ABŞ və İran arasında gizli danışıqlar: Yeni nüvə sazişinin detalları məlum olub

ABŞ və İran nüvə sazişi üzrə danışıqlar çərçivəsində İslam Respublikasına uranın zənginləşdirilməsinə təxminən 15 illik uzunmüddətli qadağanın qoyulmasını müzakirə edir.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti qapalı məsləhətləşmələrin gedişatından xəbərdar olan amerikalı rəsmilərə və diplomatlara istinadən yazır.

Qəzetin məlumatına görə, son həftələrdə tərəflər mümkün razılaşmanın dörd əsas elementi üzrə danışıqlar aparıblar və Vaşinqton bunun İranın nüvə proqramını təxminən 15 il dayandıra biləcəyinə inanır. Əsas məqamlardan biri uran zənginləşdirilməsinin dayandırılmasıdır. ABŞ əvvəlcə 20 illik qadağada israr edirdi, İran isə 10 il təklif edirdi. Amerika rəsmiləri hesab edir ki, tərəflər 15 illik qadağa barədə razılığa gələ bilərlər.

Nəşrin mənbələrinə görə, hələlik yalnız mümkün razılaşmanın ilkin konturları müzakirə olunur və Yaxın Şərqdəki vəziyyətin yeni gərginləşməsi fonunda danışıqların sonrakı gedişatı qeyri-müəyyən olaraq qalır.