Psixi xəstəlikləri “müalicə etmək” istəyərkən yüzlərlə insanın ölümünə səbəb oldu

Hər şey ağıl xəstəliklərinə çarə tapmaq ideyası ilə başlamışdı, lakin nəticə tam bir fəlakət oldu. Amerikalı nevroloq Walter Freemanın 1936-cı ildə ABŞ-da təqdim etdiyi lobotomiya metodu illər ərzində yüzlərlə ölümə və geri dönüşü olmayan ağır nəticələrə səbəb oldu.

Sherg.az xəbər verir ki, 1930-cu illərdə psixi xəstəliklərin müalicəsi üçün effektiv üsulların az olduğu bir dövrdə amerikalı nevroloq Valter Freeman lobotomiya adlı proseduru ABŞ-də geniş tətbiq etməyə başladı. O, bu üsulu inqilabi müalicə kimi təqdim etsə də, sonradan tibb tarixinin ən mübahisəli və faciəli metodlarından birinə çevrildi.

Freeman 1935-ci ildə portuqaliyalı nevroloq Egas Monizin təqdim etdiyi leykotomiya üsulundan ilham alaraq, neyrocərrah James W. Watts ilə birlikdə prefrontal lobotomiya metodunu hazırladı. ABŞ-də ilk əməliyyat 1936-cı ildə həyata keçirildi.

Daha sonra Freeman göz yuvasından beyinə daxil olmağa imkan verən və “buzqıran aləti üsulu” kimi tanınan transorbital lobotomiya metodunu tətbiq etməyə başladı. O, bu əməliyyatın sadə olduğunu iddia edərək ölkə boyu təbliğ etdi.

Lobotomiyanın ən məşhur qurbanlarından biri ABŞ Prezidenti Con F. Kennedinin bacısı Rozmari Kennedi olub. 1941-ci ildə əməliyyatdan sonra onun əqli qabiliyyəti ciddi şəkildə zəifləyib və ömrünün sonuna qədər xüsusi müəssisədə yaşayıb.

1967-ci ilə qədər Freeman təxminən 3500 lobotomiya əməliyyatı həyata keçirib və ya onlara nəzarət edib. Məlumatlara görə, yüzlərlə pasiyent daimi nevroloji zədələr alıb, təxminən 490 nəfər isə həyatını itirib.

1950-ci illərdə antipsixotik və antidepressant dərmanların istifadəyə verilməsi ilə lobotomiyaya maraq sürətlə azalıb. Bu gün lobotomiya tibb etikasında ən çox müzakirə olunan və tənqid edilən təcrübələrdən biri hesab olunur.