Rusiya Minsk qrupunda həmsədrini hələ dəyişmək niyyətində deyil




ATƏT-in Minsk qrupunun ABŞ və Fransadan olan həmsədrlərinin dəyişdirilməsi uzanan prosesdir, lakin Rusiya həmsədrini yaxın müddətdə dəyişmək niyyətində deyil. Modern.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

M.Zaxarova bildirib ki, İqor Popov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzərində işi davam etdirəcək.
XİN rəsmisi əlavə edib: "Dağlıq Qarabağ probleminin çətinliyini və bu problemin münaqişə zonasında yaşayan insanların taleyi ilə bağlı olduğunu nəzərə alaraq, ATƏT-in Minsk qrupunun danışıqlar prosesini intensivləşdirməsini istərdim. Bununla yanaşı, münaqişənin həllində irəliləyiş üçün maksimum səy göstərmək zəruridir".
Qeyd edək ki, bazar ertəsi Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Tvitter”də ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədrini dəyişəcəyini yazıb. Bundan əvvəl isə Fransa tərəfi tezliklə həmsədr postunu Stefan Viskontinin tutacağını bəyan edib.