BƏƏ-nin “flydubai” aviaşirkəti Rusiyanın iki şəhərinə uçuşları dayandırıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “flydubai” aviaşirkəti Rusiyanın 2 şəhərinə uçuşları dayandırıb.

Trend xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyası (RTA) məlumat yayıb.

"“flydubai” aviaşirkəti fors-major halları və uçuşların təhlükəsizliyinə yaranan təhdidləri əsas gətirərək, 28 dekabr 2024-cü ildən 5 yanvar 2025-ci il tarixinədək Soçi və Mineralnıye Vodı şəhərlərindən Dubaya olan uçuşları müvəqqəti olaraq dayandırıb. Bu qərar 4 mindən çox sərnişinə təsir edir ki, onların 90 faizi tur operatorlarının müştəriləridir.

Hazırda tur operatorları “flydubai” aviaşirkətinin Soçi və Mineralnıye Vodı istiqamətində ləğv etdiyi uçuşlarla bağlı problemi operativ şəkildə həll etməyə çalışırlar", - RTA-nın açıqlamasında bildirilir.

Bundan əlavə, bu gün Qazaxıstanın “QAZAQ AIR” aviaşirkəti də təhlükəsizlik səbəblərinə görə Yekaterinburqa olan uçuşları dayandırıb.