”Erməni vandalları köçürülüb gətirildikləri Azərbaycan torpaqlarından yerli türk-müsəlman əhalini didərgin salmaq üçün onların ibadət yerlərini - yüz illərlə öz varlığını qoruyub saxlamış nadir memarlıq inciləri olan 300-dən çox məscidi, çoxlu sayda türbəni, ziyarət yerlərini, qəbristanlıqları yerlə yeksan ediblər”.
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib. O bildirib ki, hazırda yalnız İrəvandakı Göy Məscid qalıb ki, onu da ermənilər xarici qonaqlara fars abidəsi kimi təqdim edir.
Y. Mahmudov qeyd edib ki, İrəvan rəhbərliyi bu gün xaricdən gələn qonaqlara və tədqiqatçılara "qədim erməni torpağı”nda və onun "qədim paytaxtı”nda yaşı 200 ildən yuxarı olan bircə dənə də tarixi abidə göstərə bilmir: "Müstəqillik dövründə Azərbaycan tarixi yenidən yazılır. Bütün dövrlərdə bizim tariximiz amansızcasına təhrif olunub. Xüsusilə, erməni saxtakarları tariximizi başqa formada təqdim ediblər.
Buna görə də tariximizi yenidən, olduğu kimi yazırıq. Yazdıqca zərərli konsepsiyaları uyduranlar çox narahat olmağa başlayır, ölkəmizə, bizə hücumlar getdikcə kəskinləşir. Çünki biz tariximizi bərpa edirik. Ermənilər hər cür saxtakarlıqla regionun, Azərbaycanın tarixini öz tarixi kimi təqdim etmək istəyirlər. Əslində isə 1918-ci il mayın 29-da İrəvan şəhərini və ətrafındakı 9 min kvadrat kilometr yeri biz onlara vermişik, ona kimi burada erməni dövləti olmayıb. Amma onlar özlərini ən qədim aborigen əhali, bizləri isə köçəri xalq kimi təqdim ediblər”.