25 il Azərbaycan tarixinin qızıl dövrüdür

Azərbaycan xalqının həyat səviyyəsi, rifahı bundan da yüksək olacaq



Müstəqil yaşamaq və özünün suveren dövlətini qurmaq hər bir xalqın ən böyük arzusudur. Tale elə gətirdi ki, Azərbaycan xalqı bir əsrdə iki dəfə öz suverenliyini əldə etmək və müstəqil dövlətini qurmaq imkanı qazandı. İlk dəfə 1918-ci ildə müstəqilliyə nail olan Azərbaycan Xalq Cümhuriyyəti xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəbindən cəmi 23 ay yaşaya bildi.

70 il sonra Sovet imperiyasının dağılması nəticəsində yaranan ikinci tarixi məqam Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu və tarixdə ikinci dəfə müstəqil Azərbaycan dövlətinin hüquqi əsasları qoyuldu. Təəssüf ki, müstəqilliyini qazandıqdan 2 il sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Lakin böyük siyasi təcrübəyə malik olan ümummilli lider Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükə sovuşdu, dövlət müstəqilliyimiz qorunub saxlanıldı. Bu gün müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xüsusi diqqət yetirilir. Artıq əminliklə demək olar ki, Azərbaycan nəinki regionda, hətta dünya dövlətləri arasında kifayət qədər önəmli mövqeyə malik olan müstəqil dövlətlər sırasındadır. Hazırda dünya birliyində özünə layiq yer tutan Azərbaycan bütün beynəlxalq təşkilatlarda təmsil olunur, xarici ölkələrlə diplomatik, siyasi və iqtisadi əlaqələr qurur. Bir sözlə, 25 illik müstəqillik dövrü xalqımızın çoxəsrlik həyatında ən böyük tarixi hadisə və ən qiymətli nemətdir. Xalqımız 2003-cü ildə Heydər Əliyev siyasətinə, onun strategiyasına sadiqliyini bir daha təsdiqləyərək Ulu Öndərin siyasi varisi İlham Əliyevi Prezident seçdi. Ölkəmizin bugünkü reallıqları Azərbaycan xalqının düzgün seçim etdiyini göstərir. 2003-cü ildən başlayaraq Azərbaycanın sürətli və dinamik inkişafı ilə səciyyələnən bu illər müstəqilliyimizin üçüncü dövrü adlandırılır. Bu dövrdə bütün istiqamətlərdə çox böyük uğurlara imza atılıb. Beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan dünya miqyasında mövqeyini daha da möhkəmləndirib və söz sahibinə çevrilib. Azərbaycan dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq 2011-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi beynəlxalq münasibətlər sistemində Azərbaycana olan hörmət və etimadın əyani təsdiqidir. 2003-2016-cı illərdə iqtisadi və sosial sahələrdə də böyük uğurlar əldə olunub, ölkə iqtisadiyyatı üç dəfədən çox artıb, yoxsulluq səviyyəsi 10 dəfə azalaraq 5 faizə enib. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verməkdədir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal enerji layihələri icra edilir. 25 yaşlı müstəqil Azərbaycan Respublikasının keçdiyi tarixi yoldan danışan Baş nazirin müavini, YAP sədrinin müavini Əli Əhmədov deyib ki, 25 il Azərbaycan üçün tərəqqi və inkişaf illəri olub. Baş nazirin müavini 25 il ərzində yetişən nəslin ən vətənpərvər və fədakar nəsil olduğunu bildirib: "Azərbaycanın müstəqillik tarixini 1991-ci ildən Heydər Əliyevin qayıdışına qədər olan dövrə, müstəqilliyin qorunduğu dövrə və Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətin inkişafı dövrünə bölmək olar. 1991-ci ildə ən mühüm hadisə 18 oktyabrda Müstəqillik Aktının qəbul edilməsidir. Ancaq sonrakı proseslər, anarxiya müstəqilliyimiz üçün ciddi təhlükəyə çevrilmişdi. Digər tərəfdən, müstəqillik o qədər də düzgün olmayan postulat üzərində qurulmuşdu. "Ac olaq, müstəqil olaq” şüarı üzərində müstəqil dövlət qurulacağı bəyan edilirdi. Xalq müstəqilliyini rifahı üçün arzu edir, ac olmaq üçün müstəqillik uğrunda mübarizə aparılmır. İnsanlar müstəqilliyin bəhrəsini görməlidirlər, əks halda müstəqillik əl çatmayan, sonu dumanlı bir xəyala çevrilirdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə insanlar dərk etdi ki, müstəqillik xalqa xidmət edən bir gerçəklikdir. Heydər Əliyev sabitliyi, əmin-amanlığı bərpa etdi, erməni təcavüzünün qarşısını aldı, iqtisadi islahatlar həyata keçirdi. Prezident İlham Əliyevin dövründə isə Azərbaycanın dövlət müstəqilliyi daha da gücləndi, bütün sahələr inkişaf etdi”. Ə.Əhmədov bildirib ki, ötən 25 il Azərbaycan tarixinin qızıl dövrüdür: "Azərbaycan xalqının həyat səviyyəsi, rifahı bundan da yüksək olacaq. Müstəqillik qazananda 7 milyon əhalimiz vardı, yaxınlarda 10 milyon olacağıq. Bu da inkişafın bir göstəricisidir. Ermənistanda 1990-cı illərdə 3 milyon əhali vardısa, indi hardasa 2,5 milyon əhalisi var. Bu da inkişaf fərqini göstərir. Bundan sonrakı illərimiz daha gözəl olacaq”.

İsmayıl