Paşinyan düz deyir, Rusiyanın əvvəlki roluna ehtiyac qalmayıb - ŞƏRH

  • Ermənistan Rusiyanın təsirini zəiflədir, Azərbaycan da münasibətlərə yenidən baxır

Ermənistanla Azərbaycan arasında sülh prosesinin irəliləməsi regionda qüvvələr nisbətinə və Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə də təsir göstərir. Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya ilə münasibətlərin artıq əvvəlki kimi olmayacağını bildirməsi bu baxımdan diqqət çəkir. O, bunu Azərbaycanla münaqişənin başa çatması və sülhün yaranması ilə əlaqələndirib: “Rusiya ilə münasibətlərin kəsilməsi və ya pisləşməsi heç vaxt Ermənistanın məqsədləri sırasında olmayıb, hazırda da deyil və gələcəkdə də olmayacaq:

“Əksinə, biz Rusiya ilə münasibətlərimizi inkişaf etdirmək istəyirik. Sadəcə bir məqamı qeyd etməliyik. Hər şeydən, o cümlədən siyasi rəhbərlikdən asılı olmayaraq, Rusiya ilə münasibətlərimiz əvvəlki kimi ola bilməz. Dəyişən odur ki, əvvəllər Azərbaycanla münaqişə var idi, indi isə sülh mövcuddur”.

Təddiqatçı- jurnalist Asəf Quliyev Sherg.az-a açıqlamasında Paşinyanın dediklərinin həqiqət olduğunu deyib. Onun sözlərinə görə, münaqişənin davam etdiyi dövrdə Rusiya özünü tərəflər arasında arbitr kimi təqdim edirdi:

“Lakin reallıqda Moskva daha çox Ermənistanın maraqlarını müdafiə edir və münaqişənin həllində tərəfsiz vasitəçi rolunu oynaya bilmirdi. Ancaq indi vəziyyət dəyişib. Azərbaycanla Ermənistan arasında münaqişə mərhələsi geridə qaldığı üçün Rusiyanın nə münasibətlərin normallaşdırılmasında vasitəçi kimi çıxış etməsinə, nə də əvvəlki formada Ermənistana dəstək verməsinə ciddi ehtiyac qalıb. Məhz bu baxımdan Paşinyanın mövqeyi reallığa əsaslanır. Onun Rusiya ilə münasibətlərə yenidən baxmaq istəyini də bu kontekstdə qiymətləndirmək lazımdır”.

A. Quliyev hesab edir ki, Azərbaycan da zaman-zaman Rusiya ilə münasibətlərə yenidən baxılması istiqamətində müəyyən addımlar atır:

“Bu proses bəlkə də hər zaman açıq şəkildə nəzərə çarpmır, lakin onun müəyyən əlamətlərini müşahidə etmək mümkündür. Çünki Azərbaycan üçün də Rusiyanın nə formal olaraq üzərinə götürdüyü arbitr rolunun, nə də Ermənistanın mövqeyini əvvəlki qaydada dəstəkləmək imkanlarının əvvəlki əhəmiyyəti qalıb. Digər tərəfdən, Ermənistanın özü də artıq Rusiyanın regiondakı təsir imkanlarını məhdudlaşdıran siyasət yürüdür.

Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərdən və Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasından sonra Moskva ilə Bakı arasındakı münasibətlərdə də yeni mərhələnin əsası qoyulub. Bu, o demək deyil ki, Azərbaycan Rusiya ilə münasibətləri tamamilə başqa istiqamətə yönəltmək niyyətindədir. Lakin əvvəlki geosiyasi reallıqların dəyişməsi, şübhəsiz ki, tərəflərin qarşılıqlı münasibətlərinə yanaşmalarına da təsir göstərir”.

Tədqiqatçı qeyd edib ki, qarşıdakı dövrdə Azərbaycan-Rusiya münasibətlərində bu yeni mərhələnin konturlarını daha aydın şəkildə müşahidə edəcəyik:

“Regionda dəyişən güc balansı, Ermənistanın xarici siyasət kursundakı yeniliklər və münaqişədən sonrakı reallıqlar Moskvanın Cənubi Qafqazdakı rolunun yenidən müəyyənləşməsini zəruri edir. Bu baxımdan həm Ermənistanın, həm də Azərbaycanın Rusiya ilə münasibətlərinə yenidən baxması regional siyasətin məntiqindən irəli gələn bir proses kimi qiymətləndirilə bilər”.