İrandan növbəti sarsaq iddia

Tehran çovqanın fars oyunu olduğunu deyir

İran növbəti dəfə ölkəmizin milli-mədəni sərvətinə göz dikib. Belə ki, Azərbaycana məxsus çovqan oyununun YUNESKO-nun qeyri-maddi mədəniyyət abidələri sırasına daxil edilməsindən sonra İran tərəfi buna kəskin etiraz edib. İran Çovqan Federasiyasının prezidenti Həmzə İlhamzadə çovqanın tarixi fars oyunu olduğunu iddia edərək deyib ki, "Nizami Gəncəvini öz şairləri kimi tanıdan Azərbaycan bu cəhdindən sonra indi də qədim oyun olan çovqanı öz idman növü kimi YUNESKO-ya təqdim edib”.

İranın iddiasını boş və əsassız adlandıran filologiya elmləri namizədi, tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Güllü Yoloğlu deyib ki, nə qədər dar düşüncə ilə çərçivələnib Şimali və Cənubi Azərbaycan ilə kifayətlənəcəyik, farslar, ermənilər və gürcülər hər şeyimizi sahiblənmək istəyəcəklər: "Məsələni hər anlamda geniş götürərək müqayisəni digər türk xalqları ilə də aparmaq lazımdır. Sibirdən tutmuş Balkanlara qədər türk xalqları yaşayır. Əgər biz onların milli oyunlarına diqqət yetirsək görərik ki, onlar arasında çovqana bənzəyən bir çox oyunlar var. Xüsusilə də atüstü oyunlar. Tarix sübut edir ki, bu cür oyunların hamısı türk etnosuna mənsubdur. Həm də o baxımdan bunu deyə bilərik ki, bir çox xalqların geyimləri at üstündə rahat oturmağa və çevik davranmağa şərait yaratmır. Yalnız türklərdə yüngül geyimlər var ki, onlar bu paltarda sərbəst at minməklə öz məharətlərini göstərə bilirlər. Bunu sübut edən bir çox tarixi-etnoqrafik qaynaqlar mövcuddur”.

Alimin sözlərinə görə, atüstü oyunlara hansısa başqa xalqın, özü də türk olmayan bir qövmün iddia etməsi etik normalara sığmayan bir şeydir: "Görürsüz, zaman-zaman millətimizə xas olan musiqi alətlərinə, şairlərimizə iddia edirlər. Ancaq müqayisəli analiz nəticəsində görürük ki, bu gün ayrı-ayrı dinlərə qulluq edən və dünyanın bir-birindən uzaq bölgələrində yaşayan türk xalqlarında oxşar çovqan oyunu varsa, deməli bu oyun növü sadəcə türklərə məxsusdur. Azərbaycan da türk dünyasının bir parçası olaraq bu haqqların sahibidir. Amma nə qədər ki, vaxtında milli, maddi və mənəvi dəyərlərimizə sahib çıxmayacağıq, qonşu dövlətlər onlara göz dikəcək. Bu, həmişə belə olub”.

G.Yoloğlu qeyd edir ki, tarix boyu yaxın əlaqədə olan xalqlar bir-birlərindən maraqlı və yaxşı şeyləri əxz edərək mənimsəyiblər. Türklərdən də götürüləsi çox şeylər var ki, bunlardan ən birincisi də atla bağlı oyunlardır: "Ancaq elm qəti olaraq sübut edib ki, atlı süvarilərin geyimlərindən tutmuş silahlarına və oyunlarına qədər hər şey türklərə məxsusdur. Özü də indi oyun adlandırılan bu məşq növü keçmişdə döyüş taktikası kimi istifadə edilən müəyyən üsullardan olub. Sadəcə, İran bizdən qabağa düşərək çovqan federasiyası yaradıb. Ancaq bu o anlama gəlmir ki, farslar türklərə məxsus olan çovqana iddia edə bilərlər. Necə ki, həyasızcasına dahi şairimiz Nizami Gəncəviyə, qədim musiqi alətimiz tara və dəfə iddia edirlər, eləcə də çovqana boş iddia irəli sürüblər”.