NASA “Artemida-3” missiyasının heyətini açıqlayıb

NASA “Artemida-3” kosmik missiyasının heyətini açıqlayıb. Missiyanın ekipajı dörd nəfərdən ibarət olacaq və onun tərkibində Avropa Kosmik Agentliyinin bir astronavtı da yer alacaq.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) rəhbəri Cared Ayzekman məlumat yayıb.

Missiyanın komandiri amerikalı astronavt Rendi Breznik təyin olunub. Pilot funksiyasını italiyalı astronavt Luka Parmitano yerinə yetirəcək. Amerikalılar Frenk Rubio və Andre Duqlas isə missiya mütəxəssisləri kimi fəaliyyət göstərəcəklər. Ehtiyat ekipaj üzvü Bob Hayns olacaq.

NASA rəhbərinin sözlərinə görə, “Artemida-2” missiyasından fərqli olaraq, “Artemida-3” Yerətrafı orbitdə həyata keçiriləcək və Ay missiyaları üçün bir neçə raketin eyni proqram çərçivəsində istifadəsini sınaqdan keçirmək məqsədi daşıyacaq.

“Biz "Artemida-3" missiyasından çoxsaylı buraxılışların koordinasiyasını təkmilləşdirmək və müxtəlif sistemlərin uyğunluğunu yoxlamaq üçün istifadə edəcəyik”, - deyə Ayzekman bildirib.

Məlumata görə, missiyada “SpaceX” və “Blue Origin” şirkətlərinin daşıyıcı raketlərindən istifadə olunacaq.