Azərbaycanlılara İŞGƏNCƏ verilir- BAŞ REDAKTOR




Azərbaycan torpaqlarında azərbaycanlılara işgəncələr verilirsə, beynəlxalq qurumlar məsələyə ciddi müdaxilə etməlidir.

Bunu Sherg.az-a Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin fəaliyyətindən danışarkən Parlament Jurnalistlər Birliyinin sədri, Modern.az saytının baş redaktoru Elşad Eyvazlı söyləyib. 

Onun sözlərinə görə, girovların vəziyyətlərinin yaxşı olmaması onlara verilən işgəncələrin nəticəsidir: 
"Girovların azad edilməsi üçün görülən tədbirlərin dəstəklənməsi müsbət rol oynaya bilər. Həmçinin bu komitənin yaradılması və fəaliyyəti yaxşı nəticələrə gətirib çıxarar. Aydındır ki, girovlar əli-qolu bağlı, tərpənə bilməyən şəxslərdir. Buna görə də, biz girovlarla necə davranıldığını bilmirik. Onların sağlamlığında problemlərin yaranması da gördükləri işgəncələrin nəticəsidir. Dilqəm və Şahbazın azad olunması üçün tək dövlət deyil, ictimaiyyət də müəyyən işlər görməlidir”.

E. Eyvazlı beynəlxalq təşkilatların da bu məsələdə duyarlılığının vacib olduğunu diqqətə çatdırıb: 
" Ermənistana təsir etməklə girovların taleyi barədə nigaranlıqları azaltmaq olar: "Dilqəm və Şahbaz öz doğulduqları torpaqlara, Azərbaycana məxsus olan Ermənistan tərəfindən işğal edilən ərazilərimizə gediblər. Ermənistan şəhərlərinə və ya İrəvana keçməyiblər ki, onların cəzası bu qədər ağır olsun. Düşünürəm ki, komitə Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsi və digər qurumlarla sıx əlaqədə olmalıdır. Bu hal 10 minə yaxın girovun müəyyən qisminin azad olunmasına, işgəncələrin azalmasına təkan verə bilər. Hazırda ermənilər haqqı olmadığı təqdirdə Azərbaycan torpaqlarında azərbaycanlılara işgəncə, əziyyət verirlərsə, bu, artıq dünya ictimaiyyətini narahat etməlidir.

Qeyd edək ki, ötən gün Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin iclası keçirilib. Toplantıda girovların sağlamlıq vəziyyətləri haqqında müzakirələr aparılıb.
 
Ayyət Əhməd