Nazarbayev yaşlı prezidentdir...

O, istəyir ki, Qazaxıstanda keçid dövrü ağrı-acısız keçsin



Qazaxıstan prezidenti Nursultan Nazarbayev səlahiyyətlərinin bir hissəsini parlamentə və nazirlərə vermək qərarına gəlib. Prezident bu dəyişikliklərlə bağlı ölkə konstitusiyasına düzəlişlər ediləcəyini, düzəlişlərin layihəsinin artıq hazır olduğunu söyləyib. Nazarbayev deyib ki, dəyişikliklər həmçinin, nazirlərə sosial və iqtisadi inkişafı idarə etməkdən ötrü daha çox məsuliyyət və səlahiyyət verilməsini nəzərdə tutur. 

İndiki qanunlara görə, Qazaxıstanın baş nazirini prezident seçir, parlament isə təsdiqləyir. Daha sonra baş nazir özü Nazirlər Kabinetinin üzvlərini müəyyən edir. Konstitusiyaya dəyişikliklər qəbul edilərsə, bundan sonra Qazaxıstanda baş naziri də, digər nazirləri də parlament seçəcək. Üstəlik, parlamentin hökumətə nəzarəti artırılacaq, deputatlar kabinetə etimadsızlıqla bağlı səsvermə keçirmək səlahiyyəti qazanacaqlar. Bu isə qanunverici orqanın idarəedici orqana nəzarətini gücləndirəcək. Prezident əsasən, strateji məsələlərlə, xarici siyasət və milli təhlükəsizlik məsələlərilə məşğul olacaq. Bununla belə, prezidentin həm nazirlərin, həm də parlamentin qərarlarına veto qoymaq hüququ qalacaq. Xatırladaq ki, Qazaxıstan Prezidentinin artıq 76 yaşı var. O, ölkəni 1989-cu ildən, hələ Sovet İttifaqının tərkibində olandan idarə edir.

Nazarbayevin qərarı ilə bağlı "Şərq”ə açıqlama verən politoloq İlqar Vəlizadə deyib ki, Qazaxıstanda gedən prosesləri izləyən şəxslər üçün prezidentin qərarı heç də gözlənilən deyildi

"Keçən ilin mart ayında müşahidəçi qismində Qazaxıstanda oldum. Parlament seçkilərinin yekunlarına dair səsvermədə iştirak edəndən sonra ictimaiyyət qarşısında çıxış edən Nazarbayev dedi ki, "seçdiyimiz parlamentin səlahiyyətləri artırılmalıdır. Mən bunu zəruri sayıram”. Bir müddətdir Qazaxıstanda hakimiyyətin tranziti, yəni keçidi prosesinə start verilib. Nazarbayev yaşlı prezidentdir, xüsusən son illər ərzində siyasətdə varislik haqqında söz-söhbətlər gedir. Əlbəttə, belə proseslər Qazaxıstan kimi ölkədə birmənalı qarşılanmır və asan keçmir. Ona görə də keçid mərhələsini ağrı-acısız başa vurmaq üçün prezident bu cür qərarlar verir. Nazarbayev çalışır ki, idarəetmə proporsional şəkildə hakim dairələr arasında bölünsün. Hadisələrin hansı istiqamətdə gedəcəyini zaman göstərəcək. Amma böyük ehtimalla referendum baş tutacaq və dəyişikliklər qəbul ediləcək”.

İsmayıl