"Məktəbli qızların hicab taxmasını tələb edən valideynləri başa düşə bilmirəm" - Sabir Rüstəmxanlı 

  • "Həmin valideynlərin bir çoxu öz gənclik illərində belə geyimdən istifadə etməyib. Öz gənclik şəkillərinə baxsalar, bunu görə bilərlər”

Azərbaycan məktəblərində şagirdlər və müəllimlər üçün vahid geyim formasının tətbiqi dünyəvilik prinsiplərinə uyğundur və məktəblərdə sosial bərabərsizliyin, ayrı-seçkiliyin qarşısının alınması məqsədi daşıyır. Bu qərarın dini nöqteyi-nəzərdən təhlil olunması, "hicab qadağası" kimi göstərilməsi, dini etiqad azadlığının və təhsil hüququnun məhdudlaşdırılması kimi təqdim olunması kökündən yanlışdır. 

Mövcud məsələ ilə bağlı cəmiyyətimizdə ciddi fikir ayrılıqları, müzakirə və mübahisələr gedir. Arqumentlər müxtəlif, səsləndirilən fikirlər bəzi məqamlarda çox təhlükəlidir. Hər birimiz birmənalı olaraq anlamalıyıq ki, Azərbaycan dini dövlət deyil, dünyəvi dövlətdir, din dövlətdən ayrıdır.

Bu gün bəzi qüvvələrin, xüsusilə sosial şəbəkələrdə məktəb formasını bəhanə edərək mitinqə, qarşıdurmaya, itaətsizliyə çağırması açıq-aşkar təxribatdır və dövlətçiliyimizə qarşı yönəlmiş addımdır. Məktəbi, uşağı, təhsili siyasiləşdirmək, 11-15 yaşlı şagirdlərin geyimini dövlətə qarşı bayrağa çevirmək nə dinə xidmətdir, nə də təhsilə. Bu, sadəcə radikal maraqların uşaqlarımızın üzərindən öz gündəmini yürütmək cəhdidir.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında ideoloji işin müasir tələblərə uyğun qurulması, formal yanaşmalardan uzaqlaşılması barədə fikirləri fonunda bu müzakirələr xüsusi aktuallıq qazanır. Belə bir şəraitdə məktəb qaydalarının mahiyyətini cəmiyyətə düzgün izah etmək, dini həssaslıqlardan siyasi məqsədlərlə istifadə edilməsi iddialarını faktlar əsasında qiymətləndirmək və uşaqların təhsil mühitinin siyasi qarşıdurma meydanına çevrilməsinin qarşısını almaq vacib məsələlərdəndir.

Xalq şairi Sabir Rüstəmxanlı Sherg.az-a açıqlamasında vahid məktəbli formasının tətbiqi ilə bağlı qərarın hicaba və ya baş örtüyünə qarşı yönəlmədiyini bildirib. Onun sözlərinə görə, əsas məqsəd məktəblərdə bütün şagirdlərin bərabər şəraitdə təhsil almasını təmin etmək, onlar arasında ayrı-seçkiliyin qarşısını almaq və sağlam münasibətləri təşviq etməkdir:

“Məktəblərdə vahid geyim formasının tətbiqi dünyanın bir sıra ölkələrində uzun illərdir mövcuddur. Bəzi ölkələrdə geyim formaları məktəbdən-məktəbə fərqlənir, digərlərində isə ölkə üzrə vahid forma tətbiq olunur. Yəni bu, yeni məsələ deyil və biz burada özümüzdən heç nə icad etmirik. Vahid məktəbli formasının əsas üstünlüklərindən birinin şagirdlər arasında maddi və sosial fərqlərin ön plana çıxmasının qarşısını almaqdır. Məktəbdə müxtəlif maddi imkanlara malik ailələrin övladları təhsil alırlar. Biri bahalı geyimlərlə öz zənginliyini nümayiş etdirə bilər, digəri isə ailəsinin imkanı daxilində, bəzən illərlə eyni geyimdən istifadə etməli olar. Belə fərqlər uşaqların qəlbini incidə, onların bir-birinə münasibətinə mənfi təsir göstərə bilər. Vahid məktəbli forması isə bu fərqləri aradan qaldıraraq uşaqların özlərini bərabər hiss etməsinə kömək edir. Onlar arasında qısqanclıq, inciklik və bir-birinə söz atmaq üçün səbəblər azalır, dostluq və qardaşlıq münasibətləri möhkəmlənir. Məncə, məktəbli formasının ən mühüm cəhətlərindən biri uşaqların psixoloji rahatlığını qorumasıdır. Əgər bir sinifdə fərqli dini geyim formasından istifadə olunması uşaqlar arasında narahatlıq yaradırsa, həmin geyimdən istifadə edənlərlə etməyənlərin bir-birinə münasibətini soyudursa, buna ehtiyac yoxdur. Məktəbin öz tələbləri var və uşaqlar həmin qaydalara uyğun geyinməlidirlər. Məktəbdən kənarda isə hər kəs öz dini inancını və geyim ənənəsini davam etdirə bilər. Mənim arzum odur ki, bütün uşaqlarımız məktəbdə bir-birinə hörmətlə yanaşaraq, ayrı-seçkilik olmadan, dostluq və qardaşlıq mühitində böyüsünlər”.

 S.Rüstəmxanlı vahid məktəbli formasının dini etiqad azadlığına qarşı yönəldilməsi ilə bağlı yanaşmaları düzgün hesab etmədiyini vurğulayıb. Onun fikrincə, məktəbli geyimi ilə dini inanclar məsələsini bir-birindən ayırmaq lazımdır:

“Azərbaycanda insanlar istədikləri kimi geyinir, dini inanclarını qoruyub saxlayırlar. Amma məktəbdə vahid geyim formasının olması tamam başqa məsələdir. Uşaqlar hələ həyat və təhsil yollarının başlanğıcındadırlar. Onlar özlərini dərk etdikdən, 17 yaşlarına çatdıqdan sonra necə geyinəcəklərinə dair seçim edə bilərlər. Məktəb dövründə isə onların eyni geyim formasından istifadə etməsi, geyim fərqlərinin olmaması və bir-birinə qarşı mehriban davranması vacibdir. Buna görə də məktəbli formasını dinə münasibət və ya insan azadlığına hörmətsizlik kimi yozmağı doğru hesab etmirəm”.

S.Rüstəmxanlı hicab məsələsinin son illərdə siyasi müzakirələrin predmetinə çevrildiyini vurğulayaraq, bu mövzunun məktəblərdə vahid geyim qaydaları ilə əlaqələndirilməsinə etiraz edib:

“Hicab məsələsi son illərdə bir sıra xarici ölkələrin siyasi təsir vasitəsi kimi geniş müzakirə mövzusuna çevrilib. Amma bunun məktəbdə uşaqların vahid formada təhsil almasına nə aidiyyəti var? Bunlar ayrı-ayrı məsələlərdir və onları bir-birinə qarışdırmağa ehtiyac yoxdur. Mən məktəbli qızların hicab taxmasını tələb edən bəzi valideynlərin narazılığını da başa düşə bilmirəm. Həmin valideynlərin bir çoxu öz gənclik illərində belə geyimdən istifadə etməyib. Öz gənclik şəkillərinə baxsalar, bunu görə bilərlər”.