Sabir Rüstəmxanlı: “ATƏT-in Minsk Qrupu oyunbazlıq edir, vaxt uzadır”
“23 ildir eyni havanı çalırlar”
“Əslində, elə həmsədrlər tərəfləri müharibəyə yaxınlaşdırır”
Sabir Rüstəmxanlı: “ATƏT-in Minsk Qrupu oyunbazlıq edir, vaxt uzadır”
Sabir Rüstəmxanlı: “ATƏT-in Minsk Qrupu oyunbazlıq edir, vaxt uzadır”
"Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanması ATƏT-in Minsk Qrupu həmsədrlərini qane etmir”. Bunu Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün tvitter səhifəsində yazıb. Uorlik deyib ki, vasitəçilər məsələnin sülh yolu ilə həllinə çalışırlar. Ümumiyyətlə, son iki həftədir Minsk Qrupunun ciddi tənqid olunması, vasitəçilik missiyasından vaz keçilməsi, üçlü formatın beş həmsədr dövlətlə əvəzlənməsi, o cümlədən müharibə variantı mediada geniş müzakirə edilir.
Bu mövzularla bağlı "Şərq”in suallarını cavablandıran Vətəndaş Həmrəyliyi Partiyasının sədri, sabiq millət vəkili Sabir Rüstəmxanlı hesab edir ki, Minsk Qrupu barəsində səsləndirilənlər gecikmiş tənqidlərdir.
- Sabir bəy, uzun illər siyasətlə məşğul olan şəxs kimi ATƏT-in Minsk Qrupunun yarıtmaz fəaliyyətini necə dəyərləndirirsiniz?
- Minsk Qrupu yaradılandan bir neçə ay sonra həmsədrlər haqqında fikrimi demişdim. Əslində yaradılandan qısa müddət sonra vasitəçilərin kimliyi və nə iş görəcəkləri bizə bəlli idi. Bir il ərzində həmsədrlər müxtəlif yerlərdə tez-tez görüşlər keçirdilər və guya, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təkliflər hazırladılar. Mən prosesləri izləyəndən sonra yazdım ki, Minsk formatı sadəcə olaraq "turist qrupu”dur. Təvazökarlıqdan kənar olsa da deyim ki, çox uzaqgörənliklə deyilmiş bu ifadə mənə aiddir. İndi hamının ağzına düşüb. Məsələ burasındadır ki, Qarabağdan min kilometrlərlə uzaqda bir araya gəlib danışmaqla problemi həll etmək olmaz. Minsk Qrupu müstəqil təşkilat deyil. Bu qrup üç dövlətin mövqeyini müdafiə edir: - ABŞ, Rusiya və Fransa. Bu üç dövlətin də məqsədi, məramı hamıya bəllidir. Rusiya birbaşa Qarabağın işğalında iştirak etmiş ölkədir. Digər dövlətlər isə erməni lobbisinin təsiri altındadır. Burada açıq-aşkar tərəfkeşlik var.
- Həmsədrlər qrupuna başqa dövlətlərin, məsələn, Türkiyə və ya Almaniyanın cəlb edilməsi münaqişənin həllinə təsir edərmi?
- Vallah, indiki məqamda vasitəçi qrupun daxilinə Türkiyə və Almaniyanın daxil olacağını gözləmək və bunun müsbət töhfə verəcəyini iddia etmək yumşaq tərzdə desək, sadəlöhvlükdür. Dünya siyasətini həll edən böyük dövlətlər var. Məsələn, ABŞ, Rusiya və digər Qərb dövlətləri. Əgər sadaladığım güclərin münaqişəni həll etmək niyyəti olsaydı, biz indi Dağlıq Qarabağ adlı problemdən danışmazdıq. Təcavüzkar Ermənistana müəyyən təzyiq göstərmək kifayət idi ki, münaqişə sülh yolu ilə çözülsün. Amma bu gün həmin ölkələr işğal faktını can çəkə-çəkə deyirlər. Ermənistanda terrorçu bir rejimin olduğunu qəbul etmirlər. Düşmən ölkənin beynəlxalq qanunlara zidd olan bütün addımlarını görməzdən gəlirlər. Azərbaycanda baş verən ən kiçik hadisəni isə şişirdib dağ boyda edirlər. Bunlar hamısı bizə qarşı olan açıq-aşkar qərəzli münasibətdir. Bu cür qurumlardan ədalət və obyektivlik gözləmək absurddur. ATƏT-in Minsk Qrupu oyunbazlıq edir, vaxt uzadır. Halbuki BMT-nin qəbul etdiyi dörd qətnaməyə əsasən münaqişə həll oluna bilər. Amma qurum məsuliyyəti öz boynundan atmaq üçün yalançı bir qrup düzəldib atıb ortaya. Onlar da göz qabağında olan məsələni müxtəlif pərdələr arxasında unutdurmağa çalışırlar. Görünən odur ki, vasitəçilik missiyasını həyata keçirən qurumların, o cümlədən BMT-nin əlində hansısa həll mexanizmləri yoxdur. Onlar sadəcə tövsiyə xarakterli çağırışlar edirlər. Tövsiyələrə də qulaq asan yoxdur. Deməli, həmin təşkilatların hamısı görüntü xarakteri daşıyır. Onların beynəlxalq aləmdə, dünya miqyasında ədaləti qorumaq, dövlətlərin haqlı tələblərini yerinə yetirmək şansları sıfıra bərabərdir.
- Minsk Qrupunu, ümumiyyətlə, vasitəçilik missiyasını başqa nə ilə əvəzləmək olar?
- Baş verən proseslər göstərir ki, dünyanın gələcək düzənini qorumaq, ölkələrin toxunulmazlığını və beynəlxalq ədaləti bərpa etmək üçün daha təsirli mexanizmlər yaratmaq lazımdır. Dünya ölkələri bu haqda ciddi düşünməlidir. Əgər gücü və silahı çox olan zəif tərəfi əzəcəksə, onda dünyanın gələcəyi çox qaranlıqdır. Bu gedişlə bəşəriyyət uçuruma gedir.
- Əksər ekspertlər hesab edirlər ki, hazırkı formatdan imtina mümkündür. Lakin bunun alternativi müharibədir. Savaşla bağlı sizin düşüncəniz nədir?
- Minsk Qrupunun həmsədrləri deyirlər ki, guya onlar münaqişənin müharibə yolu ilə həllini istəmirlər. Amma anlamırlar ki, onların problemə soyuq yanaşması əslində elə müharibəni yaxınlaşdırır, tərəfləri silaha sarılmağa sövq edir. Sirr deyil ki, Rusiya münaqişənin ölü nöqtədən tərpənməsində, yəni müharibənin yenidən başlanmasında maraqlıdır. Başqa maraqlı qüvvələr də var. Müharibəni ən az istəyən ölkələr elə Azərbaycan və Ermənistandır. Çünki savaşda hər iki xalqın qanı töküləcək. Ermənistan keçən əsrdə üç dəfə Rusiyanın oyununa gəlib. Əslində bütün soyqırımlar, ərazinin işğalı ermənilərin öz istəyindən irəli gəlmir. Rusların Qafqazda Ermənistan dövləti yaratmasına qədər bölgə xalqları yaxın qonşuluq münasibətində olublar. Ermənilər Türkiyədə, Qafqazda rahat yaşayıblar. Ancaq ruslar öz xeyirləri üçün yalançı dövlət quraraq, torpaqlarını genişləndirmək və xristian dünyasını gücləndirmək məqsədi güdürlər. Bunların hamısı bir planın tərkib hissəsidir. Müharibəyə meyilli olan biz deyilik, münaqişəni başladanlardır. Azərbaycan xalqı müharibə istəmir, sadəcə öz torpaqlarını geri istəyir.
- Deməli, indiki məqamda erməniləri cəbhədə atəşkəs rejimini tez-tez pozmağa və müharibəyə sövq edən Kremldir?
- Əlbəttə. Müharibə Ermənistana sərf etmir. Çünki Azərbaycan artıq 1991-92-ci illərin zəif ölkəsi deyil. Əgər 1989-90-cı illərdə millətin əlində silah, ən azından ov tüfəngi olsaydı, vəziyyət bu yerə gəlib çatmazdı. Kaş ovaxtki Azərbaycan rəhbərliyinin bir balaca ağlı olardı və millətin əlindən silahlarını yığmayaydı. Xalq öz müdafiəsini təşkil edə bilsəydi, heç müharibə başlamazdı. Amma Moskvanın diktəsi ilə oturub-duran alçaq və xəyanətkar rəhbərliyin sayəsində iş gəlib bu yerə çıxdı. Lakin indi Azərbaycanın güclü ordusu var. Ordumuz istənilən halda, nə qədər böyük itkilər versə də, torpaqlarımızı geri qaytara bilər. Bu baxımdan düşünmürəm ki, ermənilər müharibənin başlanmasında maraqlı olsunlar. Müharibədə maraqlı olan başqa güclərdir. Ona görə də Ermənistan hökuməti reallığı nəzərə alaraq, işğal etdiyi əraziləri boşaltmalıdır.
- Azərbaycan tərəfi Minsk Qrupunun fəaliyyətini tənqid edən kimi ermənilər bunu fürsət bilir və bizi sülh istəməməkdə ittiham edirlər...
- Məsələnin dondurulub saxlanması heç də sülh demək deyil. Sülh nədir? Sülh hansısa münaqişənin həllindən sonra bağlanılan müqavilədir. Amma hazırda ortada hər hansı barışıq, anlaşma yoxdur, sadəcə dondurulmuş münaqişə var. Münaqişənin dondurulması da ermənilərin xeyrinədir. Ona görə də düşmən indiki status-kvonun qalmasına bir növ "sülh” kimi baxır. Amma bu vəziyyət qətiyyən bizim xeyrimizə işləmir. Çünki ərazimiz 20 ildən artıqdır işğal altındadır. Bir milyon insanımız dədə-baba torpağından didərgin düşüb. Yüz min erməniyə görə, bir milyon azərbaycanlının hüquqları qurban verilə bilməz.
- Həmsədrlər hər tənqiddən sonra sadəcə vasitəçilik missiyasını yerinə yetirdiklərini və tərəflərə təzyiq etmək iqtidarında olmadıqlarını iddia edirlər. Bəs biz ermənilərə qarşı təzyiqi hansı qurumdan və necə gözləyirik?
- Bu, köhnə siyasətdir. Belə münaqişələrdə hər zaman oxşar situasiyanın şahidi oluruq. Mən "Difai fədailəri” adlı romanımda 1906-cı ildə baş verən hadisələri real faktlar əsasında əks etdirmişəm. O vaxt erməni-müsəlman davası müzakirə olunan zaman Qafqazın canişini Vorontsov Daşkov deyirdi ki, "sizi çağırmışıq və 10 gün vaxt vermişik, oturun bir otaqda, bir-birinizi didin-yeyin və bir qərara gəlin”. Əlbəttə, bu, qərar qəbul etmək deyil, sadəcə məsuliyyətdən boyun qaçırmaqdır. Axı bir tərəf işğalçı, o biri tərəf zərərçəkəndir. Əgər indiyə kimi öz aramızda razılığa gələ bilirdiksə, onda savaş olmazdı ki. Bu baxımdan Minsk Qrupunun yaxasını kənara çəkməsi yeni bir şey deyil. Təsəvvür edin ki, 1993-cü ildə öz təkliflərini verməli olan vasitəçilər 23 il keçəndən sonra yenə də eyni havanı çalırlar. Deməli, qrupda təmsil olunan üç böyük dövlət münaqişənin həllinə bilərəkdən biganə yanaşır. Həmin dövlətlər heç vaxt bitərəf mövqe tutmayacaqlar. Hər zaman açıq və ya gizlin yolla erməniləri dəstəkləyəcəklər. Onlar öz əllərindəki imkanları işə salaraq, digər dövlətləri də Azərbaycana dəstək verməkdən çəkindirirlər. İddia edirlər ki, guya, Azərbaycanın haqlı mövqeyini müdafiə etmək münaqişənin həlli prosesini pozur. Bunun qədər gülünc mülahizə olarmı?
- Azərbaycan münaqişənin öz xeyrinə həlli ilə bağlı kifayət qədər xarici ölkənin dəstəyini qazana bilibmi?
- Təbii ki, öz taleyini düşünən dövlətlər və obyektiv beynəlxalq qurumlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Çünki real tarix ortadadır. İslam təşkilatına daxil olan 60-a yaxın ölkə, o cümlədən BMT-də təmsil olunan dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ən azından kağız üzərində də olsa, bizi müdafiə edirlər. Amma konkret işə gələndə təəssüf ki, böyük dövlətlər ikili standartlarla məsələyə yanaşır və xristian erməniləri dəstəkləyirlər.
İsmayıl