Seyran Səxavət: "Bizlərdə belə adət var. Qıza elçi gələndə, oğlanın nəslini-kökünü soruşurlar, hardandı, kimlərdəndi, hansı nəsildəndi. Araşdırma aparırlar. Mənə elə gəlir ki, bu mükafatlandırma da belədi”
Qan Turalı: "Biz hələ "Nobel”li yazıçıları oxuyub qiymətləndirməliyik. Götürək, Anarı, Elçini. Bunların yaradıcılığı qapalı bir ölkə, qapalı bir dövrlə bağlı olduğu üçün onlar dünyada gedən ədəbi təmayüllüləri, ədəbi-estetik hadisələr prosesləri bilməyiblər. Ona görə də onların yazdığı bugünkü dünya üçün maraqlı deyil”
Günel Treu: "Məni sevindirən bu oldu ki, mükafatı alan hekayə yazan bir xanımdı. Ürəyimə su səpildi”
Kəramət Böyükçöl: "Kanada yazıçısına verilibsə, deməli, onun əsərlərində nəsə var. Gərək mütləq oxuyaq”
Ədəbiyyat üzrə "Nobel” mükafatının Kanada yazıçısı Elis (Alice) Munroya verilməsi ətrafında müzakirələr genişlənib. Ədəbiyyat adamları bu xanımın haradan "peyda olması” ətrafında düşünür, müxtəlif mülahizələr irəli sürürlər. Çoxu da onu tanımadığını, yaradıcılığı ilə tanış olmadığını deyir. Bizimkilər gözləyirmiş ki, "Nobel” əksəriyyətin tanıdığı birisinə veriləcək. Amma belə görünür, İsveç Akademiyası bu dəfə fərqli seçimin üzərində dayanmağa üstünlük verib. Və 82 yaşlı qadın yazarı qalib elan edib.
Bəs bizimkilərin bu seçimə münasibəti necədir? Nəzərə alaq ki, "Nobel” mükafatı ilə bağlı fikirlər çoxdandır birmənalı deyil və xüsusən də son illər bu mükafatın siyasi rənglərə bulaşdığı daha tez-tez eşidilməyə başlayıb. Uzağa getməyək. Türkiyə yazıçısı Orxan Pamukun başqa əsərləri deyil də, məhz "Qar” romanına görə "Nobel”ə layiq görülməsini siyasi amillərsiz təsəvvür etmək mümkün deyil.
Görək bu dəfə bizimkilər nə düşünür.
Yazıçı-dramaturq Seyran Səxavət:
- "Nobel”in yeni mükafatçısını tanımıram, oxumamışam. Ona görə də onunla bağlı fikir bildirə bilməyəcəm. Amma onu deyə bilərəm ki, "Nobel” daha çox siyasiləşmiş mükafatdı. Natəmiz tərəfləri çoxdu. Ola bilər, bu bənzətməm o qədər də yerinə düşməz, amma yenə də deyim. Bizlərdə belə adət var. Qıza elçi gələndə, oğlanın nəslini-kökünü soruşurlar, hardandı, kimlərdəndi, hansı nəsildəndi. Araşdırma aparırlar. Mənə elə gəlir ki, bu mükafatlandırma da belədi. Burda da mütləq dövlət nəzərə alınır. Adicə toyda, qonaq gələndə, əgər sanballı, tanınmış kənddəndisə, onu başa keçirirlər, elə-belə, sıradan bir kəndin adamı olanda, ona fikir verən olmur, bir yer tapıb oturur.
Fikrim çatdı yəqin. "Nobel” mükafatı da alətə çevrilib. Qorbaçova da verdilər. SSRİ məkanında bu qədər qanların tökülməsinə bais olan bir adama "Nobel sülh mükafatı” verdilər. Məsələn, "Nobel” mükafatı almış alman yazıçısı var, Qnut Hamson. Ona bu mükafat verilib, halbuki faşizmi təbliğ edən bir yazıçı idi.
Əsl ədəbiyyat üçün "Nobel” ölçü deyil. Ziqfred Lens adlı bir yazıçı var. O da alman yazıçısıdı. Mən onun "Gözəgörünməz qonşu” əsərini oxumuşam. İlahi, necə gözəl əsərdi... Onun kitabını Moskvada almışdım. 25-30 il bundan əvvəl yazılmış əsərdi. Sonra, bizim yaxın qonşumuz - Nodar Dumbadze. İnsana ən yaxın yazıçıdı. Belə yazıçılar mükafatı haqq edənlərdir.
Qan Turalı:
- "Nobel”ə namizədlər arasında bir çox yazıçının adı hallanırdı. Bir hissəsi həqiqətən demokrat yazıçılar idi, Yevtuşenkodan tutmuş Eko, Milan Kundera... İkinci hissəsi adını eşidib bilmədiyim adamlar var idi... Üçüncüsü də, ümumiyyətlə tanımadığım yazıçılar idi. Kanadalı yazıçı Alice Munro da onlardan biridi. Bu yazıçının "Nobel” almağı mənim üçün sürpriz oldu. Bundan sonra oxuyacam. Düşünürəm ki, Eko, Kundera nə vaxtsa "Nobel” alacaqlar və onların "Nobel” alması, "Nobel” üçün böyük reklam olacaq.
"Nobel” mükafatının verilməsində qeyri-estetik amillər rol oynayıb. Bunlar siyasi də ola bilər, başqa səpkili də. Nobelin verilməsi dinamikasına baxanda görürük ki, 60-70-ci illərdə "soyuq müharibə”nin gur vaxtında Sovet İttifaqındakı dissident yazıçılar - Brodski, Soljenitsın, Pasternak kimi yazıçılara bu mükafat verilib. Əsasən də, sol təmayyüllü yazıçılara mükafat verilib. Məsələn, Kamyu kommunist partiyasının üzvü idi. İstər-istəməz siyasi məqam burda var. Nəzərə alaq ki, Nobel komitəsi hamının razılaşacağı bir seçim etmək, doğrudan da çətindi. Onu da xüsusi olaraq qabartmaq istəyirəm ki, kanadalı yazıçı artıq yazmayan bir yazıçıdı. Bundan sonra ədəbiyyatla vidalaşmağı qərara alıb.
"Nobel” alan bütün yazıçıların hamısı istedadlıdı. Ədəbiyyat aləmində yeniliklər etmiş adamlardı. Nobel mükafatı heç vaxt istedadsız yazıçıya verilə bilməz. Eyni zamanda, hansısa siyasi amildən asılı olaraq istedadlı yazıçılar da mükafatdan məhrum qalır.
"Nobel” Azərbaycana yol tapa bilmir, çünki biz onun yolunu bilmirik. "Nobel” mükafatına namizəd dünya ədəbiyyatı üçün yeniliklər etməlidir.
Bizim ədəbiyyatımız uzun illər, sovet dövründə qapalı olub. Qapalı bir ölkədə yaşamışıq. Biz indi-indi dünya ədəbi aləmi ilə tanış oluruq, orada hansı proseslər baş verdiyini görürük. Ona görə də Azərbaycan yazıçılarının "Nobel”i haqqında danışmaq tezdir. Düşünürəm ki, biz hələ "Nobel”li yazıçıları oxuyub qiymətləndirməliyik. Götürək, Anarı, Elçini. Bunların yaradıcılığı qapalı bir ölkə, qapalı bir dövrlə bağlı olduğu üçün onlar dünyada gedən ədəbi təmayüllüləri, ədəbi-estetik hadisələr prosesləri bilməyiblər. Ona görə də onların yazdığı bugünkü dünya üçün maraqlı deyil. Onların yazdıqları estetika, bəhrələndikləri müəlliflərin artıq dünya estetik tarixində ömrü 30-40 ildir ki, başa çatıb. Mən bu məsələyə optimist yanaşıram. Nə vaxtsa biz də "Nobel” alacağıq. Türkiyə bir neçə il bundan əvvəl aldı. Bu il isə "Nobel”ə zənnimcə, ən layiqli namizəd, beloruslu Svetlana idi. Azərbaycan üçün "Nobel”dən danışmaq hələ tezdi. Amma bu, elə də dəhşətli bir şey deyil.
"Nobel” təkcə ədəbiyyat üzrə verilmir. Amma biz ən çox, məhz ədəbiyyat sahəsində "Nobel”dən danışırıq, müzakirələr aparırıq və s. ABŞ ədəbiyyat üzrə ən çox "Nobel” mükafatı almış ölkədir - 13 nəfər. Eyni zamanda ABŞ fizika, kimya, tibb sahəsində "Nobel” mükafatı alan nə qədər alim, mütəxəssislər var. Biz niyə həmişə ədəbiyyat üzrə mükafatlardan danışırıq? Azərbaycan Elmlər Akademiyası kimi böyük bir elm ocağı var. Akademiyanın fəaliyyətinə, elmi işlərə hər il nə qədər dövlət vəsaiti ayrılır. Bəs bu alimlər nə işlə məşğuldurlar, hansı elmi kəşflərin, yeniliklərin müəllifidirlər? Sadəcə, ədəbiyyat daha çox ictimai yük daşıdığı üçün ictimaiyyətin marağı böyük olur. Ədəbiyyatın oxucusu daha çoxdur. Amma bu o demək deyil ki, biz ancaq ədəbiyyat sahəsində "Nobel” uğrunda çalışmalıyıq ki, onu mütləq alaq.
Yazar Günel Treu;
- Məni sevindirən bu oldu ki, mükafatı alan hekayə yazan bir xanımdı. Ürəyimə su səpildi; nə vaxtsa mən də alaram... Amma yazıçının yaradıcılığı ilə tanış deyiləm. Əsərlərini oxumamışam. Doğrusu, bütün zamanlarda mənim favoritim Mopassandı. Bu il isə "Nobel”in Murakamiyə veriləcəyini gözləyirdim. Onun "Norveç meşəsi” əladı! Amma gözlədiyimizin tam tərsi oldu. Mən də bəzi həmkarlarımın bu fikri ilə razıyam ki, "Nobel” mükafatı tanınmışlara yox, daha çox tanınmayanlara verilir, onları tanıtmaq üçün. Bunu da boynumuza almalıyıq ki, "Nobel” mükafatının verilməsində siyasi amillər rol oynayır. Ədəbiyyat üzrə "Nobel” mükafatının Kanada yazıçısına verilməsi, məncə, dünyaya sülh mesajı mahiyyəti daşıyır. Məncə, bu, bir jestdir.
Şair Kəramət Böyükçöl:
- Mən də ədəbiyyat üzrə "Nobel”in bu il Murakamiyə veriləcəyini gözləyirdim. Murakami dünyada çox tanınır. Bir neçə dəfə onun namizədliyi irəli sürülüb. Onun adı Orxan Pamukdan da əvvəl hallanırdı. Amma nə üçünsə, yenə də ona verilmədi. Kanada yazıçısına verilibsə, deməli, onun əsərlərində nəsə var. Gərək mütləq oxuyaq. Çünki nə qədər siyasi amillər olsa da, "Nobel” mükafatı istedadsız adamlara verilmir. Kanadalı xanım yazıçı deyilənə görə, qısa həkayələr ustasıdır. Mükafatın, məhz hekayə janrına verilməsini də yüksək qiymətləndirirəm. Doğrudur, Kanada dünyada gedən siyasi proseslərdən uzaq ölkədir. Amma bəlkə, "Nobel” Komitəsi, məhz bunu nəzərə alıb ki, bu dəfə siyasi yönümü olmayan bir ölkənin təmsilçisinə verilsin, siyasi söhbətlər də ortadan qalxsın?! Bu da ola bilər. Və bunun özü də bir siyasətdir.