhbətlər ortaya çıxdı ki, artıq pul müəllimlər tərəfindən deyil, rəhbərliklə valideynlər tərəfindən yığılır. İndi isə belə bir məsələ gündəmdədir ki, bu assosiasiya özünü doğrultmur və "Valideyn icmaları” adlı yeni bir qurum yaradılır. Hər halda bu, xoşagəlməz bir haldı. Pul yığımı rüşvətdi və bizim cəmiyyət üçün yaxşı deyil”. Bundan başqa, ekspert bildirib ki, əvvəlki illərlə müqayisədə hazırda belə halların kökü kəsilməsə də, xeyli azalıb: "İstər ali məktəblərdə, istərsə də orta məktəblərdə dövlət tərəfindən müəyyən ölçülər görülür. Ali məktəblərə sessiyalara və imtahanlara nəzarət gücləndirilib. Lakin danılmaz bir faktdır ki, bu məsələnin tam şəkildə öz həllini tapması üçün illər tələb olunacaq”.

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu isə belə bir halın tipik olduğunu və orta məktəblərin əksəriyyətində bu cür hallara rast gəlindiyini deyib: "Düzdür, müəyyən istisnalar var, amma bu istisnalar çox deyil. Buna rəvac verən odur ki, məktəb rəhbərliyinin əlinə bəhanələr verilir. Bəhanələr isə budur ki, kurrikulum təhsil proqramı əsasında fəaliyyət göstərən dərslər əlavə kağızlardan istifadəni tələb edir. Ümumiyyətlə, nazirlik tərəfindən dəftər haqqı verilir, lakin güman edirəm ki, bu vəsait çatmır. Ya da məktəb direktorları bu pulu mənimsəyirlər. Müəllim də məcbur olur ki, bu kağız formatını əldə etmək üçün uşaqlardan pul yığsın. Lakin mən müəllim tanıyıram ki, onlar kağızları öz şəxsi hesabına alır. Müəllim adına ləkə gətirməmək üçün istəmir ki, uşaqlara əl açsın”. Həmçinin ekspert hesab edir ki, bu cür işlərdə müəllim sərbəst deyil. Məktəb direktorları bundan xəbərsiz olmur və bunu onlar özləri təşkil edir: "Hər halda müəllimlər bunu eləməyə məcburdu. Fakt onu göstərir ki, belə vəziyyətdə direktor müəllimi müdafiə edirsə, deməli, bundan onun xəbəri var. Onların arxasında yüksək vəzifəli məmurlar dayanır. Nə qədər ki, məmurlar onların arxasında dayanır, onlara heç nə edə bilmirlər. Güman edirəm ki, araşdırma aparılsa, məktəblərin 90 faizində bu vəziyyət var. Belə neqativ halların baş verməsi üçün qanunlar kifayət qədər işləməyib”.

Yeganə Bayramova