“Rusiya və amerikalı həmsədrlər eyni sözü təkrarlayırlar”

“Xarici diplomatların Qarabağla bağlı növbəti və biri-birini təkrarlayan bəyanatlarının əhəmiyyəti yoxdur”


Amerika Birləşmiş Ştatlarının dövlət katibinin köməkçisinin müavini Bridcet Brink
Azərbaycanda səfərdə olub. Ölkəmizdə yüksək səviyyədə qarşılanan qonaq Prezident İlham
Əliyev tərəfindən qəbul edilib.

Dövlət başçısı ölkələrimiz arasında uğurlu əməkdaşlığın ABŞ-ın yeni administrasiyası ilə də
davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Brink isə ölkəsinin Azərbaycana, bütövlükdə
regiona olan güclü dəstəyini qeyd edərək ABŞ-ın bu istiqamətdə uzun müddət ardıcıl siyasət
həyata keçirdiyini vurğulayıb. Görüşdə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında
əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həlli
yolları ətrafında geniş fikir mübadiləsi aparılıb. Bricet Brink söyləyib ki, ABŞ münaqişə tərəfləri
ilə işləyərək münaqişənin hərtərəfli və sülh yolu ilə həllinin tapılması işinə sadiqdir: "Dağlıq
Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Ceyms Uorlikin xidmətlərini yüksək
qiymətləndiririk. O, 3 il bu vəzifəni icra etdi. Biz onunla aprel döyüşlərində sıx işlədik. Yeni
həmsədrin adı isə hələlik məlum deyil”.

 Bricet Brinkin sözlərinə münasibət bildirən politoloq Elxan Şahinoğlu amerikalı və rusiyalı diplomatların eyni söz dediklərini bildirib: "Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini  Bricet Brinks bu fikri bir daha təkrarlayıb və Qarabağda müharibə istəmədiklərini deyib. Müharibəni və çoxsaylı itkiləri kim istəyər ki? Müharibə hər mənada böyük riskdir. Ancaq burada məsələ başqadır. Məgər Rusiya Çeçenistanı özünə tabe etdirmək üçün müharibə aparmadımı və ya Amerika Səddam Hüseynin ordusunu Küveytdən danışıqlar yoluylamı uzaqlaşdırdı? Fikrimcə, xarici diplomatların Qarabağla bağlı növbəti və biri-birini təkrarlayan bəyanatlarının əhəmiyyəti yoxdur. Çünki özlərinə uyğun olanda müharibə də edirlər, müxtəlif ərazilərə müdaxilədən də çəkinmirlər. Bizi bu hüquqdan məhrum edə bilməzlər. Əks halda,
işğalçı əlini sallayaraq, status-kvonu uzatmaqda davam edəcək”.

İsmayıl