İsrailin yəhudi lobbisi Azərbaycanı həmişə müdafiə edir, lakin İranın səsi çıxmır.
Bu barədə Sherg.az-a İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycan səfərindən danışarkən keçmiş millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı deyib.
O bildirib ki, İsrail və Azərbaycan münasibətlərinə İran tərəfinin müdaxilə haqqı yoxdur:
"Belə bir qayda yoxdur ki, Azərbaycanın İranla münasibətləri yaxşıdırsa, İsraillə əlaqələri pozulmalıdır. Hətta qardaş ölkə Türkiyə ilə İsrail arasında müəyyən anlaşılmazlıq yaşandıqda, Azərbaycanla İsrailin münasibətləri yaxşı idi. Azərbaycan müstəqil dövlətdir, siyasətini də müstəqil qurur. İstənilən halda qonşu ölkə ilə münasibətlər də yüksək səviyyədə saxlanmalıdır. Ticarət, gediş-gəliş, əlaqələr genişləndirilməli, hətta viza məsələsi həll edilməlidir. Amma qətiyyən Tehran Bakıya şərt qoya bilməz ki, bizimlə yaxınlaşdıqda, İsraillə əlaqələri kəsin. Beynəlxalq arenada İsrailin yəhudi lobbisi yüksək səviyyədə Azərbaycanı müdafiə etdikdə, İranın səsi belə çıxmayıb. Bu səbəbdən İsraillə münasibətlər pozula bilməz. Biz qonşu dövlətə görə neçə il İsraildə səfirlik açmadıq. Bundan böyük güzəşt ola bilməz. İranın da sevmədiyimiz dövlətlərlə, xüsusilə düşmən ölkə Ermənistanla əlaqələri var. Biz ona İrəvanla əlaqələri kəsməsi barədə şərt qoya bilmərik. Dövlətimiz, onun daxili və xarici siyasəti müstəqildir”.
Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfər edəcəyi xəbəri İranda qıcıq yaradıb.
Aysel Aslan