Borc məsləhət mərkəzləri yaradılır

“Banklar özləri bu məsələdə daha ehtiyatlı olmalıdırlar”



Ölkəmizdə kredit almaq üçün banklara müraciət edən kifayət qədər insanlar var. Amma banklara borcu olan və aldığı məbləği faizi ilə birgə qaytara bilməyən insanların isə heç sayı-hesabı bilinmir. Şərti olaraq ölkədə hər 5 nəfərdən 3-nün banka borcu var.

Kredit istəyənlərin sayının çoxalmasına səbəb tələbatla bağlı ola bilər. Bu da problemli kreditlərin yaranmasına birbaşa təsir göstərir. Bununla bağlı maliyyə-bank sektorunda müəyyən addımlar da atılmaqdadır. Belə ki, Azərbaycanda perspektivdə borc məsləhət mərkəzləri yaradılması nəzərdə tutulur və məsələylə əlaqədar müvafiq layihə hazırlanmaqdadı. Bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Azərbaycan üzrə direktoru Aliyə Əzimova bildirib. O söyləyib ki, borc məsləhət mərkəzlərinin yaradılmasında İFC böyük təcrübəyə malikdir: "Bu sahədə ölkəmizdə potensial çoxdur. Belə mərkəzlərin yaradılması həddindən artıq borclanmanın qarşısını almaqda mühüm rol oynaya bilər. Borclar üzrə məsləhətləşmələr mexanizminin yaradılması önəmlidir”.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycanda bir sıra layihələr, o cümlədən fermerlərə biznesin idarə edilməsi üzrə layihənin həyata keçirilməsi də mümkündür.

Məsələni dəyərləndirən iqtisadçı-ekspert Qalib Toğrul borc mərkəzlərinin yaradılmasının bank sektorunda böyük rol oynayacağını bildirib: "Bu məsələ ilə bağlı çox vacib amillər var ki, onlar nəzərə alınmalıdır. Təbii ki, borc məsləhət mərkəzlərinin yaradılması borclanma ilə bağlı müəyyən qərarların qəbuluna kömək edə bilər. Amma ümumilikdə götürəndə banklar özləri bu məsələdə daha ehtiyatlı olmalıdırlar. Birinci növbədə banklar özləri bu işə məsuliyyətli yanaşmalıdırlar və məsuliyyətli qərarlar verməlidirlər ki, kimlərə borc vəsaiti versinlər. 2008-ci ilin qlobal maliyyə böhranı da məhz Amerikadan başladı. Bu böhran da bankların məsuliyyətsiz borcları verməsi ilə bağlı oldu. Baxmayaraq ki, bank sektoru real bir sektor deyil. Lakin bank sektoru real sektorun inkişafını təşkil edəndə, orda böyük sarsıntılar yaratmaq olur. Lap dəqiq desək, iqtisadiyyatın qan damarı kimi bir şeydi. Ona görə də belə mərkəzlərin yaradılması təqdirəlayiq olardı”.

Yeganə Bayramova