Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı və hərəkatın Sülh Quruculuğu üzrə eksperti Həmidə Qiyasbəyli Ermənistanın paytaxtı Yerevan şəhərinə səfər edib. Beynəlxalq Avropa Hərəkatının təşəbbüsü ilə "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında vətəndaş təşəbbüsünün artırılması” istiqamətində təşkil olunan səfər çərçivəsində Ermənistan Avropa Hərəkatı və bir çox qurumlarla müzakirələr aparılacaq. Görüşlər 19-20 oktyabr tarixlərində baş tutacaq. Səfərdə həmçinin Beynəlxalq Avropa Hərəkatının baş katibi Diogo Pinto və Beynəlxalq Avropa Hərəkatının Siyasi Komitəsinin nümayəndəsi xanim Dr Karol Veaver da iştirak edəcək. Səfər çərçivəsində Avropa İttifaqının təşkilatçılığı ilə konfrans, Ermənistandan olan millət vəkilləri, tanınmış QHT nümayəndələri ilə görüşlər və mətbuat konfransının keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, gənclərin bu səfəri ictimaiyyətdə birmənalı qarşılanmır və buna daha çox Qarabağ Azadlıq Təşkilatı etiraz edib. QAT sədri Akif Nağı deyib ki, onlar vicdanını itirmiş, mənəviyyatını pula satmış insanlardır. Əminəm ki, onlar bu addımı öz iradələrinə, istəklərinə uyğun atmayıb. Təsəvvür edə bilmirəm ki, hansısa normal bir azərbaycanlı könüllü olaraq Ermənistana getsin, orada ermənilərlə söhbət etsin. Bu gənclərin hər biri müəyyən təşkilatlara bağlı olan insanlardır və donor təşkilatlardan müəyyən qrantlar alırlar. Buna görə də, Avropanın tələblərini yerinə yetirməyə məcburdurlar. Yəni aldıqları qrantın borcundan çıxmaq üçün onlar ermənilərlə görüşmək məcburiyyətindədir.
Pul və şöhrət üçün Azərbaycanın milli maraqlarına zidd addımlar atan gənclərin formalaşdığını təəssüflə qeyd edən QAT sədri deyib ki, bu gənclər İrəvana getməklə milli maraqlarımızı ayaqlar altına atıb: "Onların məqsədi heç də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında vətəndaş təşəbbüsünün artırılması deyil, sadəcə aldıqları sifarişi yerinə yetirirlər. Heç olmasa özlərini vasitəçi, sülhməramlı insan kimi təqdim etməsinlər. Çünki Avropadan aldığı sifariş ilə Ermənistana gedən hər bir kəs sifətini, vicdanını və mənəviyyatını itirmiş insandır. Ermənilər istəyirlər ki, Azərbaycanla onlar arasında get-gəl olsun. Onlar hesab edirlər ki, guya müharibənin birinci mərhələsini udublar. İndi qələbəni sübuta yetirmək üçün iki ölkə arasında gediş-gəliş artmalı və intensivləşməlidir. Bu yolla onlar işğal faktını unutdurmağı düşünürlər”. Ermənilərin bu siyasətinə beynəlxalq təşkilatların dəstəyinin olduğunu deyən təşkilat sədri hesab edir ki, bu cür səfərlər xaricdən gələn təşəbbüsdür. Onun fikrincə, gənclərin Ermənistana səfəri Azərbaycana müsbət heç nə vəd etmir: "Bəzi ağzıgöyçəklər, xüsusilə də yalnız cibləri boşalanda Dağlıq Qarabağ münaqişəsini yada salıb, bölgəyə səfər edən həmsədrlər zaman-zaman bəyanat yayır ki, Azərbaycanla Ermənistan arasında xalq diplomatiyası qurulmalıdır. Yəni bu təsdiq edir ki, səfərlərin intensivləşməsi xaricdən gələn bir təşəbbüsdür. Hansı formada olur-olsun bu, ermənilərin mənafeyinə xidmət edir. Ermənistana səfər edən azərbaycanlı getməzdən öncə odlu-alovlu açıqlamalar verir ki, müzakirələrdə erməniləri ifşa edəcəklər. Birincisi, indiyə kimi onların heç birinin bunu etməyə cəsarəti çatmayıb, heç indi də çatmayacaq. İkincisi, lap gedib dedilər ki, siz işğalçısınız. Guya nə dəyişəcək. BMT-nin qətnamələrini heç sayan Ermənistan 2 gəncin sözü ilə Qarabağdan çıxacaq?”