Müəllimlərə qarşı dözümlü davranmaq lazımdır.
Bunu Sherg.az-a 66 yaşlı müəllimənin intiharından danışarkən Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, ailə psixoloqu Elnur Rüstəmov deyib.
Psixoloq bildirib ki, normalda yaşlı insanlarda intihar riski daha yüksək müşahidə olunur:
"Yaşlı, tənha və ya ailəsi ilə anlaşılmazlıq yaşayan, xəstəlikdən əziyyət çəkən, maddi çətinlikləri olan insanlar daha çox intihara əl atır. "İlin ən yaxşı müəllimi” adını almış insanın intihar etməsi cəmiyyətin diqqətini daha çox cəlb edir. Bunu siyasi, iqtisadi və ya sosial sahəyə yozanlar olur. Nəticə olaraq, ölən şəxsin yaxınları müəyyən travma alır. Düşünün ki, hüznə boğulan insanlar belə mülahizələri dinlədikdə daha da pis ola bilərlər. Ümumiyyətlə, müəllimlərə qarşı bir az dözümlü davranmaq lazımdır. Bir şeyi nəzərə almalıyıq ki, intiharın səbəbləri müxtəlifdir. Bunu daha dəqiq istintaq müəyyən edə bilər. Ola bilər ki, müəllimənin də narahatlığı və ya problemləri olub. Hər halda heç kim kefindən intihar etməz”.
Yaşlı müəllimlərin hazırki proseslərə, müasir cəmiyyətə uyğunlaşması probleminin mövcud olduğunu deyən E. Rüstəmov onun bir tək səhvinin belə geniş qınaq obyekti ola biləcəyini qeyd edib:
"Yenə deyirəm ki, müəllim də insandır, çətinlikləri ola bilər. Əsas məsələ odur ki, davranışında və münasibətində cəmiyyətin də müəllimdən müəyyən gözləntiləri var. Lakin müəllimlərin çoxu hazırda cəmiyyətlə ayaqlaşa bilmirlər. Tez-tez müəllimlə şagird arasında münasibətlərin pisləşəsi haqqında məsələlər mətbuatda eşidilir. Bununla müəllimlərə qarşı bir növ inamsızlıq yaranır. Lakin hər xırda məqama görə bütün müəllimləri günahlandırmaq düzgün deyil”.
Qeyd edək ki, ötən günlərdə Abşeron rayonunda "ilin ən yaxşı müəllimi" 66 yaşlı Mirzəyeva Azelma Xamis qızı yaşadığı evdə özünü asaraq intihar edib.
Aysel Aslan