ATƏT DTİHB reallığı görmək istəmir

Onlar seçkilərə əvvəlcədən hazırlanmış rəylə gəlmişdilər



9 oktyabrda keçirilən prezident seçkilərinin şəffaf, demokratik keçirilməsini beynəlxalq təşkilatların demək olar ki, bütün nümayəndələri təsdiqlədilər. Azərbaycanda seçkiləri müşahidə etmiş beynəlxalq müşahidəçilərin ilkin qənaəti bu oldu ki, seçkilər sakit, şəffaf, qanunlara uyğun şəkildə baş tutub, demokratik şəraitdə keçirilib. Hətta bir çox müşahidəçilər, ekspertlər ölkələrində görmədikləri demokratik seçki mühitinin Azərbaycanda olduğunu açıq şəkildə etiraf etdilər.

Amma Azərbaycana qarşı hər zaman qərəzli mövqedə dayanan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu bu dəfə də tutduğu yola "sadiq” qaldı. Belə ki, bu qurumun seçki müşahidə missiyası ilkin hesabatını elan etdi ki, bu hesabatda qərəzin, qeyri-obyektivliyin olduğu göz önündədir. ATƏT-in sözü gedən hesabatının qeyri-dəqiq, qərəzli məlumatlara istinad olunaraq hazırlandığı aşkar şəkildə ortadadır. Yəni bu rəy Azərbaycanın seçki reallığını tam təhrif edib.

Azərbaycanda seçki kampaniyası mövcud qanunvericilik və beynəlxalq təcrübəyə uyğun keçirildiyi heç kəsdə şübhə doğurmur. Seçki prosesinin bütün mərhələlərində prezidentliyə namizədliyini irəli sürmüş şəxslərin öz fəaliyyətini ölkə qanunvericiliyi çərçivəsində həyata keçirməsi üçün zəruri şərait yaradıldı. Namizədlər istər Bakıda, istərsə də regionlarda öz seçiciləri ilə görüşlərini sakit, hər hansı qanun pozuntusuna yol vermədən təşkil etdi, onlara ayrılmış təşviqat imkanlarından bərabər şəkildə yararlandılar. Seçki prosesinin təhlükəsizliyi dövlət orqanları tərəfindən lazımi şəkildə təmin olundu. Səsvermə günü isə hər hansı kobud qanun pozuntusu qeydə alınmadı. Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Müstəqil Dövlətlər Birliyi, TürkPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, ABŞ Müstəqil Siyasi Monitorinq Mərkəzi, Türk Dövlətləri Əməkdaşlıq Şurası, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi, Avropa Akademiyası, Beynəlxalq "İDEES” təşkilatı, Latın Amerikası və Karib dənizi ölkələri siyasi partiyalarının təşkilatı (COPPPAL), Qara Dəniz Ölkələri Vətəndaş Dialoqu, Rusiya İctimai Palatası, Mərkəzi Avropa Siyasi Monitorinq Qrupu, "Ədalətli Seçkilər Uğrunda” təşkilatı, Beynəlxalq Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı və digər qurumlar, həmçinin Fransa, İtaliya, Hindistan, Pakistan, Bolqarıstan və digər ölkələrdən olan müşahidəçi missiyaları Azərbaycanda seçkilərin demokratik, ədalətli, şəffaf və obyektiv keçirildiyini bəyan etdilər. Bir tək ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan başqa. ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Mişel Vuazen xüsusi bəyanat yayaraq Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin birgə bəyanatını bölüşdüyünü və 9 oktyabr seçkilərinin azad, şəffaf və ədalətli keçirildiyini bildirdi. ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara seçkilərin demokratiyaya doğru əhəmiyyətli addım olduğunu qeyd etdi. ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri xanım Dorris Barnett isə şəxsən məntəqələrdə seçki prosesini izlədiyini və heç bir pozuntuya rast gəlmədiyini açıq şəkildə diqqətə çatdırdı. Sual olunur ki, bu qədər təşkilat seçkilərin normal şəkildə baş tutduğunu elan edirsə, ATƏT hansı haqla bu qurumların ortaya qoyduqları nəticələri şübhə altına alır? Bütün bunların müqabilində ATƏT-in birgə müşahidə missiyası adından yayılmış hesabatın qeyri-obyektivliyi və qərəzli olması heç bir şübhə doğurmur. Təsadüfi deyil ki, ATƏT-in müşahidə missiyasının qərəzli hesabatına münasibət bildirən bir çox şərhçilər də o qənaətdədirlər ki, ATƏT Azərbaycandakı seçkilərlə bağlı şablon hesabat hazırlayıb və hər dəfə seçkilərə qiymət verərkən sadəcə rəqəmləri dəyişdirir. Bu hesabat ATƏT-in çoxsaylı müşahidəçilərinin rəylərinə, hər hansı ciddi bir fakta deyil, müxalifətin yaydığı yalan məlumatlara, ABŞ səfirliyinin rəhbərliyi altında müşahidə aparan bir qrup şəxsin hazırladığı saxta hesabatlara söykənmiş və açıq-aşkar sezilən kənar iradənin təsirinə məruz qalaraq seçki reallığını tam təhrif ediblər.

Azərbaycan ictimaiyyəti ATƏT-i bu cür qərəzli yanaşmaya görə qınayır.

Millət vəkili Aydın Mirzəzadə deyir ki, əslində ATƏT tam olaraq bir təşkilat kimi Azərbaycanda keçirilən seçkilərə mənfi qiymət verməyib: "Bunun bariz nümunəsi ATƏT-in sədri, Ukraynanın xarici işlər naziri Kojaranın açıqlamasıdır. O Azərbaycanda keçirilən seçkilərlə bağlı yüksək fikir bildirdi. Həmin yüksək qiyməti Avropa Şurası, Avropa Parlamentinin nümayəndə heyəti və digər beynəlxalq müşahidəçilər də dedi. Seçkilər haqqında mənfi fikir söyləyən təşkilat isə ATƏT-in tərkibində fəaliyyət göstərən Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu deyilən bir qurumdur. Onların verdiyi rəyin isə ATƏT-ə heç bir aidiyyəti yoxdur. Onlar ATƏT-in adından çıxış etsələr də, ATƏT-in 50-yə yaxın ölkəsi həmin təşkilata seçki ilə bağlı öz səlahiyyətlərini verməyib. Bu təşkilatın mövcudluğu soyuq müharibədən qalıb. Onlar demokratik ölkələrə kömək etmək, onların uğurlarını görmək əvəzinə, təzyiq altında saxlamağa üstünlük verir. Bildirirlər ki, seçki məntəqələrinin 11 faizində qayda pozuntusu olub. Halbuki, onlar 89 faiz məntəqədə heç bir qayda pozuntusu olmadığına görə seçkini müsbət qiymətləndirməli idi. Əgər onların dediyi kimi qaydalar kobud şəkildə pozulubsa, o zaman kameralarda bu görüntülər əks olunmalı idi. Onların məqsədi heç də Azərbaycanda keçirilən seçkiləri obyektiv işıqlandırmaq deyil. Hansı maraqdan irəli gəldiyini deyə bilmərəm, lakin onlar seçkilərə əvvəlcədən hazırlanmış rəylə gəlmişdilər. Təşkilatın seçkilərlə bağlı dediyi bütün fikirlər tamamilə qərəzlidir. Bu, xalqın istəyinə qarşı onların mənfi münasibətidir”.

Politoloq Cümşüd Nuriyev də ATƏT-in DTİHB-nun rəyini qərəzli sayır: "Bunlar qərəzli bəyanatla Azərbaycanı cəzalandırmağa çalışır. Çünki İlham Əliyev, ATƏT-in fəaliyyətinin yarıtmaz olduğunu gündəmə gətirdi. Şəhərin ən gözəl yerində ofisi olan və işçiləri böyük məbləğdə maaş alan ATƏT, bu cür imtiyazlardan məhrum olmaq istəmir. Ona görə də bu cür sərsəm bəyanat verirlər. Azərbaycana başqa cür təzyiq edə bilməyən ATƏT, bu cür yolla dövlətə zərbə vurmaq istəyir. Təşkilatın gündəmində seçkiyə qarışmaq məsələsi yoxdur. ATƏT bugünədək ən elementar bir problemi belə həll edə bilməyib. Təşkilat yalnız müxalifətin dediyini təkrarlayır. Hesab edirəm ki, ATƏT DTİHB bununla hər hansı bir uğur əldə edə bilməyəcək. Çünki artıq dünyanın aparıcı dövlətləri hələlik ilkin nəticələrə görə, İlham Əliyevi təbrik ediblər və təbriklərin gəlməsi davam edir. Ona görə də bu təşkilatın hansı bəyanatı səsləndirməsi əhəmiyyətli deyil. Əsas odur ki, xalq ona lazım olan insana səs verib, prezident seçdi”.