Eşqi təravətli saxlamaq üçün ayda cəmi beş saat kifayətdir

Cütlüklərin gündə 2-20 dəqiqə arası vaxt ayırmaqla, həftə ərzində ümumilikdə beş saat sərf edərək münasibətlərini yeniləyə biləcəyini bilirdinizmi?

Monotonlaşmış münasibətiniz üçün müsbət addımlar atmaq istəyirsinizsə, elmi faktlara əsaslanan tövsiyələri nəzərə ala bilərsiniz. Bir həftə 168 saatdan ibarətdir. Sevdiyiniz insanla xoşbəxt bir anlar üçün ayırmalı olduğunuz vaxt isə cəmi beş saatdır. Sherg.az xəbər verir ki, DBE Davranış Elmləri İnstitutunun mütəxəssis psixoloqu Zeynəb Zat eşqi canlı saxlayan məşqləri oxucular üçün toplayıb.

Evlilikləri durğun və ya pisləşən cütlüklərlə münasibətləri yaxşı gedənləri ayırd etmək üçün aparılan bir araşdırmaya görə, romantik şam yeməkləri və ya bahalı hədiyyələr eşqi yenidən canlandırmır. Gündəlik həyatda partnyoru ilə qısa da olsa birlikdə vaxt keçirənlər daha xoşbəxt olurlar. Araşdırmaya əsasən, həftə ərzində cəmi beş saat davam edən bu fəaliyyətləri rutinə çevirən münasibətlərdə xoşbəxtlik səviyyəsi getdikcə artır.

Hollivud eşq, ehtiras və sevgi anlayışlarımızı xeyli dərəcədə təhrif edib. Humphrey Bogartın gözləri dolmuş Ingrid Bergmanı qucaqlamasını izləmək bizi həyəcanlandırsa da, real həyatda işlər fərqli gedəndə məyus olur və doğru yolu tapa bilmədiyimizi düşünürdük. Halbuki bu gün həm qadınlar, həm də kişilər üçün xoşbəxt münasibətin açarı gündəlik həyatın içində gizlidir.

Cütlüklər münasibətlərindəki problemli məqamları kənara qoyub, onların yerinə sevginin sağaldıcı gücündən yararlana biləcəkləri praktik üsulları tətbiq edə bilərlər.

Problemləri olan münasibətlər üçün eşqi canlı saxlayan məşqlər

Bəyəndiyini ifadə etmək və qiymətləndirmək

Tanışlıq hekayələri soruşulanda bəzi cütlüklərin üzünün işıqlandığını görürük. Qarşılıqlı qəzəb, inciklik, hətta gizli düşmənçilik olsa belə, onların içində hələ də “sevgi və heyranlıq sistemi”nin izləri qalır. Bu, hər iki tərəfin də digərinin sevgisinə və hörmətinə layiq olduğu hissini qoruduğunu göstərir. Təəssüf ki, sevgi və heyranlıq kövrəkdir. Bəzən cütlüklər bir-birinin xarakterini və davranışlarındakı qüsurları tənqid etməyə aludə olurlar. Halbuki hörmətsizliyin antidotu sevgi və heyranlıqdır. Partnyorunuza olan hörmətiniz qəzəb və incikliyi ifadə edərkən xoşagəlməz davranışlardan sizi çəkindirir.

Sevgi və heyranlığı yenidən canlandırmaq çətin deyil. Partnyorunuzla onu niyə sevdiyiniz barədə söhbət etməklə başlaya bilərsiniz. Bir cütlüyün bir-birinə verə biləcəyi ən böyük hədiyyə tanındığını və anlaşıldığını hiss etməkdir. Oyun və əyləncə vasitəsilə bir-birini daha yaxından tanımaq mümkündür. Hər gün partnyorunuza olan səmimi sevgi və dəyərinizi ifadə etməyin bir yolunu tapın.

Vaxt: Gündə 5 dəqiqə × 7 iş günü

Cəmi: 35 dəqiqə

Şəfqət

Uzaqlaşmaq əvəzinə bir-birinə yaxınlaşan cütlüklər emosional “bank hesabına” yatırım edirlər. Çətinliklər artdıqda bu yığım qoruyucu rol oynayır. Gündəlik həyatın gərginliyində partnyorunuza ona dəyər verdiyinizi bildirmək çox önəmlidir. Məsələn, “İşlərin çoxluğundan dostlarımı laqeyd qoymuşam” deyən partnyora “Prioritetlərini düzgün müəyyənləşdirə bilmirsən” demək əvəzinə, “Həftəsonu birlikdə bir plan qurmaq istərdinmi?” demək yaxınlaşmağı seçməkdir. Birlikdə olduğunuz vaxtlarda fiziki və emosional təmasda olun.

Vaxt: Gündə 5 dəqiqə × 7 iş günü

Cəmi: 35 dəqiqə

Ayrılıqlar (günə başlama)

Səhər günə başlamazdan əvvəl həmin gün nələr edəcəyinizi partnyorunuzla paylaşın, onun planlarını da öyrənin. Bu, sorğu-sual və ya hesabat vermək deyil, gün başlamadan əvvəl bir-birinizi məlumatlandırmaq üçündür.

Vaxt: Gündə 2 dəqiqə × 5 iş günü

Cəmi: 10 dəqiqə

Günün sonunda

Cütlüklər çox vaxt bir-birinin emosional ehtiyaclarını pis niyyətlə deyil, düşüncəsizlikdən gözdən qaçırırlar. Gündəlik xırda anların əhəmiyyətini dərk etmək yaxınlaşmanın ilk addımıdır və sevginin davamlılığının göstəricisidir. İşdən sonra yaşanan stressi evə gətirməmək çətin olsa da, günü bitirərkən partnyorunuzla mütləq stresi azaldan bir söhbət edin.

Vaxt: Gündə 20 dəqiqə × 5 iş günü

Cəmi: 1 saat 40 dəqiqə

Həftəlik görüş

Bir-birinə dəstəyin münasibətin gücünə və ehtirasına iki həftəlik tətildən daha çox töhfə verdiyini unutmayın. Yalnız ikinizə aid olan iki saatı söhbətlə keçirmək bağlılığı möhkəmləndirən sakit bir üsuldur.

Vaxt: 2 saat × 1 gün

Cəmi: 2 saat

Ümumi cəm: 5 saat