Ərdoğan Avropa İttifaqına (Aİ) alternativ olaraq Şanxay Əməkdaşlıq Təşkilatına qatılmağı düşünür.
Bu barədə Sherg.az-a Avropa Parlamentinin Türkiyənin Aİ-yə üzvlüyü haqqında səsverməni dondurması qərarına münasibət bildirərkən "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu söyləyib.
Ekspert deyib ki, parlamentin bu qərarı Türkiyə prezidentinin referendum məsələsini bir daha gündəmə gətirməsinə səbəb olacaq:
"Ərdoğan 2000-ci illərdə hakimiyyətə gəldikdə Aİ ilə sıx münasibətlər qurdu, hətta təriflər qazandı. Ancaq illər keçdikcə, o, öz hakimiyyətini möhkəmlətdi. Bununla Avropanın təzyiqləri də artdı. Ərdoğan özü də danışıqların uzanmasından, Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı maneələrin artmasından narazı idi. Qardaş ölkədə 15 iyul hərbi çevriliş olduqda Aİ bunu birmənalı qınamadı. Türkiyə Parlamentinə sui-qəsd olduğu halda Avropa buna qarşı açıqlama vermədi. Bu zaman Türkiyə lideri açıq bəyan etdi ki, bizi 50 ildən çoxdur qapıda gözlədirlərsə, biz də Böyük Britaniya kimi referendum keçirək. İnsanlardan Avropa İttifaqının lazım olub-olmadığını soruşaq. Hadisələrin sonunu belə görmək olar ki, yaxın gələcək üçün Türkiyənin qarşısında üzvlük haqqında məqsəd olmayacaq. Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının simasında daha alternativ yollara baş vuracaq”.
E. Şahinoğlu diqqətə çatdırıb ki, Avropa Parlamentinin qərarı müvəqqəti olsa da, bunun nə qədər davam edəcəyi məlum deyil:
"Aİ-də dövlət çox, oyunçu çox, siyasətçi çox. Ona görə də, hərəsinin ağzından bir avaz gəlir. Ümumi qərara gələ bilmədiklərindən, 50 ildir Türkiyəni gözlədirlər. Bu səbəbdən verilən qərarın nə qədər qüvvədə qalacağı barədə fikir söyləmək çətindir. İttifaq üzvləri açıq etiraf edirlər ki, Ərdoğan hakimiyyətdə olduğu müddətdə üzvlük mümkün olmayacaq. Lakin düşünürəm ki, onun əvəzinə Avropanın istəklərinə cavab verən, demokratik şəxs də gəlsə, Ankaranın Aİ-ə qatılması mümkün olmayacaq”.
Qeyd edək ki, Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı 2005-ci il oktyabrın 3-də başlanan müzakirə prosesinin müvəqqəti dondurulması haqqında qərar qəbul edib.
Aysel Aslan