Gəlin korteji qəza törətdi, polis öldü

Hadisə nəticəsində digər sürücü Fikrət İsmayılov isə xəsarət alıb

Gəncədə polis yol qəzasında ölüb. Gəncə Şəhər Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, yol-nəqliyyat hadisəsi oktyabrın 20-də, saat 14:30 radələrində Keçid küçəsində qeydə alınıb. Gəlin korteji ilə Samuxdan Gəncəyə gələn "VAZ 2107" markalı avtomobil "VAZ 2106" markalı avtomobillə toqquşub. Zərbənin gücündən Rəşad Mustafayevin idarə etdiyi 22 BB 585 nömrə nişanlı "VAZ 2106" markalı avtomobil əks tərəfdən gələn 20 CC 547 nömrəli KAMAZ-ın qarşısına düşüb. Gəncə Şəhər Baş Polis İdarəsinin PPX taborunun polisi 34 yaşlı Rəşad Mustafayev Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib. Hadisə nəticəsində digər sürücü Fikrət İsmayılov isə xəsarət alıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda 263.2 maddəsilə cinayət işi açılıb, araşdırma aparılır.