Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
"24 ildir ki kəndimə, rayonuma, torpağıma həsrətəm. Atamın, qohumlarımın, doğmalarımın qəbrini ziyarət etmək istəyirəm. Amma bu 24 ildə mümkün olmadı. Öz doğma evinə gedə bilməmək çox ağır hissdir. Erməni silahlıları Laçının bir neçə kilometrliyində dayanmışdı. Artıq çıxmağa məcbur idik. Yaşlı anamı qucağıma alaraq "Zil” avtomobilinə oturdum. Kəndimizin çıxacağında arx üzərində körpü vardı, oranı çıxdığımda maşını saxladım. Düşüb bir də kəndimizə baxdım. O zaman gözlə Laçınım, doğma kəndim, elim, obam, mən dönəcəyəm dedim. Amma 24 ildir sözümü tuta bilmirəm. Hər gecə kəndimizi, evimizi, dağlarımızı yuxularımda görürəm. Amma mən yuxuda deyil, reallıqda kəndimə getmək istəyirəm”.
Şəkillərdəki Laçın...
Bu monoloq Laçın rayonunun Kürdlər kənd sakini, 53 yaşlı Akifə aiddir. Akifin doğulduğu kəndi erməni silahlı birləşmələri düz 24 il əvvəl, 1992-ci ilin may ayının 18-də işğala məruz qoyub. İşğal faktı bu gün də davam edir. Laçın sakini bu gün dövlət tərəfindən məcburi köçkünlərə verilən müvəqqəti evdə yaşayır. Yurdundan məcburi şəkildə köçkün düşdükdən sonra Bakıda universitet yataqxanasında məskunlaşıb. Sonradan ailə qurub, oğul-uşaq sahibi olub. Akif bəy deyir ki, böyük uşağının artıq 20 yaşı var: "Uşaqlarıma Laçın, kəndimiz, dağlarımız haqqında hər gün danışıram. Şəkillərdə Laçını göstərirəm. Bu mənim üçün çox ağrılıdır. Bir il əvvəl 92 yaşında anam rəhmətə getdi. Arzusu idi ki, həyat yoldaşının, uşaqlıqda rəhmətə gedən oğlunun yanında dəfn olunsun. Amma Laçın erməni mənfurlarının əlində olduğu üçün qoca anamın son arzusu yerinə yetmədi”.
"Mən də girov olmağa, güllələnməyə hazıram”
Akif bildirir ki, Laçına getmək üçün hər şeydən keçməyə hazırdır: "Necə ki Dilqəm, Şahbaz, Həsən getdi Kəlbəcərə, mən də getmək istəyirəm. Onlardan Həsən güllələndi, Dilqəmlə Şahbaza qondarma məhkəmə quruldu, indi girovluqdadırlar. Mən də girov olmağa, güllələnməyə hazıram. Sadəcə atamın qəbrini ziyarət edə bilim, torpağımdan öpə bilim, kəndimin havasını uda bilim. Bu mənim bəsimdir. Dövlətimiz torpaqların müharibəsiz, qan-qadasız azad edilməsi niyyətindədir. Sülh yolu ilə işğalda olan rayonlarımızı azad etmək istəyirik. Amma 24 ildir heç bir nəticə yoxdur. ATƏT, Avropa Şurası, BMT və digər qurumlar Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı guya səy göstərirlər. Amma heç bir irəliləyiş yoxdur. Mən və mənim kimi digər köçkünlər, torpaq həsrəti çəkənlər nə qədər gözləməlidirlər? Bəlkə də o Avropa təşkilatları üçün, oranın səlahiyyətli nümayəndələri üçün torpaqları əziz deyil. Amma bizim üçün torpağımız, elimiz əzizdir. Mən kəndimə gedirəmsə, öz torpağımda niyə girov düşməliyəm? Bu Qərb təşkilatları insan haqlarını azacıq da olsa bilirlərsə, insan haqlarına dəyər verirlərsə, o zaman mənim və mənim kimi erməni silahlıları tərəfindən yurdundan didərgin salınan insanların hüquqlarına hörmət etsinlər. Dürüst şəkildə münaqişənin həllinə yanaşsınlar, bizim hayqırtılarımızı eşitsinlər, erməni təəssübkeşliyindən əl çəksinlər”.
"Sonuncu dəfə çıxanda dönüb bir də kəndimizə baxdım”
Etiraf etmək lazımdır ki, Laçın sakininin, məcburi şəkildə kəndindən didərgin salınan Akifin beynəlxalq qurumlar haqqında dediklərində haqq var. Ermənistan Azərbaycanın əzəli torpaqlarını, Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edib, bu gün də işğal altında saxlayır. Dağlıq Qarabağda Ermənistan tərəfindən yaradılan separatçı, qondarma respublika azərbaycanlılara öz dədə-baba torpaqlarına ayaq basmağa imkan vermir. Kəndinə gedən insanları, Dilqəm Əsgərov, Şahbaz Quliyev kimi girov götürür, Həsən Həsənov kimi isə güllələyirlər. Beynəlxalq təşkilatlar, beynəlxalq hüququn erməni separatçıları tərəfindən tapdanmasına isə göz yumurlar. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın qeyd-şərtsiz qaytarılması haqqında qəbul etdiyi 4 qətnamə bu günə kimi hələ də yerinə yetirilməyib. ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqlarından isə heç bir nəticə hasil olunmur. Ermənistanın bütün görüşlərdə qeyri-konstruktivlik göstərməsi, sülh danışıqlarından hər vəchlə yayınması, ortaya qoyulan həll prinsiplərinə məhəl qoymaması nəticənin əldə olunmasına imkan vermir. Vasitəçilər isə rəsmi İrəvanın bu şıltaqlıqlarına göz yummaqla məşğuldurlar. Bu hal Azərbaycana qarşı beynəlxalq təşkilatların ikili standartlarının nəticəsidir. Amma anlamırlar ki, Azərbaycanın səbri tükənməz deyil. Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev dəfələrlə bildirib ki, Qarabağ işğaldan azad olunacaq. Bunu biz sülh yolu ilə istəyirik. Amma səbr tükəndiyində, silah gücünə torpaqlarımızı erməni terrorçularından təmizləməyə başlayacağıq. Azərbaycan insanının isə səbri tükənmək üzrədir. Necə ki Laçın sakini Akif bunu deyir.
"Ermənilər üçün böyük sülh sazişi çərçivə sənədi deyil”
Ekspertlər isə bildirir ki, münaqişə sülh və ya müharibə yolu ilə həllini tapmalıdır. Başqa çıxış yolu yoxdur. Analitiklərin bəziləri irəliləyişin olacağına ümid edir, bəziləri isə ümidsizdir. Siyasi elmlər doktoru, politoloq Elman Nəsirli deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Ermənistan dövlətinin fərqli mövqeyi var. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı çərçivə sazişinin imzalanması ötən il Fransada keçirilən danışıqlar zamanı müzakirə olunub: "Paris görüşündə Fransa Prezidenti Fransua Olland bildirdi ki, artıq yekun sülh sazişinin imzalanması ilə bağlı sənədin tətbiqinin vaxtı gəlib çatıb. Lakin Ermənistan hakimiyyəti status-kvonun saxlanılmasına çalışır və qeyd edirlər ki, yekun sülh sazişinin imzalanması hazırkı dövrün məsələsi deyil. Ümumiyyətlə, işğalçı tərəf hər zaman çalışıb ki, məsələ ərazi bütövlüyü çərçivəsində deyil, xalqların öz müqəddəratını təyin etmək prinsipləri əsasında həll olunsun. Yəni ermənilər üçün böyük sülh sazişi çərçivə sənədi deyil. Bu səbəbdən də keçirilən bütün danışıqlar heç bir nəticə vermir. Bu yaxınlarda Ermənistan tərəfindən münaqişənin həlli ilə bağlı hər hansısa pozitiv addım gözləmək sadəlövhlük olar. Bu cür vəziyyətdə ATƏT-in Minsk Qrupunun Amerika Birləşmiş Ştatlarından olan həmsədri Ceyms Uorlikin 2015-ci il münaqişənin həlli ili olacaq fikrinin də heç bir əsası yoxdur. Ceyms Uorlik bu iddiaları səsləndirməklə böyük optimistlik və nikbinlik nümayiş etdirib. Ancaq məsələnin məsuliyyətini tam şəkildə dərk etməyib”.
Politoloq deyir ki, Qarabağ münaqişəsinin həll olunması üçün Minsk Qrupu ciddi fəaliyyətə keçməlidir: "Həmçinin beynəlxalq qurumlar, həmsədr ölkələr Azərbaycana qarşı ikili standartlar siyasətinə son qoymalıdırlar: "İşğalçı ölkəyə həmsədr dövlətlər tərəfindən təzyiq edilməlidir.
Hətta mən deyərdim ki, sanksiyalar tətbiq olunmalıdır. Necə ki, rəsmi İrəvan konfliktin həlli ilə bağlı aparılan sülh danışıqlarından yayınacaq, qeyri-konstruktiv mövqe göstərəcək, həll mümkün olmayacaq. Azərbaycanın hansısa güzəştə getməsi mümkün deyil. Prezident də dəfələrlə bəyan edib ki, Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Buna alternativ hansısa prinsip ola bilməz. Əgər beynəlxalq aləm Qarabağda müharibənin alovlanmasını istəmirsə, o zaman tezliklə hərəkətə keçməlidirlər. Əks təqdirdə, Azərbaycan istəməsə belə, hərbi yolla torpaqlarını azad etməyə məcbur qalacaq”.
"... cəbhədə vəziyyətin gərginləşməsi istisna olunmur”
"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bu il həmsədr ölkələrdən, xüsusən də Rusiyadan yeni təşəbbüslər gözlənilir”. Bu fikirləri isə, millət vəkili, politoloq Rasim Musabəyov söyləyib. Deputat qeyd edib ki, bu təşəbbüsün özünü nə qədər doğruldub-doğrultmayacağını indidən demək çətindir: "Aparılan danışıqlar zamanı hər hansı nəticə və ya müsbət əhval-ruhiyyə olmazsa, o zaman cəbhədə vəziyyətin gərginləşməsi istisna olunmur. Çünki son vaxtlar bir sıra Qərb və Rusiya dairələri də proqnozlar verirdilər ki, Avropa Oyunları başa çatandan sonra danışıqlar bərpa olunmazsa, o zaman cəbhədə gərginliyin artması gözlənilir. Baxmayaraq ki, Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda Bakıya gəldi, müəyyən müzakirələr aparıldı. Ondan öncə də Azərbaycan və Rusiya xarici işlər nazirləri Moskvada görüşdülər. ATƏT-in Minsk Qrupu da danışıqlarda ümid yerinin qaldığını bəyan edir. Amma həmsədrlər ciddi irəliləyişə səbəb olacaq addımlar atmaq istəmir. Hesab edirəm ki, əgər onlar hər hansı addım atmaq istəmirsə, o zaman Ermənistanı ağıllandırmağın vaxtı çatıb. Hər kəs də yaxşı anlayır ki, ilkin mərhələdə ermənilərin işğal olunan Azərbaycan ərazilərindən çıxması qaçılmazdır”. Politoloq beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətində yaranmış durğunluğun səbəblərini belə izah edib: "Ermənilər qondarma soyqırım iddialarının "yüzilliyi” ərəfəsində çox həvəslənmişdilər. Düşünürdülər ki, onlar bu məsələdən sui-istifadə etməklə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da mövqelərini möhkəmləndirə biləcəklər. Ancaq bu mümkün olmadı. Azərbaycanın başı "Bakı 2015” Birinci Avropa Oyunlarına qarışmışdı. Həm də adətən, yay mövsümündə Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar o qədər də intensiv aparılmır. Artıq Oyunlar bitdiyinə görə, müəyyən hərəkətlilik olacaq. ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri İrəvanda demişdi ki, onlar bu ilin avqustunun sonu və yaxud sentyabrın əvvəlində Nyu-Yorkda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etmək istəyirlər, bu görüş üçün təkliflər hazırlayırlar. Baxaq görək nə olacaq. Ancaq mənim Minsk Qrupu həmsədrlərinin bu işindən elə böyük ümidim yoxdur. Bütün hallarda isə dünya dövlətləri, beynəlxalq təşkilatlar anlamalıdırlar ki, Qarabağ münaqişəsi həllini tapmalıdır. Həm də tezliklə. Yoxsa hazırkı vəziyyət region üçün də, regionda marağı olan ölkələr üçün də sərfəli deyil. Donmuş münaqişə hər an alovlana bilər”.
Bəli, ekspertlərin dediyi kimi, donmuş vəziyyət, hazırkı status-kvo heç kəs üçün sərfəli deyil.
Laçın sakini Akif isə kəndinə, obasına getmək istəyir. BMT, ATƏT, Avropa Şurası, Avropa İnsan Haqları Məhkəməsi, həmsədr dövlətlər regiondakı maraqlarını təmin etməklə yanaşı, Akif kimi bir milyondan artıq məcburi didərgin salınmış azərbaycanlıların hüquqları haqqında da düşünməlidirlər. Bunun da sadə bir yolu var. Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək, rəsmi İrəvana təzyiq göstərmək, münaqişənin sülh yolu ilə həllinə nail olmaq.
Anar Bayramoğlu
Yazı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür