Deputatdan sərt SUAL: "Nədən ABŞ Liviya, Əfqanıstan problemlərini dinc yolla həll etmədi?"




Qarabağ münaqişəsinin həllində istiqaməti ABŞ deyil, Azərbaycan müəyyən edir.

Bunu Sherg.az-a ABŞ rəsmisi Bricet Brinksin "Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur" iddiasına münasibət bildirən millət vəkili Fazil Mustafa deyib.

Deputat bildirib ki, Qarabağ münaqişəsinin tənzimlənməsi Amerikanı narahat edən məsələ deyil
"ABŞ münaqişələrin sülh yolu ilə həllində maraqlıdırsa, Liviya, Əfqanıstan kimi ölkələrin problemlərini də dinc yolla həll etməli idi. Lakin müharibəyə əl atdı. Çünki bu problemlərə özününkü kimi baxırdı və hərbi üsulu seçdi. Hazırki vəziyyətdə istiqaməti Amerika deyil, Azərbaycan müəyyən edir. Bu səbəbdən Vaşinqtonun mövqeyi bizim deyil, öz maraqlarına xidmət edir. Problemimizə öz baxışımızı göstərməliyik. Azərbaycan münaqişənin tənzimlənməsini hərbi yolda görür. Amerika başqa yol bilirsə, buyursun həll etsin”.

F. Mustafa onu da əlavə edib ki, ABŞ rəsmilərinin bu cür açıqlamaları problemə laqeyd qaldıqlarının göstəricisidir
"Bərabər hüquqlardan danışılırsa, sual olunur ki, Krımın işğalına görə Rusiyaya sanksiyalar tətbiq edilir, Ermənistana niyə edilmir? Amerika bu standartları və ikiüzlülüyü davam etdirir. Münasibət belə davam edərsə, münaqişənin hərb yolu ilə həlli istiqamətində hazırlıqlarımızı görməliyik”.
Qeyd edək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinks Bakıda konfransı zamanı Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin olmadığını deyib.

Ayyət Əhməd