Rusiyadan qayıdanlar işsizliyi artıracaq- BÖHRAN




Rusiyadan Azərbaycana qayıdanların çoxalması işsizliyin artmasına səbəb olacaq.

Bunu Sherg.az-a Rusiyadan ölkəmizə qayıdan azərbaycanlıların sayının artmasına münasibət bildirən iqtisadçı-ekspert Qalib Toğrul söyləyib. 

Onun sözlərinə görə, iqtisadiyyatı neftdən asılı olan ölkələrdə iqtisadi böhranın baş verməsi bütün sahələrə təsir göstərir

"Təbii ki, belə şəraitdə çətinlik artır. İnvestisiya qoyuluşu azaldığından iş yerləri ixtisar olunur. Bu səbəbdən, həmyerlilərimizin Rusiyadan Azərbaycana dönməsi başa düşüləndir. İndiyə qədər Azərbaycan iqtisadiyyatına Rusiyadakı miqrantlarımızdan kifayət qədər böyük vəsaitlər daxil olurdu. Rəsmi statistikada bu rəqəm 1 milyon 200 min dollara qədər göstərilir. Əlavə olaraq, qeyri-rəsmi göndərmələri də nəzərə alsaq bu məbləğ bir az da çoxalır. Eyni zamanda Rusiyada yaşayan azərbaycanlılar qayıdıb burada mənzillər, torpaq sahələri alır, obyektlərin tikintisinə investisiya yatırırdılar. Bu da, Rusiya və Azərbaycanın iqtisadiyyatında irəliləyişə səbəb olurdu".

Miqrantların ölkəmizə qayıtmasının nəticələrindən danışan Q. Toğrul bəyan etdi ki, bunun mənfi təsirləri çox olacaq

" Hazırda Rusiyada olduğu kimi ölkəmizdə iqtisadi böhran hökm sürür. 2017-ci ilin büdcə göstəriciləri aşağı gözlənildiyindən iqtisadiyyatın daralması davam edəcək. Belə zamanda daxil olan vəsaitlərin azalması təbii ki mənfi nəticə göstərir. Baxmayaraq ki, Rusiyada yaşayan şəxslərin çoxu artıq Rusiya vətəndaşlığını alıblar, yenə də onların Azərbaycana qayıtması işsizliyin artmasına, yoxsul ordularının yaranmasına gətirib çıxaracaq. Ölkəyə daxil olan vəsaitlərin azalması baxımından bu hal yaxşı heçnə vəd etmir. Onların burada həm işçi həm sahibkar fəaliyyəti üçün real iqtisadi şərait yoxdur”.

Qeyd edək ki, son zamanlar Rusiyadakı soydaşlarımızdan Azərbaycana qayıdanların sayında kəskin artım müşahidə olunur.

Aysel Aslan