Səudiyyə Ərəbistanından gələn dini kitablar ziyanlıdır

İlahiyyatçı deyib ki, həqiqətən ölkəmizə gətirilən kitablar arasında məzhəblərarası qarşıdurmaya səbəb olanlar var



"Azərbaycanda "Dini etiqad azadlığı haqqında” qanun var. Bu qanuna əsasən, Azərbaycanda nəşr olunan və Azərbaycana gətirilən dini məlumatlar, o cümlədən kitablar rəy alındıqdan sonra yayıla bilər”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri qeyd edib ki, bir sıra nəşrlər və xaricdə çap olunmuş kitablarda məzhəblərarası, təriqətlərarası qarşıdurmanı təşviq edən, buna çağıran fikirlər öz əksini tapıb. "Bu cür kitabların Azərbaycanda nəşri və yayılmasını məqsədəuyğun hesab etmirik. Çünki bu cür kitabların yayılması ölkədə məzhəblərarası qarşıdurmanın təşviqinə və təbliğinə gətirib çıxara bilər”.

Komitə sədri əlavə edib ki, əksər ölkələrdə bu cür kitabların yayılması ilə əlaqədar məhdudiyyətlər var və bu həm beynəlxalq hüquq normalarına, həm də ölkələrin qanunlarına uyğundur: "Xüsusilə ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərdə bunu nəzərə almaq lazımdır. Biz görürük ki, dini radikalizmi təşviq və təbliğ edənlər var, onlara qarşı da mübarizə aparılır. Bizdə bununla bağlı xüsusi qrup var və bu məsələnin üzərində işlənir”.

İlahiyyatçı Atıf İsmayılov "Dini etiqad azadlığı haqqında” qanunun çox əhəmiyyətli olduğunu vurğuladı. Onun sözlərinə görə, həqiqətən də ölkəmizə gətirilən kitablar arasında məzhəblərarası qarşıdurmaya səbəb olanlar var: 

"Biz bir ruhani və dindar kimi Azərbaycanda bəzi nöqteyi-nəzərdən maariflənməyə ehtiyacı olan kitabların çap olunmasını nəzərə almaq istəyirdik. Bir sıra məsələlər var ki, doğrudan da məzhəblərarası təpkilərə səbəb olduğuna görə bu kitablar qadağan olunur. Bu çox gözəl bir təklifdir. Lakin tamamilə xaricdən gələn kitabların qadağan olunmasına gətirib çıxarılmalı deyil. Bugünkü gündə müsəlmanlar arasında sivil şəkildə maariflənmə aparan dini alimlər var ki, kitabları tərcümə edilib çap olunub. Səudiyyə Ərəbistandan gələn kitablarda çox vaxt adət-ənənələrimizə uyğun olmayan fikirlər irəli sürülür. 

Təəssüflər olsun ki, bu gün ölkəmizdə onların maliyyə sektoru güclü olduğuna görə bir qrup insanlar bu məsələyə artıq bağlanıblar və onların ideyalarından istifadə edib ölkəmizdə çaxnaşma aparmaq istəyirlər. Bəzi kitablar var ki, doğrudan da onların Azərbaycana girməsi mümkün deyil. Amma ümumilikdə qanun üzərində işləmək və tətbiq etmək daha yaxşı nəticələr verəcək. Çünki hazırda Azərbaycanımızda milli və ənənəvi dini etiqadlara sahib olan alimlərimiz yoxdur ki, kitab yazıb təqdim etsinlər. Beləliklə, xaricdən gələn kitabların sayı azaldılsın. Bununla bağlı Dini Qurumlar, Qafqaz Müsəlmanları İdarəsi elmi maariflənmə mərkəzi açmalıdır. Bu mərkəzdə yerli alimlərin fikirlərinə əsasən bəzi kitablar tərtib olunsun və xalqın istifadəsinə verilsin”.

Yeganə Bayramova